“İsgəndər” kompleksi müdafiə yox, hücum üçün nəzərdə tutulub

“Əgər Ermənistanın arsenalında “İsgəndər” kompleksinin mövcudluğu təsdiqlənsə, o halda Azərbaycan tərəfinin qisası ağır olacaq”



Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücü, potensialı qarşısında aciz duruma düşən Ermənistan son vaxtlar yenidən aqressiv mövqe nümayiş etdirməyə başlayıb. Ordumuzun keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra danışıqlar prosesinə daha çox maraq göstərən işğalçı ölkə hazırda bu prosesdən yayınmağa çalışır. Bunun arxasında isə Rusiyanın işğalçı ölkəni yenidən silahlandırması dayanır.

Xəbərlərdən də aydın olduğu kimi Rusiya Ermənistana bir müddət əvvəl yeni silah növləri, artileriya qurğuları, eləcə də "İsgəndər M” raket kompleksi satıb. Elə bu səbəbdəndir ki, artıq Ermənistan sülh danışıqlarına deyil, təhdid variantına daha çox üstünlük verir. Rəsmi Moskvanın Ermənistana yeni silah növləri satması Azərbaycan cəmiyyəti tərəfindən haqlı narazılığa səbəb olub. Ekspertlər Rusiyanın bu addımını qəti şəkildə pisləyərək, ATƏT-in Minsk Qrupundakı həmsədrlik postu ilə ziddiyyət təşkil etdiyini söyləyirlər. Reallıq budur ki, Serj Sarkisyanın "güclü Ermənistan” piarı erməni xalqını aldatmağa kifayət etmir. Ermənistanda əksəriyyət rejimə heç bir ümid bəsləmir. Məsələni şərh edən millət vəkili, politoloq Rasim Musabəyov "İsgəndər” sistemlərinin Rusiyanın 200 milyonluq kredit çərçivəsində alınmasını qeyri-mümkün sayıb: "Aydın məsələdir ki, "İsgəndər” kompleksləri ətrafındakı ajiotaj həm say, həm də keyfiyyət baxımından Ermənistanı üstələyən Azərbaycan Ordusunu qorxutmağa hesablanıb. Əgər bu raketlər həqiqətən Ermənistana verilibsə, birbaşa Azərbaycana hərbi-siyasi təzyiq etmək üçün düşünülüb. Ancaq "İsgəndər”lər mövcudluğu haqda xəbərlər "blef” də ola bilər. Necə ki, erməni məmurları bir ara onlarda hətta atom bombasının olduğunu iddia edirdilər. Birnəfəsə Bakıya çatacaqlarını, Gəncəni tutacaqlarını, başqa bu kimi sərsəm ifadələr deyirdilər. Lap olsa belə, məlumdur ki, ermənilərin həmin hərbi texnikadan istifadə etmək üçün kosmik kəşfiyyat və yönəltmə vasitələri yoxdur. Onunla yalnız rusiyalı hərbiçilər məşğul ola bilər. Nəzərə alsaq ki, "İsgəndər” raketlərinin maksimum uzağı vurma məsafəsi 300 km-dən bir qədər azdır. O zaman bu raketlər Ermənistandan Bakıdakı obyektləri hədəf ala bilməz”. Politoloq Ermənistan rəhbərliyini xəbərdar edir ki, bu cür təxribatçı addımlar geridönməz nəticələrə gətirə bilər: "İsgəndər” kompleksi müdafiə yox, hücum üçün nəzərdə tutulub. Əgər Ermənistanın arsenalında "İsgəndər” kompleksinin mövcudluğu təsdiqlənsə, o halda Azərbaycan tərəfinin qisası ağır olacaq. Bakı cavab zərbəsi qismində "Smerç” və ya Türkiyədən aldığı "T-300 Qasırğa” raket sistemlərindən istifadə edə bilər. Bu raketlər həm İrəvanı, həm də "Metsamor” AES-i hədəf almaq imkanındadır”. Deputat Vahid Əhmədov da bildirib ki, aprel hadisələrindən sonra Ermənistanın silahlanma yarışına başlaması beynəlxalq təhlükəsizliyi təhdid edən amil olmaqla bərabər, vasitəçilik missiyası ilə məşğul olan Minsk Qrupunun da manevr sahəsini məhdudlaşdırıb: "Maraqlı odur ki, bu silahı Ermənistana Minsk Qrupu həmsədr ölkələrindən olan Rusiya verib. Amma Ukrayna və Suriya hadisələrinə görə, Moskvaya iqtisadi və siyasi embarqo tətbiq edən ABŞ və Avropa İttifaqı "İsgəndər” raket kompleksi ilə bağlı Rusiyaya heç
bir təzyiq etmir. Onların bu məsələdə səssiz qalması Ermənistanı dolayı da olsa, dəstəkləmələri deməkdir. Ermənistanın silahlanma yarışında yeni mərhələni başlatması onun müharibə ritorikasını artıracaq”.

İsmayıl