Lakin onun fəaliyyətinə kölgə salan iki məsələ var
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezidentliyə namizədliyini verə bilər. H.Klinton 2016-cı ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirakını elan edəcək. O, Demokratlar Partiyasının sponsorlarına seçki kampaniyasına erkən başlayacağı ilə bağlı xəbərdarlıq göndərib.
Hillari Klintonun Amerika siyasətinin yetişdirdiyi ən parlaq diplomatlardan, siyasi fiqurlardan olduğunu vurğulayan politoloq Qabil Hüseynli isə hesab edir ki, xanım Klinton dövlət katibi postundan da məhz prezident olmaq üçün gedib: "Hillari Klinton həyat yoldaşı Bill Klinton prezident olduğu dönəmlərdə də kifayət qədər aktiv fiqurlardan olub. Xüsusilə də, o, həyat yoldaşının etdiyi səhvlər qarşısında özünü çox dözümlü apardı. Bu isə Amerika cəmiyyətində pozitiv rezonans doğurdu. Dövlət katibliyi dönəmində də xanım Klinton kifayət qədər ayıq- sayıq siyasət yeridirdi. Ukrayna məsələsində, İŞİD probleminə qarşı da Hillari xanımın mövqeyi pozitiv olub. Hətta deyərdim ki, onun mövqeyi Obamanın sərgiləmiş olduğu münasibətdən daha cəlbedici qəbul edilib”.
Q.Hüseynlinin sözlərinə görə, Hillari Klinton təmsil olunduğu Demokratlar Partiyası tərəfindən də sevilir və yüksək qiymətləndirilir. Həmçinin demokratlar çox yaxşı bilir ki, prezident seçkilərinə xanım Klintonla gedəcəkləri halda uğur qazanacaqlar: "Hillarinin qadın olması və uzun illər siyasətlə məşğul olması və bir sıra böyük problemlərin həllində aktivlik nümayiş etdirməsi fonunda onun seçkilərdə uğur qazanacağına işarədir”. Politoloq deyib ki, Hillari Klintonun fəaliyyətinə kölgə salan yeganə məsələ onun Yaxın Şərqdə baş verənlərə çevik reaksiya verməməsidir. Eyni zamanda bir çox situasiyalarda Rusiya qarşısında zəif münasibət sərgiləməsidir. Bu səbəbdən demokratların ona münasibəti dəyişə bilər. Çünki bu iki məsələ xanım Klintonun xeyrinə işləməyən məqamlardan biridir: "İstənilən halda isə yaxınlaşan prezident seçkilərində Hillari Klintonun respublikaçıların namizədinə çox ciddi rəqib olacağı istisna deyil”.
Şəymən