“İnformasiya təhlükəsizliyi milli təhlükəsizlik sisteminin tərkib hissəsidir”
Osman Gündüz: “Azərbaycanın kiber fəzasının qorunması ilə bağlı bütün önləmlər alınmalıdır”
(əvvəli ötən sayımızda )
Cəmiyyət informasiyalaşdıqca, insanlar informasiyadan daha artıq dərəcədə asılı vəziyyətə düşürlər. İnformasiya təhlükəsizliyinin təmin olunmaması isə cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Ölkədəki siyasi, hərbi, fövqəladə və s. vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər.
Cəmiyyətin təhlükəsizliyinin əsas komponentlərindən biri kimi informasiya təhlükəsizliyinin vəzifələri informasiyanın konfidensiallığı, tamlığı, əlyetərliliyi və ziyanlı kontentlərlə mübarizədir. İnformasiya təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün beynəlxalq hüquqi mexanizmlərin, milli normativ-hüquqi bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır və bu məsələ ayrı-ayrı ölkələr kontekstində deyil, beynəlxalq qlobal informasiya təhlükəsizliyi kontekstində nəzərdən keçirilməlidir.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki, informasiya resurslarını mühafizə üçün beynəlxalq təcrübənin öyrənilməsi, müdaxilə hallarının qarşısının alınmasını təmin edən proqramların təminatları mütləq tətbiq edilməlidir. Belə olan halda kənar hücumlardan qorunmanın yollarını da asanlıqla tapmaq mümkündür.
- Azərbaycanda internet resurslarının informasiya təhlükəsizliyini qənaətbəxş hesab etmək olar?
- Azərbaycanda informasiyanın təhlükəsizliyinin təminatı ilə bağlı həm dövlət, həm də ictimai sahələrdə kifayət qədər addımlar atılıb. Son dövrlərdə dövlət orqanlarının, özəl qurumların internet resurslarının informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.
Bir sıra sektorlarda informasiya təhlükəsizliyi ilə bağlı müsbət istiqamətdə xeyli işlər görülüb. Dövlət orqanlarında informasiya resurslarının qorunması, hüquqi bazanın yaranması ilə bağlı müəyyən tədbirlər həyata keçirilib. Hətta bütün bu işlərə nəzarət üçün dövlət agentliyi də yaradılıb. Prezidentin Yanında Dövlət Xüsusi Mühafizə İdarəsinin nəzdində yaradılan qurum dövlət qurumlarının internet resurslarının təhlükəsizliyinə nəzarət edir. Həmçinin də qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı xüsusi bir dövlət qurumu, Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Apardığımız müşahidələr və son dövrlərdə baş verən hadisələr, Azərbaycana qarşı maraqların güclənməsi onu göstərir ki, informasiya ilə bağlı təhlükələr hələ də qalmaqdadır. Təbii ki, informasiya təhlükəsizliyi məsələsi həmişə aktual olub. Amma son illər informasiya təhlükəsizliyi, informasiya siyasətinin vəziyyəti hər bir ölkənin bütövlükdə təhlükəsizliyi və inkişafı məsələsində yetərincə ciddi əhəmiyyət kəsb edən problemə çevrilib. Bu problemin həlli, müharibə şəraitində olan, xüsusilə bəzi ölkələrdə baş verən xaos və çəkişmələr, regional münaqişə və müharibələrin getdiyi indiki məqamda Azərbaycan üçün də aktualdır. Son illər ümumiyyətlə dünyada informasiya sahəsində təhdidlərin və təhlükələrin mahiyyəti, keyfiyyəti, xüsusiyyəti kifayət qədər dəyişib. Azərbaycanın tutduğu mövqe, regiondakı problemlər baxımından bu təhdidlər ölkəmiz üçün də yeni mahiyyət kəsb etməyə başlayıb. Amma təhdidlərin və onları doğuran səbəblərin aradan qaldırılması, normal informasiya mühitinin qorunması istiqamətində mexanizmlər çox az dəyişilib.
Əslində, qonşu ölkələrdə bu istiqamətdə atılan addımlar və bizim əhatəmizdə olan ölkələrin bizə qarşı apardığı informasiya siyasətindən görmək olar ki, bu məsələdə bir qədər gecikmişik. Artıq inkişaf etmiş ölkələrin çoxu bu istiqamətdə öz siyasətlərini çoxdan müəyyən ediblər. Onlar mövcud təhlükələr və təhdidlər baxımından yeni informasiya təhlükəsizliyi modellərini yaradıblar. Sirr deyil ki, zamanla dövlət orqanlarının informasiya resurslarında müəyyən problemlər yaranır. Həmçinin ayrı- ayrı vətəndaşların şəxsi hesablarına, media portallarına edilən hücumlar göstərir ki, istənilən halda təhlükə qaçılmazdır. Ona görə də yuxarıda adını çəkdiyim iki qurum bütün bunlardan nəticə çıxarıb, informasiya təhlükəsizliyinin qorunması istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər. Azərbaycanın kiber fəzasının qorunması ilə bağlı bütün önləmlər alınmalıdır. Biz bu yaxınlarda dünya banklarına qarşı kiberhücumların şahidi olduq. Məlum oldu ki, dünyada filan qədər banka hücumlar olub və böyük miqdarda vəsaitlər, şəxsi informasiyalar oğurlanıb. Azərbaycan bankları da bu hücumlardan sığortalanmayıb. Hər an bu cür xoşagəlməz hadisələr Azərbaycanda da təkrarlana bilər. Bunun qarşısını almaq üçün də indidən qabaqlayıcı addımlar atılmalıdır. Vətəndaşlara metodiki yardımlar edilməli, dövlət orqanlarının informasiya resursları müntəzəm olaraq audit olmalı və sonda nəticələr müzakirə olunmalıdır.
- Son dövrlərdə yaradılan yeni qurumlar bu istiqamətdə hansısa addımlar ata biliblərmi? Yəni onların yaradılmasından sonra ölkədə informasiya təhlükəsizliyinin qorunmasında, informasiya mühitinin formalaşmasında müsbətə doğru dəyişikliklər hiss olunur, yoxsa həmişəki durumdur?
- Əlbəttə, müvafiq qurumlar infrastrukturun formalaşması, vəzifələrinin həyata keçirilməsi istiqamətində bir sıra addımlar atıblar. Xeyli iş görülüb. 2-3 il bundan öncə baş verən xoşagəlməz hadisələrin, bir anda 40 dövlət informasiya resursunun dağıdıldığı dövrlər arxada qalıb. Sadəcə olaraq indiki situasiyada həm Azərbaycana qarşı maraqların artması, bizi istəməyən qrupların xaricdə fəallaşması, həm də beynəlxalq aləmdə kiber cinayətlərin geniş vüsət alması Azərbaycan informasiya resurslarının hər an bu cür hücumların hədəfinə tuş gəlmə ehtimalını artırır. Hətta bəzi hallarda dövlət və ya özəl sektorlarda informasiya təhlükəsizliyi ilə bağlı elə hadisələr baş verir ki, görülən işlərin yetərli olmadığını düşünürük. Bu mənada informasiya resurslarının qorunması və kibercinayətlərin təhqiqatı və nəhayət, maddi-texniki bazanın yaradılması, infrastrukturun möhkəmləndirilməsi ilə bağlı ciddi addımlar atılmalıdır. Azərbaycan qanunvericiliyində də nəzərdə tutulduğu kimi informasiya təhlükəsizliyi məsələlərini araşdırmaq üçün laboratoriyalar yaradılmalıdır. Bizdə bir neçə qurum var ki, elə birbaşa informasiya mühitinin formalaşması ilə məşğul olurlar. Elə MTN, DİN və digər qurumların üzərinə informasiya təhlükəsizliyi ilə bağlı xeyli vəzifələr qoyulub və onlar da bu istiqamətdə müvafiq addımlar atırlar. Amma informasiya siyasəti, informasiya təhlükəsizliyi ilə bağlı sfera çox geniş və çox şaxəlidir. Müxtəlif özəl və vətəndaş cəmiyyəti qurumları da bu istiqamətdə işlər görürlər.
Məsələn, "Delta Telekom”un milli informasiya resurslarının vahid bir milli hostinqdə yerləşdirməsi, QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici ölkələrdə Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində apardığı informasiya siyasəti, Heydər Əliyev Fondunun milli informasiya resurslarının yaradılması, Azərbaycanla bağlı regional və qlobal informasiya işlərinin görülməsi, Dövlət Gənclər Fondu və RYTN yanında İT-nin İnkişafı Fondunun milli informasiya resursların yaradılması istiqamətində atdığı addımlar, diplomatik təmsilçiliklər və diaspora qurumlarının apardığı informasiya tədbirləri, vətəndaş cəmiyyəti qurumlarının informasiya sahəsində gördüyü işlər, müxtəlif kinofilmlərin çəkilməsi də məhz Azərbaycanın informasiya mühitinin formalaşmasının, informasiya təhlükəsizliyi sisteminin tərkib hissəsi kimi qəbul edilməlidir. Bunlar vacibdir, faydalıdır və hər birisinin öz yeri var. Amma informasiya siyasəti və informasiya təhlükəsizliyi baxımından vahid konseptual baxışların olmaması, zəruri resursların çatışmazlığı ucbatından bu tip addımlardan gözləntilər həmişə uğurlu olmur. Fikrimcə, vahid yanaşmanın olması, sadaladığım tədbirlərin informasiya sahəsində milli maraqların gerçəkləşməsinə daha çox təsiri ola bilərdi.
- Osman müəllim, dünən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının saytı haker hücumuna məruz qalıb. Erməni hakerlər dünən kinostudiyanın saytına hücum edib, erməni zabiti Qurgen Markaryanın şəklini ora yerləşdiriblər. Eyni zamanda ermənilər Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin və Azərbaycan Rejissorlar Gildiyasının rəsmi internet səhifəsinə hücum ediblər. Media resurslarımızı erməni kiberhücumlarından qorumaq üçün nə edə bilərik? Xüsusən də bu gün informasiya təhlükəsizliyinin təmin olunmasının vacib olduğu bir şəraitdə kibertəhlükəsizliyimizi necə qoruya bilərik?
- Bu cür hücumlar gözləniləndir. Hətta bu tək bizim problemimiz də deyil. Dünyada elə sanballı qurumların adını çəkə bilərəm ki, kiberhücumlardan əziyyət çəkirlər. Sadəcə əsas məsələ budur ki, həmin qurumlar haker hücumlarına məruz qalanda fəaliyyətlərini dayandırmırlar. Hücum başlanan anda onun qarşısını almaq üçün sistem işə düşür və hücumun qarşısı alınır. Azərbaycanda da spesifik günlər, hətta bütün günlər kiberhücumların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməli və monitorinqlər aparılmalıdır. Eyni zamanda kiberhücumların sistemi sıradan çıxarmasını əngəlləmək lazımdır. İnformasiya resurslarının arxasında dayanan komanda dərhal fəaliyyəti bərpa etməlidir. Bunun üçün də aidiyyəti qurumlarla informasiya resurslarının kadrları qarşılıqlı əlaqədə olmalıdır.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb