“İlhamə xanıma da, Nazpəri xanıma da hörmətim var”
Nizami Cəfərov: “Ancaq onların nə adına, nə şəxsiyyətlərinə, nə qazandıqları hörmətə belə qalmaqalları yaraşdırmıram”
Sənət aləmində, şou-biznesdə biri-birindən umu-küsülülük, inciklik, bəzən soyuq müharibədən də uzun çəkir. Bu gün Azərbaycan səhnəsində olan bir çox tanınmışlar arasında incikliklə yanaşı, hətta biri-birini düşmən gözündə görənlər də var. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bəzən sənətçilərin biri-birindən niyə küsülü olduqlarını, aralarında yaşanan ədavətin səbəbi ya aydın deyil, ya da bu barədə danışmaq qeyri-etik olur.
Düzdür, toylarda, biri-birlərinin xoş günlərində bir araya gələnlər, mehriban tablo yaradanlar da var. Amma aralarında düşmənçilik həddinə çatan gərgin münasibətlər də mövcuddur.
Amma istənilən halda sənətçilər arasında yaşanan xoşagəlməz qalmaqallar, biri-birinin ünvanına ağır ittihamların səslənməsi, hətta bu münasibətlərin məhkəmə salonlarına qədər gedib çıxması heç də xoş qarşılanmır.
İctimaiyyət tərəfindən bəzən belə soyuq münasibətlər tənqidlə qarşılanır.
Amma nə qədər ictimai qınaq olsa da, bəzən sənətçilər arasında yaşananlar o qədər çirkin bir görüntü alır ki, bu onların nüfuzuna, şəxsiyyətə olan dəyərə xələl gətirmiş olur.
Təbii ki, belə məqamlarda hər kəs özünün haqlı olduğunu iddia edir. Hərənin öz həqiqəti də var. Amma bir ortaq məqam isə odur ki, sənət adamları ictimai fiqur olduqlarından onların adlarının məhkəmələrdə hallanması, efirlərdə bir-birini təhqir etmə faktları tanınmışları gözdən salır, ucuz göstərir.
Xüsusilə də qalmaqallarda, məhkəmələrdə dövlət sənətçiləri, fəxri adlara layiq müğənnilərin adları hallananda, bu onları nüfuzdan salır.
Son bir neçə ildə Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında yaşanan soyuq müharibə də həddindən artıq gərginləşməyə başlayıb. Hətta tərəflər arasında düşmənçilik yaşanır.
Hər iki tərəf biri-birini aylardı məhkəməyə verir. Hər dəfə məhkəmənin qətnaməsi bitdikdən sonra biri digərinin ittihamı ilə razılaşmır. Hər məhkəmə prosesi bitdikdən sonra tərəflərdən biri məhkəmənin qərarı ilə razılaşmayıb daha yuxarı instansiyaya müraciət edəsi olur. Beləcə, məsələ böyüdükcə, münasibətlər də daha kəskin və çirkin şəkil alır.
Təbii ki, bundan bəzən 3-cü tərəf də öz məqsədləri üçün istifadə edir. Xəbər aparıb-gətirənlərin zəhməti çox olur, bundan qalmaqallı yazılar yazanların da mövzusu rahat olur.
Bəs görəsən, ziyalılarımız nə düşünürlər? Onlar tanınmışların bu kimi qalmaqallarına necə reaksiya verirlər. Konkret olaraq İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında son illər yaşananlara millət necə yanaşır?
Elə bu sualla Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Nizami Cəfərovdan münasibət öyrənməyə çalışdıq. Bizim üçün də onun bu kimi məsələlərdə münasibəti maraqlı oldu. Nizami Cəfərov tanınmışların adlarının qalmaqallarda hallanmasının arzuolunmaz olduğunu vurğuladı: "Təbii ki, sənət aləmində, tanınmış simaların arasında belə xoşagəlməz insidentlərin yaranması, xüsusilə də bu intriqaların ictimailəşməsi xoş görünmür. Təbii ki, burda şəxsi münasibətlər, sənət rəqabəti özünü göstərir. Amma məsələnin bu qədər ictimai şəkildə təqdim olunmasının tərəfdarı deyiləm. Hər bir insanın şəxsi həyatında incidiyi, salam-əleykünü kəsdiyi kəslər ola bilər. Bunun ictimai şəkildə təqdimatı məni bir ziyalı kimi narahat edir. Tanınmışlar arasında baş verənlərin mətbuata bu qədər təqdim olunması, tərəflərin mətbuata bu qədər çılpaq açıqlama verməsini düzgün hesab etmirəm. Bu qalmaqallar ilk növbədə həmin tanınmışların nüfuzlarına xələl gətirir. Onları gözdən salır. Aralarında olan o soyuqluğu, çəkişməni mətbuata göstərmədən də həll etmək olar məncə. Başa düşürəm, bəziləri üçün bu, piar məqsədi daşıyır. Amma bu qalmaqallar daha böyük sənətçilər arasında başlayanda daha çox qınaq obyektinə çevrilirlər. Bu, onların cəmiyyətdə qazandıqları mövqeyə, nüfuza qətiyyən yaraşmır. Qaldı konkret İlhamə xanım və Nazpəri haqqında. Hər ikisi tanıdığım, hörmət etdiyim sənətkarlardı. Hər ikisinin də sevənləri kifayət qədərdi. Onlar arasında yaşanan bu soyuqluq, bu umu-küsülüyü mən də kənardan müşahidə edirəm. Onların nə adına, nə şəxsiyyətlərinə, nə qazandıqları hörmətə belə qalmaqalları yaraşdırmıram. Onlar dövlətin dəyər verdiyi, fəxri adlara layiq böyük sənətkarlardı. Onların bu kimi ucuz piarlara da ehtiyacları yoxdu. Hər ikisi özünə hörmət edən xanımlardı. Mən onların adına, xanımlığına bu qalmaqalları, məhkəmələri qətiyyən yaraşdırmıram. Bu münasibətlərdə 3-cü tərəflər də öz maraqları üçün istifadə edirlər. Mətbuat da bundan şou yaradır. Bunu gənc ifaçılar etsələr, biz elə də narahat olmarıq. Söhbət bu ölkənin iki nüfuzlu Xalq artistindən gedir. Hər ikisinin imicinə, nüfuzuna xələl gətirir, bu çəkişmə. Hələ ki müdaxilə də etmək istəmirəm. Yenə deyirəm, hər ikisinə hörmətim var. Çünki mən müdaxilə etsəm, bunu ictimai şəkildə deməliyəm. Bunu istəmirəm. Yəqin ki, onlar arasında da nə vaxtsa sular durulacaq, bu soyuq müharibəyə son qoyulacaq. Ən böyük müharibələr belə sonda sülhlə bitib. Ona görə də zamanla onlar arasında da münasibət düzələr yəqin. Amma elə gedir, deyəsən, bu, dünya müharibəsindən daha böyük marağa, mətbuatın diqqətini çəkə bilən münaqişəyə çevrilib. Mən bunu istəmirəm. Aralarında hər nə ədavət varsa, daha dar çərçivədə həll etməyə çalışsınlar. Yenə deyirəm, hər ikisinə hörmətim olduğu üçün mənə elə gəlir ki, bir dost kimi başa düşəcəklər. İstəməzdim mətbuat onlardan bu şəkildə yazsın, onların xırda məsələsi dedi-qodu vasitəsilə ictimailəşsin”.
Tahirə