Jurnalist, xəstə, əfv yazan və yazmayan məhbuslar ayrı- ayrılıqda siyahılar üzrə verilib
Adətən əlamətdar sayılan günlərdə əfv fərmanı imzalanır və bir qrup məhkum azadlığa buraxılır. Bəzi mətbu orqanlarda artıq Novruz bayramı ilə əlaqədar əfv olacağı ilə bağlı məlumatlar dərc olunub. Bir çox hüquq müdafiəçiləri və bəzi millət vəkilləri bu barədə ümidli olduqlarını deyiblər.
O cümlədən də, hüquq müdafiəçisi Səidə Qocamanlı Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacağına dair ümidlidir: "Novruz bayramı münasibətilə Prezidentin əfv sərəncamı imzalayacağını gözləyirik. Çünki hər il mütəmadi olaraq Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanır. İnanırıq ki, bu Novruzda da bir çox ailələri sevindirəcəyik”.
Əfv üçün müraciət edənlərə gəlincə, S.Qocamanlı bildirib ki, bu siyahıda bir çox şəxslərin adları var. Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, əfv siyahısına 3 ay bundan əvvəl işçi qrupunda baxılıb: "Şəxsən mən gözləyirəm ki, nəhayət, bizim siyahımız qapansın və bu məsələyə bir daha qayıtmayaq. Bilirsinizmi, onlara qarşı ağır maddələr irəli sürülüb və bu insanlar Amnistiya Aktına düşməyə bilərlər. Ancaq əfv fərmanı ilə azadlığa çıxa bilərlər. Onların içərisində xəstələr, cəzalarının çox hissəsini çəkənlər var. Elələri var ki, əfv ərizəsini yazıblar. Bunları nəzərə alaraq əfv olmalıdır”. İnsan Haqları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu isə bildirib ki, Əfv Komissiyasına təqdim etmək üçün siyahı tam hazırdır: "Ümid edirik ki, martın 10-15-dək İşçi Qrup tam tərkibdə yığışacaq. Hər şey Avropadan gələn nümayəndədən asılıdır. Biz onun iş rejiminə uyğun hərəkət edirik. Siyahılarımız hazırdır. Jurnalist, xəstə, əfv yazan və yazmayan məhbuslar ayrı-ayrılıqda siyahılar üzrə verilib. Toplantımızda bunlar müzakirə olunacaq. Bundan əlavə, QHT-lərdən olan məhbusların son durumu da müzakirə olunacaq. Gündəlik hazırlayıb göndərmişik. Novruzda əfv olacağına böyük ümidlərimiz var. Fərdi insanların çoxlu sayda bizə müraciətləri var. Biz onların da məsələsini qaldıracağıq”.
Hüquq müdafiəçisi İşçi Qrupunun son üç ayda toplantısının keçirilməməsi məsələsinə də aydınlıq gətirib: "Biz demişdik ki, iki aydan bir toplaşaq. Yanvarda görüşməli idik. Amma iş fasilələrinə görə yığışa bilmədik. Bilirsiniz ki, Avropada yanvarın 15-dən sonra iş başladı. Buna görə avropalı nümayəndə toplantıda iştirak edə bilmirdi. Parlamentdə olanların qış tətili oldu. Ona görə görüşümüz təxirə salındı. Biz bunlardan asılıyıq. Amma biz daim görüşlər keçiririk. Rüstəm Usubov, Faiq Qurbanov, Azay Quliyev və digərləri ilə görüşmüşük. Leyla xanımla bağlı, İntiqam Əliyevin müayinəyə aparılması kimi məsələlər qaldırmışıq. Sadəcə, mətbuata açıqlamalar vermirik. İşimiz daim var”.
Şəymən