“İsa Qəmbərlə üz-üzə gəlmək istəmirəm”
Məmməd Zeynalov: “Müsavatın indiki mübarizəsi yalandan təbil çalmaq kimi bir şeydir”
Müsavat Partiyasının sonuncu qurultayına və yeni başqan Arif Hacılının yürütdüyü siyasətə etiraz edən xeyli nüfuzlu şəxs qurumdan istefa verib. A.Hacılı ilə narazı tərəf, xüsusən Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu arasında yaşanan qarşıdurma isə partiyadan istefaları daha da intensivləşdirib. Ötən gün qurumun tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib.
Əbülfəz Elçibəyin prezidentliyi dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün "facebook” səhifəsində Müsavatın apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq təşkilatdan istefa verdiyi barədə açıqlama yayıb. M.Zeynalov bu gündən etibarən siyasətlə məşğul olmayacağını da bəyan edib: "Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram. Bütün siyasi partiyalar özlərini təcrid edib, milli məfkurədən kənarda qalıblar. Milli Şura pis-yaxşı nəsə edirdi, ancaq Müsavatın nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Arif Hacılı tək deyil, orda başqa adamlar da var. Amma mən məhz rəhbərliyin apardığı siyasətə görə bu addımı atmışam”. Müsavatdan istefası və verdiyi açıqlamalarla bağlı "Şərq”in suallarını cavablandıran Məmməd Zeynalov bir çox məsələlərə aydınlıq gətirib.
- Məmməd bəy, niyə Müsavat Partiyasından istefa verdiniz?
- Mən Müsavata 2003-cü ildə, özü də Novella Cəfəroğlu, Almaz Əliqızı, Nüşabə Sadıqlı, Arzu Səmədbəyli ilə eyni vaxtda, yəni partiyanın çox ağır dönəmində üzv olmuşdum. Biz o zaman təşkilata dayaq olduq, onu yıxılmağa qoymadıq. Ancaq indi Müsavatın yarıtmaz siyasətinə etiraz olaraq istefa verdim. Bir partiya daxili çarpışma ilə siyasət qura bilərmi? Partiyada eqoizm, özündən razılıq hissləri güclənib. Heç kimi bəyənmirlər, yaxına qoymurlar. Mən belə siyasəti qəbul etmirəm. Artıq 65 yaşım var. Səhhətimdə də problemlər özünü göstərir. Lakin buna baxmayaraq, istefa verməyə bilərdim. Problem odur ki, mən ömür boyu həyatda və işdə aktiv insan olmuşam. Passiv həyat sürməmişəm. Ona görə də fikirləşdim ki, passiv işləməkdənsə, getməyim daha məsləhətdi. Kənardan durub tamaşaçı kimi baxmağın mənası yoxdur.
- Bəs indiyə qədər gözləməyinizin səbəbi nə idi?
- Qurultaydan sonra bir müddət özümü aldatmağa çalışdım. Ancaq gördüm ki, alınmır. Bəzən deyirlər ki, Müsavata fraksiya şəklində gəldiyiniz kimi o cür də getməlisiniz. Fraksiyanın üzvü olan Nüşabə Sadıqlı indi Məclisin sədridir. Odur ki, fraksiya ilə birgə istefa vermək doğru olmazdı. Bu, şəxsi qərarımdır, heç kimlə məsləhətləşməmişəm. Yarım saat ərzində qərarımı verdim, peşman da deyiləm. Müsavatın indiki mübarizəsi yalandan təbil çalmaq kimi bir şeydir.
- İsa Qəmbər və Mustafa Hacıbəyli istisna olmaqla, hər kəslə debata hazır olduğunuzu demisiz. Niyə bu iki şəxsi xüsusilə qeyd etdiniz, onları digərlərindən fərqləndirən nədir?
- İsa Qəmbərlə üz-üzə gəlmək istəmirəm. Çünki onunla dostam, hörmətim var. Mustafa Hacıbəylinin isə tərbiyə problemi var. Mən elə adamla oturub söhbət edə bilmərəm.
- Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı Müsavatda Məmməd Zeynalov adlı üzv tanımadığını deyib. Sizcə, bu, ironik yanaşmadır, yoxsa partiyadan gedişiniz həqiqətən Müsavat rəhbərliyini maraqlandırmır?
- Əslində bunu onların özündən soruşmaq lazımdır. Hamı öz qiymətini yaxşı bilir. Deyirlər ki, guya, məni tanımırlar, düz edirlər. Onların etibarı bundan artıq olmayacaq. Elə buna görə də gedirəm. Əgər Məmməd Zeynalov adlı müsavatçını tanımırlarsa, daha niyə narahat olurlar? Yəqin demək istəyirlər ki, onun getməyi ilə partiya heç nə itirmir. Verdikləri qiymətə görə sağ olsunlar. Nə olar? Mən kiməm ki? Çalışıb fəaliyyətlərini davam etdirsinlər.
- Müsavatdan istefa verənlər çoxalır. Belə çıxır ki, təşkilatın sıralarından gedənlər partiyanın düzələcəyindən ümidlərini kəsiblər...
- Ümidsiz deyiləm, ola bilsin, partiya gələcəkdə öz işində və fəaliyyətində korrektələr etsin. Bu mümkündür və mən Müsavatın sonunun gəldiyini düşünmürəm.
- Bəs, Müsavatın tamamilə parçalanma ehtimalı varmı?
- Partiya artıq demək olar ki, iki yerə parçalanıb. Bundan o tərəfə ciddi parçalanma olacağını gözləmirəm.
- Sizcə, bundan sonra da partiyadan istefalar olacaqmı?
- Ola bilər, hərənin öz mövqeyi var. Onsuz da bəzi şəxslər istefa vermiş kimidirlər. Dünən partiyanın ən aktiv üzvü olanlar bu gün sıfır fəaliyyətdədirlər. Bu, elə istefa kimi bir şeydir. Amma düşünürəm ki, növbəti istefalar olacaq. Çünki belə şəraitdə işləmək mümkün deyil.
- Müsavatın yeritdiyi siyasətə etirazını bildirən və qurultayda saxtakarlıq edildiyini iddia edən Qubad İbadoğlunu və onun komandasını dəstəkləyirsinizmi?
- Mən Müsavatın sonuncu qurultayında iştirak etməmişəm. Qubad İbadoğlu və tərəfdarları ilə də əlaqəm yoxdur. Onların haqlı olub-olmadığını deyə bilmirəm. Yəni daxili çəkişmədə tərəf olmaq, ikisindən birini seçmək istəmirəm. Ona görə də heç bir tərəfi konkret müdafiə etmirəm.
- Deməli, ADR-ə qoşulmaq planınız da yoxdur...
- Heç bir siyasi və ictimai təşkilata qoşulmaq niyyətində deyiləm. Artıq siyasi fəaliyyətimə son vermişəm.
- Müsavat rəhbərliyi narazılarla bir araya gəlib müzakirə aparmaqdan imtina edir. Necə düşünürsüz, narazı tərəflərin qarşıdurması nə vaxtsa müsbət həllini tapacaqmı?
- Bir məsəl var, deyirlər, "heyvanlar iyləşə-iyləşə, insanlar danışa-danışa anlaşır”. Hər iki tərəf müzakirə apararaq aralarındakı problemləri həll edə bilərlər. Burda həll olunmayacaq problemli məsələlər yoxdur. Dava etmək sonuncu mərhələdir. Əvvəlcə problemi yaradan səbəbi axtarmaq lazımdır. Xəstəliyin törədicisini tapmadıqca, o xəstəliyi müalicə etmək mümkün deyil. Bəlkə də narazılığı aradan qaldırmaq üçün müəyyən səy göstərilir. Amma effektsiz üsullar seçdikləri üçün müsbət nəticə əldə edə bilmirlər.
- Eks-başqan İsa Qəmbərin Müsavatda qarşıdurma yaradan tərəflərə müdaxilə etməməsi, məsələlərə göz yumması nə ilə bağlıdır?
- Ola bilsin, bu da bir siyasi taktikadır. Amma mən deməzdim ki, eks-başqan proseslərə ümumiyyətlə müdaxilə etmir. Edir, sadəcə olaraq görünür, artıq kənar müdaxilələr effekt vermir.
- Ötən gün narazılardan biri partiyada gənclərin fəaliyyətinə məhdudiyyət qoyulduğunu iddia etdi. Həqiqətən qurumda gəncləşmə problemi varmı?
- Partiyada bu sahədə ciddi problemin olduğunu zənn etmirəm. Ola bilər, qurumda təmsil olunan gənclərin sayı kifayət qədər çox deyil. Amma ümumi anlamda gənclər və hətta qadınlar partiyada mühüm postlarda təmsil olunurlar.
İsmayıl