“İşğal davam etdikcə, Ermənistan iqtisadiyyatı daha çox asılı vəziyyətə düşür”

"İran Ermənistan münasibətləri Paşinyanın hakimiyyətə gəlişindən sonra daha da yaxınlaşdığı hiss olunur. Həm Ermənistan həm də İran münasibətlərin yüksək səviyyədə olmasında çox maraqlıdırlar”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Analitik bildirib ki, Paşinyanın Tehrana səfəri zamanı danışıqların əsas predmeti iki ölkə arasında azad iqtisadi zonanın yaradılması olub. Avrasiya İttifaqı üzvü olan Ermənistan bu danışıqları bir növ təşkilatın adından aparır.
Hətta İranın Avrasiya ittifaqına qoşulması istəkləri var. Bu istəyin reallaşmasına isə Rusiyanın Gürcüstanla gərgin münasibətləri mane olur. Rusiya gərginliyi aradan qaldırmaq istiqamətində çox çalışır və sərhədlərin açılmasını istəyir. Azad iqtsadi zona yaratmaq planları həyata keçərsə, Ermənistan regionda əhəmiyyətinin artacağını düşünür. Lakin bütün bu cəhdlərə baxmayaraq, regionda Azərbaycanın iştirakı olmayan heç bir iqtisadi layihənin reallaşması mümkün deyil. Bu, yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli variantından sonra mümkündür.
Torpaqların işğaldan azad olunnması prosesi başladığı andan Ermənistan İranla münasibətlərdən gözlədiyi inkişafdan dəfələrlə çox irəliləyiş əldə edə bilər. Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun verdiyi məlumata görə, sülhün yaranacağı təqdirdə hər iki ölkənin iqtisadiyyatı sürətlə inkişaf edəcək.
XİN başçısının Ermənistanlı nazirə ünvanladığı sual həqiqətən də erməniləri bir daha düşünməyə dəvət edir. O bildirmişdi ki, "işğaldan əldə etdiyiniz bircə nailiyyəti nümunə olaraq göstərin və mən sizin təkliflərinizi qəbul edim”.
Siyasi şərhçinin sözlərinə görə, işğal davam etdikcə Ermənistan iqtisadiyyatı daha çox asılı vəziyyətə düşür:
"Eyni aqibəti İran da yaşamaqdadır. İşğalçı ölkəni dəstəkləməklə İran mühüm iqtisadi layihələrdən kənar qalır. Sirr deyil ki, Ermənistanın Dağlıq Qarabağı hərbi güc olaraq işğal etməsi Rusiyanın vasitəsilə həyata keçsə də, digər lojistik və iqtisadi dəstəyi İrandan almaqdadır. Məhz İranın bu dəstəyi hesabına Ermənistan və Rusiya işğalı davam etdirə bilirlər. İran Ermənistanla sərhədləri bağladığı andan Dağlıq Qarabağla bağlı sülh danışıqları dərhal başqa müstəviyə keçəcək”.
İsmayıl