“İşçilərin məzuniyyətlərinin vaxtı dəyişdirilib”

Məhərrəm Zülfüqarlı: “Yayda verilməli olan məzuniyyətlər indi verilir”



"Azadlıq” qəzetinin ötən sayında "Millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) fəaliyyətsiz bir quruma çevrilib” başlıqlı məqalə dərc olunub.

Yazıda vurğulanır ki, bu ilin fevral ayında təşkilata daxil olan bütün fondların, o cümlədən "Söz azadlığının Müdafiə Fondu”, "Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Fondu”, "Azərbaycanda Ekologiya Standartlarının Monitorinqi Fondu”, "Azərbaycanın Regional İnkişaf Mərkəzi”, "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi, "İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondu, İnsan Haqları üzrə İctimai Şura, "Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi, karabakhinfo.com saytı və digər təşkilatların əməkdaşları ödənişsiz məzuniyyətə buraxılıb. Fevral ayının 24-28-i isə həmin təşkilatların ofislərindən kompüterlər və digər avadanlıqlar çıxarılıb. Bildirilir ki, bu, ofisin icarə haqqını ödəyə bilməməkdən irəli gəlir. İddialara görə, qurumun vitse-prezidenti Vəli Əlibəyov ofis rəhbərləri və əməkdaşlarla şəxsi söhbətləri zamanı baş verənləri ölkədəki maliyyə böhranı, yay olimpiya oyunları ilə bağlı "yuxarıdan” maliyyə axınının dayandırılması ilə izah edib. E.Süleymanov isə hər gün səhər saat 11:00-dan 19:00-a kimi iş yerində olduğu halda hamıya, hətta onunla əlaqə saxlamağa çalışan millət vəkillərinə onun xaricdə olduğu və nə vaxt qayıdacağının bəlli olmadığı söylənilir. Hazırda "Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi” və Baş ofis adlanan E.Süleymanovun daimi oturduğu iş yeri fəaliyyət göstərir. Bunun da E.Süleymanovun Avropadakı fəaliyyəti ilə bağlı olduğu vurğulanır.

İddialara aydınlıq gətirən tarix elmi üzrə fəlsəfə doktoru, AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə deyib ki, "Azadlıq” qəzetinin özü böhran içindədir. Ona görə də çalışır ki, mənfi ruhda yazılar dərc etsin: "Şübhəsiz ki, deyilənlər doğru deyil. Məlumdur ki, bu il parlament seçkiləri ilidir. Üstəgəl, ölkəmizdə Avropa oyunları kimi böyük tədbir baş tutacaq. Bu baxımdan işçilər məzuniyyətə buraxılıblar. Məzuniyyətlərin vaxtı dəyişdirilib. Yayda verilməli olan məzuniyyətlər indi verilir”.

"Karabakhinfo”.com saytına dair yer alan söz-söhbətə gəlincə, müsahibimiz həmin məlumatların həqiqəti əks etdirmədiyini söyləyib: "O saytda mənim də yazılarım işıqlandırılır. İnformasiyalar hər gün təzələnir. Ötən gün mənim yazımı qoyublar. Hər halda sayt bağlananda məlumat yerləşdirilmir. Dünəndən (srağagün ) bu gün (dünən) saytda yazılar varsa, deməli, iddiaların heç bir əsası yoxdur”.

Ayyət Əhməd