İki şadlıq sarayı kirayələndi
İş adamının oğluna 10 gün toy çaldırması meşşanlıqdır
İnsanlar var, qışın soyuğunda isti yemək tapmır. Evini isidə bilmir. Korluq çəkən, uşaqları buz kimi evdə soyuqdan xəstələnən, isti paltara, qidaya həsrət qalanları görəsən niyə düşünən yoxdur? Göyçay rayonunda iş adamının oğluna 10 gün toy çaldırması nağıllarımızı kölgədə qoydu. Bu mənada ki, heç uşaqlar da nağıllarda 7 gün 7 gecə və ya 40 gün 40 gecə toy olmasına inanmırlar. Nağıllarımızdakı uzun ömürlü toylar barədə oxuyanda "40 gün də toy olar?!” deyib şübhə edirik.
Amma bu, bəli, nağıldır. Nağılda hər şey olur. Nağılları da elə bu xüsusiyyətinə görə sevirik. Orada həmişə hər şey yaxşılıqla bitir. Yaxşı adamlar, mərdlər qalib gəlir. Bununla belə toyun 40 gün 40 gecə keçirilməsi yenə də insan təxəyyülünün xaricində qalır. Bəlkə də dastançılar müsbət qəhrəmanın qələbəsinin böyüklüyünü nəzərə çarpdırmaq üçün toyu da "böyüdüblər”. Nağıl qəhrəmanı həm də bir elin, kimsə tərəfindən "torpağı torbayla daşıtdırılmış” ölkənin qəhrəmanına çevrilir, ondan bəlkə. Bütün hallarda nağılın adı, elə nağıldır.
Dərinə varanda isə bir neçə günlük toyların da səbəbsiz olmadığı anlaşılır. Qədim zamanlarda məsafələr daha uzun idi, insanlar bir bölgədən digərinə toya getmək üçün günlərlə vaxt sərf edirdilər. Toy edən adamlar bəlkə də qonaqlarının gəlişini gözləyirdilər və günlərlə o evdə yeməklər hazırlanırdı, ocaq qalanırdı. Yəni, toyların bir neçə gün davam etməsi, var-dövlətin nümayişi deyil, zərurətdən yaranan hal olub. Həm də, lap tutalım, keçmişdə kimsə oğluna-qızına günlərlə toy edibsə, bu, o demək deyil ki, indi də bəziləri günlərlə toy etməlidir. Özü də ilin-günün bu vaxtı. Müasir zamanda kiminsə övladına, ya da özünə günlərlə toy etdirməsi, istənilən halda insanlarda qıcıq yaradır. Nağıllar aləmində yaşamırıq, necə olsa.
Yadınızdadır, "Möhtəşəm yüz il” dizisi yayımlanan vaxtlarda xəbər yayılmışdı ki, bir nəfər öz nəhəng villasında hərəmxana yaradıb. Xanımlar da dizidəki xarakterlər kimi özlərinə adlar seçiblər - Hürrəm Sultan, Mahidövran filan... İnanmamaq olmur. Meşşan təfəkkürlü bəzi insanlarımız varsa, bu da mümkündür.
Necə ki, Göyçayın Bığır kənd sakini oğluna 10 günlük toy çaldırır. Bu barədə bəzi xəbər saytlarında məlumatlar yayılıb. Məlumatda bildirilir ki, 10 günlük toy etdirən adam Rusiyada bizneslə məşğuldur. Biznesmen oğlunun toyuna tanınmış bir neçə müğənnini dəvət edib. Toy məclisinin tamadası (mərhum Yaşar Nuri deyirdi - "tamada, yəni yeməklərin "naçalniki” - red.) isə Pünhan İsmayıllıya həvalə olunub. Toya dəvət edilən müğənnilərə yüksək qonorar vəd edilib. Toya min nəfər gəlib, biznesmen də iki şadlıq sarayını kirayələyib.
Müğənnilərlə, tamada ilə işimiz yoxdur. Onlar qonorara çalışan adamlardı. Müğənninin nə vecinədir, kim neçə gün toy edir. Ona lazım olan puldu, pulunu da verirlər. Sən nələrə qadir deyilsən, ey kağız parçası!..
Günlərlə toy çaldıranlar
İngiltərəli cütlük - Pellinq və Qant 70 gün 70 ölkədə toy etmişdi.
Bu cütlük fərqlilik olsun deyə bütün əşyalarını, qiymətli nələri varsa satıb pula çevirmişdilər və dünya turuna çıxmışdılar. 70 gün ərzində 70 ölkəyə ayaq basan cütlüklər həmin ölkələrin adətlərinə uyğun nikah mərasimi təşkil etmişdilər. Belə hallar dünyada hərdən olur. İnsan təxəyyülü genişdir. Evlilik yoluna qədəm qoyanlar daim nəsə yenilik, fərqlilik etmək arzusunda olurlar.
"Uzun vədəli” toylara sənətçilər, məşhur şəxslər arasında da tez-tez rast gəlinir. Türkiyəli müğənni Can Bonomo 3 gün toy etmişdi. Burcu Kara da sevgilisiylə Belçikanın Bryugge şəhərində 3 gün 3 gecə toy etmişdi. Görünür, ordan-burdan belə xəbərlər eşidən bizim yerli şou-biznes təmsilçiləri də "qonşudan qalma dala” prinsipi ilə hərəkət edib toy günlərinin sayını artırmaq istəyirlər. Varlığa nə darlıq.
Müğənni Rəqsanə deyirdi ki, qızına 4 gün 4 gecə toy edəcək. Sonra Elza Seyidcahan da uzun vədəli toy istəyinə düşdü və elan etdi ki, qızına 3 gün 3 gecə toy edəcək. İmkanları çatır yəqin. Övladına toy etmək imkanı olmayan valideynlərdən deyillər. Sonucu düşünənsə çox az olur.
Azərbaycanlı iş adamı Telman İsmayılov dünya ulduzlarını "Mardan Palace”yə toplayıb başlarına dollar səpələmirdi?! Nağıl kimi idi... Amma sonu nağılvari olmadı. "Mardan Palace” satışa çıxarıldı və alındı. T.İsmayılovun da müflisləşdiyi xəbərləri yayıldı. Göbək atanların ayaqları altına səpələnən pullardan cüzi hissəsi yetimə, kimsəsizə, evsiz-eşiksizə, qışın çovğununda yalın ayaqları donan bir cocuğa verilsəydi, o cocuğun alqışı müflisləşməkdən mütləq qoruyacaqdı. Amma bu insanlar alqış əvəzinə qarğış qazanır. Həm də insanların ikrah baxışları ilə üzləşirlər. Di gəl, vecinə alan varmı ki! İnsanlar var, qışın soyuğunda isti yemək tapmır. Evini isidə bilmir. Korluq çəkən, uşaqları buz kimi evdə soyuqdan xəstələnən, isti paltara, qidaya həsrət qalanları görəsən niyə düşünən yoxdur?
Meşşanlıq son illərdə yayğınlaşıb. Özünü göstərmək, var-dövlətini nümayiş etdirmək, başqalarından fərqlənmək, həm də fərq etməz, yaxşı və ya pis, təki fərqli nəsə olsun. Onlar barədə danışılsın, xəbərləri yayılsın. Buna həm də özündən müştəbehlik deyilir, deyəsən...
"Xoş hal deyil...”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, eyni zamanda Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva "Şərq”ə açıqlamasında mərasimlərlə bağlı qaydaların tətbiqinin tərəfdarı olduğunu dedi:
- Mən hər zaman bu barədə fikrimi bildirmişəm ki, yas və toy mərasimləri ilə bağlı müəyyən qaydaların tətbiqinə ehtiyac var. Mərasimlərin keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoyulmalıdır. Bizim istər yas, istərsə də toy məclislərində israfçılığa yol verilir. Kimsə özünü öymək, var-dövlətini, geniş imkanlarını nümayiş etdirmək məqsədilə israfçılığa yol verirsə, bu, əlbəttə, xoş deyil. Hamı istəyər ki, övladının ən xoş günü gözəl keçsin, övladının ürəyincə olsun, hər bir ata-ananın da övladları ilə bağlı arzuları, istəkləri var. Valideyn əlbəttə, arzularının gerçəkləşməsini, reallaşmasını gözləyir və istəyir. Amma bu, heç bir halda israfçılığa əsas verməməlidir. Valideyn hər bir işi ölçü, hədd daxilində etməklə övladına, yeni ailə quran cütlüyə örnək olmalıdır. Ailə dramlarının yaşanmasının təməli məhz belə həddini aşan mərasimlərdə qoyulur. Bəzi insanlar geniş imkanlarını ehtiyacı olanlara sərf etsələr, daha artıq və əsl xeyir-dua qazanarlar.
Məlahət Rzayeva