“İndiki dövlətimiz, paytaxtımız onların xidmətidir”

Fəzail İbrahimli: “Yeddi arxa dönəmimiz AXC üçün çalışmış olsaydı, yenə də “işlər tamamlandı” deyə bilmərik”

"Orta məktəb uşaqları Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xeyli məlumatlar əldə etməlidir, onlara Cümhuriyyət dərsi keçilməlidir”
Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Xüsusən, yeni nəsil Azərbaycanda müstəqil dövlətçilik tarixini, millətçilik ruhunu öyrənməli, bu ruh onların qanına, canına hopmalıdır. Nəzərə alaq ki, tarix sadəcə imtahan vermək üçün öyrənilən bir fənn deyil. Tarix hər bir fərdin özünüdərki, milli kimliyini və mənsubiyyətini öyrənmək üçün ən mühüm vasitədir. Bu baxımdan müsəlman Şərqində ilk demokratik Cümhuriyyət quranların həyat və fəaliyyətini, onların yaratdığı milli ideologiyanı insanlara mənimsətmək böyük əhəmiyyət kəsb edir.
Elə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyi ilə bağlı verdiyi Sərəncam, ardınca 2018-ci ili "Cümhuriyyət ili” elan etməsi də məhz bu amilə xidmət edir. Bəs, müvafiq dövlət qurumları, tarix institutları, ictimai təşkilatlar və digər orqanlar bu istiqamətdə ciddi çalışırlarmı, ötən müddət ərzində görülən işləri qənaətbəxş hesab etmək mümkündürmü? Əslində, bununla bağlı da cəmiyyətdə birmənalı fikir yoxdur. Bəziləri sərəncamlar fonunda atılan addımları yüksək dəyərləndirsələr də, digərləri daha ciddi tədbirlərə ehtiyac olduğunu deyirlər. 
Cümhuriyyətin yubiley hazırlığı ilə bağlı "Şərq”in budəfəki müsahibi millət vəkili, tarixçi-alim Fəzail İbrahimlidir...
- Fəzail müəllim, Prezidentin müvafiq sərəncamlarından sonra AXC-nin yubileyi ilə bağlı görülən işləri necə dəyərləndirirsiz, ötən müddət ərzində kifayət qədər iş görülübmü?
- İndiyə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xeyli kitab yazılıb, araşdırmalar aparılıb. Görkəmli siyasi xadim, diplomat Əlimərdan bəy Topçubaşovun Fransadakı məzarı qaydaya salınıb. Yəni müəyyən işlər görülüb. Amma ömrümüzün axırına qədər nə qədər çox iş görsək də, hələ kifayət qədər iş gördük deyə bilmərik. Çünki müasir Azərbaycan Respublikası Cümhuriyyətin varisidir. Hazırkı dövlətimiz və paytaxtımız onların xidmətidir. Azərbaycan xəritədən silinmək üzrəydi, bölünürdü, parçalanırdı, kiçik bir vilayət formasına düşürdü. Belə məqamda Cümhuriyyət quranlar öz həyatlarını millətin yolunda sərf etdilər, şəhid oldular. Taleləri uğursuz sonluqla bitsə də, hər şeylərini millətin uğrunda qurban verdilər. Övladlarını, ailələrini, varlıqlarını düşünmədən dövlət və xalq yolunda fəda etdilər. İndi bu qədər mühüm işlər görən şəxslərlə bağlı kifayət qədər iş gördük demək mümkündürmü? Əlbəttə ki, yox. Bizdən yeddi arxa dönəmimiz də AXC üçün çalışmış olsaydı, yenə də "işlər tamamlandı” deyə bilmərik. Görüləcək işlər bizdən nəsilbənəsil gələcəyə də ötürüləcək, davam edəcək. Şübhəsiz ki, verilən sərəncamlar dövlət başçısı kimi Prezidentin səlahiyyətlərinə aid məsələdir. Amma bir vətəndaş kimi həm də cümhuriyyətçilərin ruhuna və dövlətçiliyə hörmətdir, tariximizə diqqətdir. Sərəncamlar eyni zamanda gənc nəslin tarixin həmin səhifəsinə diqqəti yönəltməkdir. Ən əsası isə Cümhuriyyətə qarşı olan rəğbətin təzahürüdür. Çox güman ki, silsilə tədbirlər ilin sonunadək davam edəcək və 2018-ci il əsl "Cümhuriyyət ili” olacaq.
- Belə fikirlər səslənir ki, AXC-nin yubiley tədbirləri ilə ancaq tarixçilər məşğul olmalı, siyasi partiyalar, QHT-lər və s. təşkilatlar prosesə müdaxilə etməməlidir. Bu yanaşmaya münasibətiniz necədir?
- Azərbaycan Xalq Cümhuriyyəti hansısa bir ixtisaslaşdırılmış sahəyə xidmət etməyib ki, bu işlə ancaq tarixçilər məşğul olsun. Tarixçilər həmin dövrü tarixi cəhətdən tədqiq edib, araşdırdığı kimi, təbliğatçılar da AXC-nin təbliğatı ilə məşğul olurlar. Hökumət qurumları, media və ictimai təşkilatlar da sərəncamlara uyğun olaraq mühüm işlər görürlər. Ümumiyyətlə, bu prosesdə ağlı kəsən hər kəsin iştirakı vacibdir. Bilirsiz, silsilə tədbirlər deyiləndə bütün xalqın prosesdə səfərbər olması nəzərdə tutulur. Sadəcə olaraq hər peşə sahibləri öz sahələri üzrə fəaliyyət göstərməlidir.
- Yubileylə bağlı müxtəlif təkliflər səsləndirilir. Sizcə, bu istiqamətdə hansı işlərə ehtiyac var?
- Orta məktəb uşaqları Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xeyli məlumatlar əldə etməlidir, onlara Cümhuriyyət dərsi keçilməlidir. Sentyabrın 15-də başlayan ilk dərs günü məhz AXC-yə həsr olunmalıdır. Cümhuriyyət qurucularının adları müəyyən yerlərə verilməlidir. Respublikanın bir çox yerlərində abidələr qoyula bilər. Məsələn, görkəmli dövlət xadimi Fətəli xan Xoyski Azərbaycanın ilk baş naziri olub. Ona Gəncədə heykəl qoyulması yaxşı olar. Həmçinin, "Cümhuriyyət bağı” salına bilər. İndi bu məsələ gündəmdədir. Yəni bir çox tədbirlər reallaşdırıla bilər.
- Xarici ölkələrdəki Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi də gündəmdədir. Amma bununla bağlı da birmənalı fikir yoxdur, dəstək verənlər də var, qarşı çıxanlar da. Bəs sizin düşüncəniz nədir?
- Bizim məqsədimiz Cümhuriyyət qurucularına hörmət və ehtiram göstərməkdir. Dövlət rəhbərliyinin sərəncamlarına əsasən görkəmli şəxslərin adları əbədiləşdirilir. Şəxsən mən hesab edirəm ki, onların məzarlarının ölkəmizə gətirilməsinə ehtiyac yoxdur. Onsuz da bir dəfə öz yerlərindən, isti ocaqlarından didərgin düşüblər, dağılıb-tökülüblər. Yenidən onları tərpətməyin kimə faydası olacaq? Məzarların bura gəlməsi bizə nə qazandıracaq? Onların hamısını Bakıda dəfn etsək, gələcək nəsil Cümhuriyyəti quranların hansı ölkədə necə yaşadıqlarını və harada dünyasını dəyişdiklərini ancaq internetdən və kitablardan oxumaqla biləcək. Amma Ə.Topçubaşovun məzarının Fransada, yaxud F.Xoyskinin qəbrinin Tbilisidə qalması bütün gələcək nəsillərə əyani göstərəcək ki, həmin kişilər Vətən yolunda mühacir həyatı yaşayıblar və ölkəmizdən uzaqlarda rəhmətə gediblər. Bu baxımdan düşünürəm ki, onların nəşinə toxunmaq olmaz. Əlbəttə, bu mənim şəxsi düşüncəmdir. Çoxları fikrimi qüsurlu baxış kimi dəyərləndirə bilərlər, lakin mən məzar köçürməsini onların ruhuna və nəşinə hörmətsizlik kimi qəbul edirəm.
- Türkiyə ilə Azərbaycanın AXC ilə bağlı ortaq çalışması istiqamətində müəyyən addımlar atılmaqdadır. Qafqaz İslam Ordusunun Bakını azad etməsi və s. məsələlərlə bağlı iki qardaş ölkə ciddi işlər görə bilərmi?
- Niyə də görməsinlər? Xatırladım ki, Cümhuriyyət Tbilisidə elan edilmişdi və 18 gündən sonra Gəncəyə köçmüşdü. Ancaq dövlətin ordusu, gücü və paytaxtı yox idi. Bakı "xalq komissarları soveti”nin əlindəydi. Bu orqan Moskvadan idarə olunur və onlara silah-sursat başda olmaqla hər cür yardım edilirdi. Məqsəd Gəncəyə hücum edərək Cümhuriyyəti elə beşiyindəcə boğmaq idi. Əgər Qafqaz İslam Ordusu, daha doğrusu, 8 minlik türk qoşunu Azərbaycana gəlməsəydi, ölkəni, xüsusən Bakını işğaldan azad etməsəydi, AXC tarixdə yalnız Cümhuriyyətin elan edilməsi ilə yadda qalacaqdı. Türk ordusu Gəncəyə gələrək azərbaycanlılarla birləşdi və Vətənimizi düşməndən təmizlədi. Almaniya kimi bir çox Qərb ölkələrinin buna qarşı çıxmasına baxmayaraq, Osmanlının ozamankı rəhbərliyinin iradəsi hesabına hərbi əməliyyatlar uğurla həyata keçirildi. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında Cümhuriyyət dövrü ilə bağlı xeyli iş görmək mümkündür. Çünki həmin tarix türk qardaşlarımızla şərikli yazılıb. Bizə azadlıq nemətini daddıran məhz Türkiyə ilə ortaq fəaliyyətimiz olub.
- Bu il Gürcüstan və Ermənistan da "respublika günlərini” qeyd edəcəklər. Bunu nəzərə alanlar "Cümhuriyyət yarışı”nda onlardan geri qalmamağı tövsiyyə edirlər. Siz bu məqamı önəmli sayırsızmı?
- Onların hansı işlə məşğul olması bizi maraqlandırmamalıdır. Nəyinsə xətrinə nəyisə etməməliyik. Cümhuriyyətlə bağlı tədbirlər qəlbimizdən, ruhumuzdan gəlməlidir. Cümhuriyyətçilərə layiq davranışlar sərgiləməliyik. "Dəstədən geridə qalmamaq” üçün hərəkət etmək uğursuz düşüncədir. Dövlətimizin öz siyasəti var. Sərəncamlardan irəli gələn bütün vəzifələr layiqli icra olunmalıdır, icraçılar isə bütövlükdə Azərbaycan xalqı olmalıdır.
İsmayıl