"İranın imza atdığı bu sənəd Azərbaycan üçün önəmlidir" - ŞƏRH







"İran Ermənistanla iqtisadi əməkdaşlıqdan fayda qazana bilməz”.

Bunu "Sherg.az”a İran-Ermənistan sərhədində yaradılan Azad İqtisadi Zonanın siyasi nəticələrini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. 

O vurğulayıb ki, Rusiya və İran Ermənistana dəstək göstərsə də, iqtisadi əməkdaşlıq üçün bu ölkənin geniş imkanları olmadığını başa düşür:

"Ermənistan neçə illər lobbiçilik fəaliyyəti apardı ki, Şimal-Cənub dəhlizi onun ərazisindən keçsin. Amma qonşu dövlətlər Azərbaycanı seçdi. Onlar düşündülər ki, dəmir yolu çəkmək üçün dağları yarmaq, milyardlarla dollar xərcləmək lazımdır. Bu da onlara sərf etmirdi.

Bir müddət əvvəl Bakıda Türkiyə Azərbaycan və İran XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi. Görüşdən bir neçə gün əvvəl isə İran xarici işlər naziri İrəvanda çıxış etmişdi ki, Ermənistan bölgədə sülhün carçısıdır. Bakıda isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edən bəyanata imza atdı. Bizim üçün isə bu sənəd önəmlidir.

Azərbaycan çalışır ki, həm İran, həm Rusiya ilə əməkdaşlıq davamlı olsun, iqtisadi əməkdaşlıq artsın. Onsuz da bu ölkələr Ermənistanla yaxınlığını davam etdirəcək. Gözləməyək ki, İranda hakimiyyət bir gün qəti şəkildə Azərbaycanı dəstəkləyəcək, sərhədləri bağlayacaq. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Rusiya və İranda bəlli mərkəzlərin marağındadır.

Bütün bu səbəblərdən Ermənistanla əməkdaşlıq edən ölkələr olacaq. Lakin İran həmin Azad İqtisadi Zonadan heç bir xeyir əldə etməyəcək”.

Qeyd edək ki, dekabrın 15-də Mehridə "Araz” iqtisadi zonasına çıxışı olan Azad İqtisadi Zona (AİZ) açılıb.

Aysel Aslan