Kobani terrorçuların əlinə keçib
"İraq-Şam İslam Dövləti”nin silahlı qüvvələri Suriyanın Türkiyə ilə sərhəddində yerləşən Kobani kürd qəsəbəsinin böyük hissəsini ələ keçiriblər. Artıq 70-ə yaxın kürd kəndi terrorçuların nəzarəti altındadır. Kobaninin 140 minədək dinc sakininin Türkiyəyə qaçdığı, Türkiyədən isə döyüş bölgəsinə 1500-dək kürd könüllülərinin gəldiyi bildirilir.
Bölgədə yaşanan olaylar barədə məlumat verən Kobani administrasiyasının rəsmisi İdris Nahsen deyib ki, koalisiya qüvvələrinin hava zərbələri "İslam Dövləti”nin hücumlarını dayandırmağa kifayət etmir. Kobaninin terrorçulara təslim olması Türkiyədə böyük narahatlıqla izlənilir. Çünki kürd qəsəbəsi "İslam Dövləti”nin əlinə keçərsə, o zaman "xilafət ordusu”nun Türkiyəyə yolu açılacaq. Bu arada Türkiyə hökumətinin Suriyadakı münaqişəyə müdaxilə etməmək siyasətinə etiraz olaraq ölkənin bir çox şəhərlərində kürd əhalisi aksiyalar keçirməyə başlayıb. Kütləvi aksiyalar zamanı kürdlərlə polis arasında ciddi qarşıdurma yaşanıb. Xeyli sayda etirazçının xəsarət aldığı bildirilir. Kobanidəki vəziyyətlə bağlı müzakirələr aparan Türkiyə hökuməti Suriya ərazilərində "təhlükəsiz ərazi” və "uçuşa qadağan zona” elan edilmədən parlamentdə qəbul olunan layihəni tətbiq etməyəcəyini bəyan edib. Ankaranın bu qərarı Türkiyə ordusunun sərhədi keçməyəcəyi və aktiv hərbi əməliyyatlara başlamayacağını göstərir. Belə ki, qardaş ölkə Kobaniyə ancaq humanitar yardımlar göstərəcək.
İŞİD-in irəliləyişi və bunun fonunda Türkiyə daxilində baş verən təlatümləri dəyərləndirən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehtiyev deyib ki, kürdlər Kobanidəki soydaşlarını qorumasız qoyan AKP hökumətinə "hirsləniblər”. Ancaq Türkiyəni başa düşmək lazımdır. Çünki Suriyada İŞİD-ə qarşı döyüşən kürdlər terrorçu PKK-nın bir qoludur: "Hələ ki,
müharibənin axırının hara gedib çıxacağı bəlli deyil. Ona görə ki, Amerikanın konkret planı yoxdur. İŞİD-dən sonra Əsəd hökumətinin aqibəti necə olacaq? Bu suala cavab tapa bilmədiyi üçün Türkiyə hökuməti ehtiyatlı davranır. Əsəd hökuməti ilə AKP-nin arası o qədər pozulub ki, bundan sonra barışmaları mümkün görünmür. Hazırda Türkiyəyə zəmanət lazımdır ki, onun ordusu quru əməliyyatına girişsə, itkiləri minimum dərəcədə olacaq. Davudoğlu özü də vurğuladı ki, Əsəd hakimiyyətdən getməyənə qədər türk ordusu Suriyaya girməyəcək. Məncə, hökumətin aldığı son qərar da bununla bağlıdır. Hesab edirəm ki, AKP hökuməti bu olayların qarşısını alacaq. Bəzi bölgələrdə elan edilən fövqəladə vəziyyətin isə Türkiyəni qarışdıracağına inanmıram”. Koalisiya qüvvələrinin bombardmanı altında İŞİD-in belə sürətlə irəliləməsinin səbəbini açıqlayan F.Mehtiyevin sözlərinə görə, radikal qruplaşmaya güclü maddi dəstək verənlər var: "İŞİD güclənəndə və yayılanda onların zirehli texnikası yox idi. Amma sonradan terrorçulara hardansa silah və pul dəstəyi gəldi. Hesab edirəm ki, İŞİD-in maliyyə dəstəyini kəsmək mümkün olarsa, bir müddət sonra terrorçularun mövqeləri zəifləyər”.
İsmayıl