Elçin Mirzəbəyli: “İnformasiya təhlükəsizliyi sahəsində mövcud olan boşluqların aradan qaldırılması ilə bağlı Mətbuat Şurası da öz təkliflərini hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib”
İnformasiya təhlükəsizliyi...
Müşfiq Ələsgərli: “Azərbaycanda ayrıca olaraq informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasına ehtiyac duyulur”
Elçin Mirzəbəyli: “İnformasiya təhlükəsizliyi sahəsində mövcud olan boşluqların aradan qaldırılması ilə bağlı Mətbuat Şurası da öz təkliflərini hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib”
Elçin Mirzəbəyli: “İnformasiya təhlükəsizliyi sahəsində mövcud olan boşluqların aradan qaldırılması ilə bağlı Mətbuat Şurası da öz təkliflərini hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib”
Ələsgər Məmmədli: "Öz mütəxəssislərimiz, öz texnologiyalarımız olmalıdır”
Cəmiyyət informasiyalaşdıqca, insanlar informasiyadan daha artıq dərəcədə asılı vəziyyətə düşürlər. İnformasiya təhlükəsizliyinin təmin olunmaması isə cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Ölkədəki siyasi, hərbi, fövqəladə və s. vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər. Cəmiyyətin təhlükəsizliyinin əsas komponentlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri informasiyanın konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontentlərlə mübarizədir.
(Əvvəli ötən sayımızda)
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli informasiya təhlükəsizliyinə iki aspektdən yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, informasiya təhlükəsizliyinin təminatı məsələsinə texnoloji aspektdən yanaşsaq, bu sahədə çox ciddi problemlərimiz var: "Tez-tez informasiya portalları kiber hücumlara məruz qalır ki, bunların qarşısını almaq üçün yeni-yeni metodlar tətbiq edilməlidir. Doğrudur, bu istiqamətdə artıq ciddi işlər görülməyə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Mühafizə İdarəsinin tərkibində informasiya təhlükəsizliyi agentliyinin yaranması və s. kimi tədbirlər göstərir ki, struktur və informasiyanın texnoloji təhlükəsizliyi ilə bağlı vəziyyət nəzarətdədir”.
M.Ələsgərli bildirib ki, informasiya təhlükəsizliyinin bir aspekti də informasiyanın özünün mahiyyətinin təhlükəsizliyidir: "Ölkəmizə qarşı yönələn təxribat yönümlü informasiyaların yayılması cəmiyyət üçün müəyyən problemlər yaradır ki, bu sahədə xeyli işlər görülür. İnformasiyanın özünün mahiyyət etibarı ilə yaratdığı təhlükələrlə bağlı bizim qanunvericiliyimizdə kifayət qədər müddəalar var ki, onlar tətbiq olunsa, informasiya təhlükəsizliyi sahəsində heç bir problem yaşanmaz.
Təkcə bu il ərzində Azərbaycan-Ermənistan cəbhə bölgəsində ermənilər tərəfindən atəşkəsin pozulması zamanı bir çox düzgün olmayan, yanlış informasiyaların mediada yer aldığının şahidi olduq. Bu da onu göstərdi ki, informasiya təhlükəsizliyində müəyyən problemlər mövcuddur. Məlum oldu ki, Azərbaycan media mənsubları müəyyən mərhələlərdə hətta düşmən mövqeyinə xidmət edən informasiyalar da yayırlar. Bu məsələ geniş müzakirə olunaraq, boşluqların nədən qaynaqlandığına ciddi şəkildə diqqət yetirildi. Həmin ərəfədə dövlət təhlükəsizliyinin, eləcə də media təhlükəsizliyinin daha çox internet mediasında pozulduğu aydın göründü. Qəzetlərdə, televiziyada müəyyən problemlər danılmazdır, amma pik həddə deyil”.
Müşfiq Ələsgərli həmçinin bildirib ki, bu məsələlərin həll olunması üçün ölkə başçısı bir sıra sənədlər imzalayıb ki, bunun da mövcud problemlərin aradan qaldırılacağına öz töhfəsini verəcəyinə inanırıq. "Ənənəvi mediada problemlərin aradan qaldırılması və yaxud dövlət təhlükəsizliyinin gündəmdə saxlanılması üçün kifayət qədər addımlar atılır. Bəzən müxalifət mediasında bu kimi problemlər daha qabarıq göstərilir. Onlar ölkəiçi siyasi prosesləri, hakimiyyət-müxalifət münasibətlərini dövlətə qarşı münasibətə çevirirlər. Bu, əslində təhlükəsizliklə bağlı problemlər sırasındadır. Yaxşı olardı ki, onlar da bu məsələlərə xüsusi diqqət göstərsinlər. Əminik ki, bütün yanlışlıqların qarşısı zamanında alınacaq, problemlər öz həllini tapacaq”.
JuHİ sədrinin sözlərinə görə, ötən il informasiya təhlükəsizliyi xüsusi aktuallıq kəsb etdiyi zaman belə bir ictimai sifariş səsləndi ki, Azərbaycanda informasiya təhlükəsizliyi konsepsiyasının qəbul olunmasına bir zərurət var: "Sonradan isə Milli təhlükəsizlik konsepsiyasının tərkibində informasiya təhlükəsizliyi ilə bağlı müəyyən müddəalar olduğu qeyd olundu. Amma elə bir dövrə gəlib çatmışıq ki, informasiya çox mühüm aktuallıq kəsb edir və dünyada ictimai proseslərin idarə olunmasında informasiya təhlükəsizliyi xüsusi aktuallıq kəsb etdiyindən Azərbaycanda ayrıca olaraq informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanmasına ehtiyac duyulur. Bu konsepsiyada həm informasiyanın texnoloji təhlükəsizliyi baxımından, həm də mahiyyət etibarı ilə informasiyanın özünün təhlükəsizliyinin təmin olunması üçün xüsusi müddəalar qeyd olunmalıdır. Hesab edirəm ki, informasiya haqqında qanunların təkmilləşdirilməsi və digər addımların atılması sonda Azərbaycanda informasiya təhlükəsizliyi konsepsiyasının qəbulu ilə nəticələnəcək və bütün müddəalar yerli-yerində əks olunacaq. Davamında isə həmin qanuna əməl olunmasına dair sərt tədbirlər həyata keçiriləcəkdir”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, ötən ilin sentyabrında Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam Azərbaycan dövlətinin bütün istiqamətlərdə təhlükəsizliyinin təmin edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutub: "İstər akademik Ramiz Mehdiyevin yanında KİV rəhbərləri ilə keçirilən görüşdən, istərsə də Prezidentin sərəncamından sonra peşəkar media qurumlarının redaksiyalarında geniş müzakirələr aparılıb, yaranmış vəziyyət təhlil olunub. Bunun nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud olan boşluqların aradan qaldırılması ilə bağlı Mətbuat Şurası da öz təkliflərini hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib. Bu məsələdə ölkənin cüzi istisnalar olmaqla demək olar ki, bütün media qurumları eyni mövqedən çıxış edirlər. Azərbaycanın dövlət və milli maraqlarına, vətəndaşların şəxsi həyatlarının təhlükəsizliyinə münasibətdə diqqətli olmaq KİV-in əsas vəzifələrindən biridir. Jurnalist yazdığı hər sözə görə tək qanun qarşısında deyil, eyni zamanda vətəndaşı olduğu dövlət, mənsub olduğu xalq və öz vicdanı qarşısında məsuliyyət daşıyır. Əslində bu məsuliyyət bəzilərinin iddia etdiyi kimi, söz azadlığını məhdudlaşdıran bir amil deyil, jurnalist peşəsinə şərəf gətirən, onun dəyərini, cəmiyyətdəki rolunun əhəmiyyətini artıran bir faktordur.
Məsələyə bu kontekstdən yanaşanda əsl mahiyyəti ortaya çıxır. Yay aylarında cəbhə bölgəsində yaranmış gərginlik zamanı bir neçə KİV-in buraxdığı səhvləri sadəcə onların səhvi kimi qiymətləndirmirəm. Bu, bütövlükdə medianın problemidir və bunun aradan qaldırılması istiqamətində bütün KİV-lər həmrəylik nümayiş etdirməlidirlər. Baş verənlərdən əksər mətbuat orqanları ciddi nəticə çıxarıblar. Nəticə çıxarmayanlar isə "KİV haqqında” qanundan sui-istifadə edən, öz şəxsi ambisiyalarını, təmsil etdikləri siyasi dairələrin maraqlarını milli maraqlardan üstün tutan şəxslərdir. Bu səbəbdən də onları jurnalist adlandırmaq doğru olmazdı. Düşünürəm ki, belələrinə münasibətdə hüquqi müstəvidə davranış sərgiləmək lazımdır. Bir sözlə, qanunvericiliyi KİV-də yaranmış hər hansı bir problemin daha çevik şəkildə aradan qaldırılmasına uyğunlaşdırmaq lazımdır”.
İREX Azərbaycanın Yeni Media layihəsinin direktor müavini, media sahəsi üzrə ekspert Ələsgər Məmmədlinin qənaətincə isə informasiya təhlükəsizliyi deyəndə sadəcə milli dövlət maraqlarının nəzərdə tutulması doğru yanaşma deyil. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi eyni zamanda ayrı-ayrı fərdlərin şəxsi həyatına aid informasiyaların, bank məlumatlarının və kommersiya qurumlarına aid məlumatların qorunması kimi geniş aspektləri əhatə edir: "Bu baxımdan Azərbaycanda son bir ildə elə bir ciddi təhlükə hiss olunmur. Daha əvvəllər bir neçə dövlət qurumlarına haker hücumlarının şahidi olmuşduq. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl 25 dövlət qurumunun saytı bir gündə haker hücumlarına məruz qalmışdı. Amma son ildə bu cür ciddi zərərlə nəticələnən hadisələrin şahidi olmamışıq. Bunun isə iki səbəbi ola bilər. Ya bu istiqamətdə ciddi cəhdlər olmayıb, ya da dövlət qurumları tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində görülən ciddi tədbirlər öz effektini verib və məlumatlar daha etibarlı qorunur. Çünki məlum hadisələrdən sonra dövlət informasiya təhlükəsizliyi ilə bağlı bir xidmət yaratdı və həmin xidmət də müəyyən işlər görməkdədir”.
Dünyada informasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyini vurğulayan media ekspertinin sözlərinə görə, aparıcı ölkələrin belə bu təhlükə ilə üz-üzə qalması öz informasiyamızın qorunması istiqamətində ardıcıl addımların atılması üçün bizə ciddi siqnal olmalıdır. Öz mütəxəssislərimiz, öz texnologiyalarımız olmalıdır. Biz nə qədər əcnəbi texnologiyalardan istifadə edib, əcnəbi mütəxəssislərin fəaliyyətindən yararlanacağıq, o zamana qədər Azərbaycanda informasiya təhlükəsizliyi tam təmin olunur demək sadəlövhlük olar. Ə.Məmmədli hesab edir ki, informasiya təhlükəsizliyi baxımından təhdid və təhlükə altında olan milli maraqlarımızın müdafiəsi üçün də yerli resursların inkişafı zəruridir: "Dünyada mövcud olan internet resurslarının 60 faizdən çoxu Amerikanın payına düşür. Bu isə o deməkdir ki, biz başqalarının yaratdığı informasiya resurslarının istifadəçisi kimi çıxış edirik. Ölkəmiz və milli dəyərlərimiz haqqında çox dilli geniş resurslar yaratmağa nail olmalıyıq. Bunun dövlət qurumlarının və ya ictimai qurumların hesabına yaradılmasının isə heç bir fərqi yoxdur. Əlimizdə nə qədər çox informasiya resursları olarsa, ölkəmizlə bağlı həqiqətləri də beynəlxalq arenaya çıxartmaq imkanlarımız da o qədər geniş olar. Çünki Azərbaycanın ən çox uduzduğu sahə informasiya sahəsidir. Adətən dövlət bizə qarşı hücum ediləndən sonra onu aradan qaldırmağa çalışır və bu istiqamətdə çox böyük vəsaitlər xərcləyir. Halbuki özümüz daha müstəqil layihələr həyata keçirib, ilk növbədə özümüzü dünyaya çıxarmalıyıq ki, bizə qarşı planlaşdırılan hücumları elə yerindəcə dəf edə bilək. Hesab edirəm ki, bu aspektdə hələ görüləcək çox işlərimiz var”.
(Davamı olacaq... )
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb