“İndi Rusiyada göz önündə olan adamların hamısı izlənir”

Fərhad Mehdiyev: “Nemtsovun ölümü Kremli qarışdırmaq potensialına sahibdir”Ancaq bu qətl hadisəsi Putini devirməyə kifayət etməyəcək
"Çünki Qərb Rusiyada hakimiyyət dəyişikliyi istəyirsə, onda niyə Putinə ən güclü alternativ olan Nemtsovu öldürsün ki? Əksinə, Putini devirmək istəyənlər onun rəqibinin həyatda qalmasında daha çox maraqlı olmalı idilər”
Rusiyanın tanınmış müxalifət liderlərindən biri olan Boris Nemtsovun Kremlin qarşısında qətlə yetirilməsi tək ölkədə deyil, bütün dünyada ajiotaja səbəb olub. Qətlin hakimiyyətlə əlaqəli olduğunu iddia edən Qərb mediası, bunun siyasi sifariş olduğunu bildirib. Müxalifət də ölümdə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Rusiya rəsmi dairələri isə hadisənin hakimiyyətə qarşı təxribat olduğunu deyərək Moskva ilə qarşıdurma vəziyyətində olan Qərbi ittiham ediblər. Qatillərin tapılmaması və olayla bağlı müxtəlif iddiaların gündəmə gəlməsi rus ictimaiyyətini də küçələrə töküb. Xatırladaq ki, Boris Nemtsov Putinin xarici siyasət kursunu sərt şəkildə tənqid edənlərdən idi.
O, dəfələrlə mətbuatda və keçirilən mitinqlərdə Kreml rəhbərini açıq-aşkar ifşa edib. Eyni zamanda Rusiyanın Ukraynada apardığı müharibəni və Krımın ilhaqını kəskin şəkildə pisləyib. Nemtsovun ölümü Rusiyada siyasi qətllər mövzusunu yenidən gündəmə gətirib və bundan əvvəl öldürülən müxalifləri xatırladıb. Bütün bu hadisələrin fonunda qətldən sonra Rusiya daxilində baş verə biləcək proseslər hər kəsin diqqət mərkəzindədir. Nemtsovun ölümünü və bundan sonrakı Rusiyanı şərh edən "Qafqaz” Universitetinin professoru, politoloq Fərhad Mehdiyev qətlin pərdəarxasını müəyyən etməyin çətin olduğunu desə də, hadisənin Rusiyada ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyini bildirib.
- Nemtsovun ölümündən sonra müxtəlif iddialar gündəmə gəlib. Sizcə, qətlin sifarişçisi kimdir? Məsələn, Qərbin ittiham olunması nə dərəcədə realdır?
- Qətlin arxasında Qərbin ola biləcəyini istisna etmirik. Amma birbaşa "onlar öldürüb” demək də doğru yanaşma deyil. Çünki Qərb Rusiyada hakimiyyət dəyişikliyi istəyirsə, onda niyə Putinə ən güclü alternativ olan Nemtsovu öldürsün ki? Əksinə, Putini devirmək istəyənlər onun rəqibinin həyatda qalmasında daha çox maraqlı olmalı idilər. Məlumdur ki, Rusiyanın xüsusi xidmət orqanları göz önündəki bütün şəxsləri izləyir. Nemtsovun kəşfiyyat tərəfindən izlənildiyi də şübhəsiz idi. Düzdü, xüsusi xidmət orqanları hər hansı bir insanı aradan götürmək istəyirlərsə, bunun qarşısını almaq asan olmur. Amma hər halda Nemtsovun qətl şəkli göstərir ki, bu hadisə Rusiya hakimiyyətinin nəzarəti altında olub. Ancaq yenə də qəti söz demək mümkün deyil. Çünki xarici hadisələri kənardan proqnozlaşdırmaq çətindir. Fikrimcə, hər iki ehtimal üzərində işləmək lazımdır.
- Qətldə Qərbin əli olmasa belə, hər halda Nemtsovun ölümü Rusiya ilə qarşıdurma vəziyyətində olan ABŞ və Avropa ölkələrinin xeyrinədir. Sizcə, müxalifət liderinin aradan götürülməsi Qərbə nə qazandıracaq?
- Nemtsovun ölümü Rusiyadakı siyasi-ictimai vəziyyəti qarışdırmaq potensialına sahibdir. Amma qətl hadisəsi təkbaşına Putini devirməyə kifayət etməyəcək. Ölkədəki iqtisadi vəziyyət daha da pisləşməlidir. Hələlik Rusiyada iqtisadi böhran özünün pik həddinə çatmayıb. İnsanların üsyan edəcəyi dözülməz vəziyyət gəlib çatmayıb. Əgər vurğuladığım həmin məqam gəlib çatsaydı və Nemtsov o zaman öldürülsəydi, bütün bu proseslər Kreml rəhbərinin sonunu gətirərdi.
- Nemtsovun ölümündən sonra digər müxalifət liderləri də həyatlarını təhlükədə hiss edirlər. Qətllərin davam edəcəyini gözləmək olarmı?
- Güclü dövlət konsepsiyasının işləmədiyi dövlətlərdə müxaliflərin fiziki yolla aradan qaldırılması ən "uğurlu” variant hesab olunur. Putin hökumətinin də bu cür taktikası var. Xatırlayırsızsa, rus kəşfiyyatı çeçenlərin liderini Türkiyədə, digər müxalifətçini isə Ərəbistanda öldürdü. İki il əvvəl tanınmış müxalifətçi Boris Berezovski də zəhərlənərək qətlə yetirildi. İndi də Sobçak təhdidlər aldığını deyir. Əvvəlcə baş verən ölümlər bu hadisələrin yenidən ola biləcəyini istisna etmir. Özü də sui-qəsdlər daha çox Şərq və islam ölkələrində həyata keçirilir. Çünki belə qətlləri Avropa ölkələrində reallaşdırmaq çətindir.
- Müxalifləri "zərərsizləşdirməyin” ölümdən başqa yolu yoxdur?
- Rusiyada iqtisadi vəziyyət getdikcə gərginləşir. İnsanların küçələrə tökülməsi üçün səbəblər artır. Belə vəziyyətdə xalqın başına keçəcək hər hansı nüfuzlu lider proseslərdən hakimiyyətə gəlmək məqsədi kimi istifadə edə bilər. Yəni Putinin müxalifləri qətl etməsi üçün əlində kifayət qədər "güclü amillər” var. Əgər ölkədən göndərmək mümkündürsə, Putin bunu edir, yox əgər mümkün deyilsə, o zaman öldürür. Düzdür, Putin Nemtsovu Kiyevdə də öldürə bilərdi. Çünki onun Kiyevdə qətl edilməsi şübhələri başqa istiqamətə çəkərdi. Bəlkə də Putin istəyib ki, Nemtsovu Kiyevdə öldürsün, sadəcə olaraq alınmayıb. Ona görə də Rusiyada öldürməyə məcbur olub. Təbii ki, bunlar versiyadır.
- Krımın işğalı, Ukrayna ilə müharibə, ümumiyyətlə, Qərblə münaqişə Putinin ölkədəki reytinqini aşağı sala bilmədi, hətta yuxarı qaldırdı. Amma Nemtsovun qətli onu dəstəkləməyən rusları belə Putinə qarşı çevirdi. Bu, Kreml rəhbəri üçün ciddi təhlükə hesab olunurmu?
- Əlbəttə, reytinq lider siyasətçi üçün önəmli amildir. Putinin reytinqinin aşağı düşməsi onun üçün neqativ haldır. Çünki bu, insanların küçəyə tökülməsini sürətləndirəcək. Rusiya böyük dövlətdir. Əslində belə baxanda kimisə hakimiyyətdən uzaqlaşdırmaq üçün 100 min nəfərin meydana çıxması bəs edir. Balaca dövlətlərdə yüz min adam tapmaq çətindir. Amma Rusiya kimi nəhəng dövlətdə bu qədər etirazçını küçələrə tökmək çox asandır. Bu mənada xalqın Putini istəməməsi və meydana axışması Kremlin işğalına qədər aparıb çıxara bilər.
Həmçinin nəzərə almaq lazımdır ki, rusların silahlanması və təşkilatlanması başqa millətlərə nisbətən daha asandır. Ona görə də rusların hökumətə baş qaldırma imkanları çoxdur.
İsmayıl