İnam yaranıb: Ermənilərin girovluqda saxladığı azərbaycanlılar azad olunacaq
Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə hazırda erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi tələbini irəli sürməsi həmvətənlərimizin tezliklə sərbəst buraxılacağına inamı artırdı. Görüş barədə KİV-ə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov da cənab Prezidentin bu mövzuda həmsədrlərlə sərt danışdığını bildirib: "Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar”.
Bütün bunlar Prezidentin timsalında Azərbaycan dövlətinin öz insanına düşdüyü hər bir kritik durumda sahib çıxdığını göstərir. Məlumdur ki, tamamilə haqlı olaraq Azərbaycan dövləti qondarma Dağlıq Qarabağ Respublikası ilə - separatçı rejimlə rəsmi səviyyədə hər hansı diplomatik, eləcə də hüquqi əməkdaşlığa malik deyil. "DQR” də görünür, məhz bu amildən sui-istifadə edərək girov saxladığı həmvətənlərimizlə qanunsuz davranışlarını davam etdirir və bu iki şəxslə bağlı saxta məhkəmə prosesi keçirmək və onları ittiham etmək fikrindədir. Belə vəziyyətdə cənab Prezidentin ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında məsələni kəskin qoyması və həmvətənlərimizin sərbəst buraxılmasını təmin etmələrini şərt kimi irəli sürməsi Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz mövqeyini bir daha təsdiqləyir.
Rəyini soruşduğumuz hüquq müdafiəçiləri də Prezidentin Minsk Qrupu həmsədrləri ilə görüşündən sonra Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə girovluqdan azad ediləcəyinə inandıqlarını dedilər:
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında qeyd etdi ki, ermənilər tərəfindən girov saxlanılan iki həmvətənimizin məsələsinin yaxın zamanda həll olunacağını gözləyir:
- Cənab İlham Əliyevin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə bu məsələyə toxunması çox yaxşı oldu. Bizdə artıq belə inam yaranıb ki, bu insanlar qısa zamanda azad ediləcəklər. Onları girovluqda saxlamağa ermənilərin heç bir hüquqi əsası yoxdur. Məhkəmə keçirsələr, onun da heç bir hüquqi qüvvəsi olmayacaq. Çünki "DQR” tanınmamış bir respublikadır. BMT-nin təsdiq etdiyi sərhədlər var və orada Azərbaycan öz Qarabağı ilə eyni sərhəd daxilindədir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanyır, dəstəkləyir. O cümlədən BMT də, Avropa Şurası da, ATƏT də... Hamı bilir ki, Dağlıq Qarabaq Azərbaycanın tərkib hissəsidir. İndi bir qondarma rejim iki azərbaycanlını öz doğma kəndini, doğma el-obasını ziyarət etmək istədiyi üçün necə girov götürə, məhkəmə təşkil edib, onlar barəsində hökm verə bilər? Hansı haqla, hansı hüquqla? "DQR” qondarma, heç bir hüquqi statusu olmayan quruluşdur.
Onların özləri kimi, keçirəcəkləri məhkəmə prosesi də qondarmadır və heç bir hüquqi qüvvəsi yoxdur.
N.Cəfəroğlu bildirdi ki, insan hüquqları təşkilatı olaraq iştirak etdikləri beynəlxalq tədbirlərdə bu məsələni qaldırırlar:
- Hüquq müdafiəçiləri bu məsələ ilə ciddi məşğuldurlar. Bütün hesabatlarımızda da bu barədə qeyd edirik.
Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov da girovların tezliklə azad ediləcəyinə inanır:
- Qarabağ Azərbaycan torpağıdır. İndi erməni separatçıları tərəfindən girov saxlanılan bu iki insan da öz torpağına səfər ediblər, valideynlərinin məzarlarını ziyarət etmək istəyiblər. Burada heç bir hüquqazidd əməl yoxdur. Hüquq pozuntusu da ola bilməz. Hüquq pozuntusu tanınmayan bir respublikada, separatçı rejimin bu iki şəxslə bağlı məhkəmə prosesi düzənləməsidir. O insanların girov götürülməsi də, onlarla bağlı məhkəmə prosesi keçirilməsi də beynəlxalq hüquqa və bütün insan haqlarına ziddir. Azərbaycan dövləti bu iki həmvətənimizin girovluqdan azad edilməsinə çalışır və cənab Prezidentin də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında bu məsələni kəskin şəkildə qoyması da bunu təsdiq edir. BMT İnsan Hüquqları Komitəsi ilə, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də bu yöndə mütəmadi iş aparır.
Azərbaycan beynəlxalq təşkilatlardan, sadəcə beynəlxalq hüquqa hörmət etmələrini istəyir. Ermənistan tərəfi isə bütün beynəlxalq hüquqa saymazlıq nümayiş etdirir.
Biz BMT-nin İşgəncələrə Qarşı Komitəsi, Avropa Şurasının İşgəncələr və qeyri-insani davranışa qarşı Komitəsi, həmçinin mərkəzi ofisi Cenevrədə yerləşən İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı ilə də əlaqə saxlayırıq və göndərdiyimiz hesabatlara da Dilqəm Əsgərov və Şahbaz Quliyevin adını daxil etmişik. Onların öz doğma Vətənlərində girov götürüldüyünü, işgəncələrə məruz qaldıqlarını, Həsən Həsənovunsa işgəncə verilərək öldürüldüyünü qeyd etmişik. Yəni, beynəlxalq səviyyədə bu iş aparılır. Qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. Amma onu da bilirsiniz ki, bəzi ölkələr hələ də erməni lobbisinin təsirindən çıxa bilməyib. Ona görə də indiki situasiyada Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin şəxsi nüfuzu böyük əhəmiyyətə malikdir. Mən inanıram ki, cənab Prezident ATƏT həmsədrləri qarşısında bu məsələni ciddi şəkildə qaldırıbsa, deməli, biz məsələnin müsbət həllinə nail olacağıq.
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə "Şərq”ə açıqlamasında Azərbaycan dövlətinin bütün vətəndaşlarına sahib çıxdığını söylədi:
- Azərbaycan ictimaiyyəti görür ki, istər Ramil Səfərov, Mübariz İbrahimov, istərsə də girovluqda öldürülən Həsən Həsənov və indi də Dilqəm Əsgərov və Şahbaz Quliyevin timsalında öz vətəndaşlarına sahib çıxır. Yəni, Azərbaycan dövləti və onun Prezidenti üçün istər öldürülmüş vətəndaşımız olsun, istərsə də, sağ olanı, hamısı dəyərlidir. Bunu biz cənab Prezidentin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşündə iki girov həmvətənimizin azad edilməsi tələbi ilə çıxışı zamanı da gördük. Məlumdur ki, Ermənistan beynəlxalq hüququ tanımır. Beynəlxalq təşkilatların israrına baxmayaraq qanunsuz əməllərini davam etdirirlər. Ola bilər "DQR”də bu iki həmvətənimizin məhkəməsini keçirsinlər, sonra isə guya ki, beynəlxalq təşkilatların xahişini nəzərə alıb onları azad etsinlər. Bilirsiz, bununla Ermənistan da, separatçı "DQR” də guya ki, öz müstəqilliyini, qeyri-asılılığını nümayiş etdirmək, özünü tanıtdırmaq istəyir. Bəzi Avropa ölkələrində dəstək də axtarırlar. Bu günlərdə Avropa Parlamentində "Qarabağla dostluq qrupu”nun yaradılması da həmin cəhdlərdən biridir. Amma Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Və beynəlxalq hüquq bunu təsdiq edir. Azərbaycan ərazisində də Azərbaycan qanunları hüquqi qüvvəyə malikdir. Ermənilər Dilqəm Əsgərova da, Şahbaz Quliyevə də istənilən ittihamı irəli sürə bilərlər. Ancaq nə qədər ki, beynəlxalq aləm, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, belə qondarma ittihamlarla, məhkəmələrlə Ermənistan heç nəyə nail olmayacaq. Azərbaycan dövləti girovların azad edilməsi üçün maksimum çalışır. Həm ən yüksək - Prezident səviyyəsində də, həm də rəsmi qurumlar, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi səviyyəsində. Biz də ictimaiyyət olaraq sakit dayanmamalıyıq və girovlar sərbəst buraxılanadək mübarizəmizi aparmalıyıq. Mən inanıram ki, onlar sağ-salamatdırlar və azad ediləcəklər.
Məlahət Rzayeva