İmkanlı avtoxuliqanlar daha təhlükəlidir

Onlar burdan cəriməni ödəyir, sabah yenə eyni hərəkəti edir




Avtoxuliqanlara qarşı aparılan tədbirlər onların sayını azaltsa da, qarşısını tam almaq mümkün deyil. Buna baxmayaraq keçən il avtoxuliqanlarla bağlı təyin edilən yüksək cərimələr bu istiqamətdə müsbət nəticə əldə etməyə imkan verir. Lakin ekspertlər avtoxuliqanlıq əməlinə görə cinayət məsuliyyətinin tətbiq edilməsinin tərəfdarıdırlar.

Yol hərəkətinin təşkili üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, düşüncəsində problem olan və faydalı işlərinə görə digərlərindən fərqlənə bilməyən sürücülər belə addımlarla fərqlənmək istəyirlər: "Nəticədə avtoxuliqanlıq halları meydana gəlir. Ailə və cəmiyyət belə məsələlərdə diqqətli olmalıdırlar, nəzarətdə saxlamalıdırlar”.

Ə.Hüseynov buna görə də məsuliyyətə cəlb edilmənin vacibliyini önə çəkir: "Çünki avtoxuliqanların bəziləri kimlərinsə yardımı və himayəsi altında məsuliyyətdən yaxa qurtara bilirlər. Və yaxud məsuliyyət tədbirləri onlar üçün əhəmiyyət kəsb etmir. Məsələn, imkanlı bir şəxsi qayda pozuntusuna görə saxlayıb pul cəriməsi edirlər. Həmin şəxs də o pul cəriməsini ödəyib yenidən eyni hərəkəti edir. Belə olan halda o sürücüləri həbs etmək lazımdır”.

Ekspertin fikrincə, ötən illərlə nisbətdə avtoxuliqanlıq halları azalıb: "Hazırda iki tendensiya üzrə proseslər gedir. Birincisi, sürücülər artır və buna da düz mütənasib olaraq hüquq pozuntularının sayı da arta bilər. Ancaq avtoxuliqanların sayının çox olmadığını nəzərə alsaq, çoxalmanın olmadığını deyə bilərik”.

Xatırladaq ki, avtoxuliqanlıq edənlərə sürücülük hüququndan məhrum edilməsi və yüksək məbləğdə cərimə ilə yanaşı, 2 ay müddətinə həbs cəzasının verilməsi də nəzərdə tutulub.

Vüqar Şahinoğlu