İŞİD-ə qalib gəlsə, ABŞ-ın mövqeyi güclənəcək

Amerikalılar radikalların mövqelərini bombalayaraq, ilk növbədə Suriya ərazisini hədəf alacaqlar



İraq və Suriya ərazilərində "xilafət” yaratmış İraq Şam İslam Dövləti (İŞİD) ətrafında həlqə daralıb. Terror qruplaşmasına qarşı Amerika və bir sıra Avropa ölkələrinin kəskin mübarizəsi getdikcə güclənir. Hadisələrə sərt reaksiya verən ABŞ prezidenti Barak Obama terrorçularla öz dillərində danışacağını deyib.

Ağ Ev rəhbəri genişmiqyaslı hərbi əməliyyatlara başlayacaqlarını bildirib. Qruplaşmanın dünya üçün təhlükə mənbəyinə çevrildiyini deyən dövlət başçısı bir sıra ölkələrə daxili nəzarəti gücləndirməyi və sərhədləri bərkitməyi tövsiyə edib.

İŞİD-ə qarşı mübarizənin nəticələrindən danışan politoloq Fikrət Sadıqov "Şərq”ə bildirib ki, bu işi ABŞ öz üzərinə götürsə də, radikal qruplaşma üzərində qələbə qısa müddətə əldə olunmayacaq: "Amma tam qələbə qazanılacağı təqdirdə ABŞ-ın mövqeyi möhkəmlənəcək. Çünki ABŞ üzərinə bir inhisarçı kimi fundamentalçıları və radikalları sakitləşdirmək rolunu götürüb. Hansısa mənada koalisiyaya qoşulmuş Fars körfəzi monarxiyalarının, İordaniya və Misirin də mövqeləri möhkəmlənəcək. Çünki onlar da öz siyasətlərini ABŞ-ın regionda gerçəkləşən xarici siyasəti farvaterində reallaşdırırlar. Düşünürəm ki, qətiyyətli qələbə qazanılacağı təqdirdə bu xətt qərbyönümlü bəzi ərəb ölkələrində olduqca güclənəcək. Lakin bu o demək deyil ki, yaranmış vəziyyətdən narahat olan digər ərəb dövlətləri hadisələrin bu cür inkişafına qarşı çıxmayacaqlar”.

Ekspert hesab edir ki, hazırda Yaxın Şərqdə yaranmış vəziyyət ondan xəbər verir ki, gizlincə sərf etməyən siyasi rejimlərin devrilməsi ilə bağlı məsələlər də həll olunur: "ABŞ üçün belə rejimlərdən biri də Suriya rejimidir. Düşünürəm ki, amerikalılar radikallara qarşı mübarizə apararaq, mövqelərini bombalayaraq, ilk növbədə Suriya ərazisini hədəf alacaqlar. Bu da hansısa mənada Suriyadakı siyasi rejimin zəifləməsinə səbəb olacaq. Bu, birmənalı şəkildə belədir. Çünki ABŞ prezidenti Barak Obama bildirib ki, radikalları onların harada olmasından asılı olmayaraq məhv edəcək. İlk növbədə o, Suriya ərazisinin adını çəkib. Bu da Suriyadakı siyasi rejimin zəifləməsinə gətirə bilər. Burada bir çox məsələlər Rusiyanın mövqeyindən asılı olacaq ki, o da ABŞ-ın bu regiondakı üstünlüyünün əleyhdarıdır. İndiki halda Rusiya Federasiyası çox zəifdir. Rusiya sanksiyalar şəraitində yaşayır. Ukrayna hadisələri ilə bağlı olaraq bu ölkəyə Bəşər Əsədin müdafiəçisi qismində çıxış etmək çətin olacaq. Əsəd rejimi zəifləyəcək”.

Türkiyənin dəstəyə qarşı təşkil olunan koalisiyaya qatılacağına gəlincə, F.Sadıqov bunun mümkünlüyünü istisna etməyib: "Qardaş ölkə həmin birliyə qoşula bilər. Rəsmi Ankara koalisiyada iştirakları haqda ona görə açıq danışmır ki, təşkilatın əlində Türkiyə vətəndaşları əsir idi. Onlar bunu etiraf edirdilər. Türkiyənin hər hansı iştirak forması tapılacaq. İstənilən halda Türkiyə İŞİD-in zəifləməsi və tam məhv olmasında maraqlı olan qüvvələrə qoşulacaq”.

Müsahibimizin qənaətincə, İŞİD-in "Əl-Qaidə”dən qopduğunu deyənlər yanılırlar: "Bu təşkilat dünya siyasətinin vacib oyunçuları tərəfindən maliyyələşmir. Lakin rəsmi strukturları təmsil etməyən bəzi siyasi, maliyyə dairələri terrorçuların mövcud olmasını, ayaqda dura bilməsini arzulayır. Eyni zamanda onlar "xilafət”in öz qarşısına qoyduğu tapşırıqların da yerinə yetirilməsində maraqlıdırlar. Bu qüvvələr mövcuddur. Belə güclər təşkilatı maliyyələşdirir. Digər tərəfdən isə hər şey olduqca sadədir. Onlar İraqın şimalında neft yataqlarının bir hissəsini ələ keçirib ki, burada da neftin satışı dempinq qiymətlərlə həyata keçirilir. Bundan milyonlarla hesablanan dollar qazanır. Elə bu da radikalların maliyyələşdiyi mənbədir. Lakin xaricdən maliyyələşməyə ehtiyac həmişə var. Dəstəni maliyyələşdirən güclərin özləri də maraqlıdır. Bununla paralel olaraq İŞİD-in özünə inamı daha da artır. Təşkilat özünün qəddarlığı və kompromissizliyi ilə seçilir. Unutmamalıyıq ki, islam dövlətinin tərəfində Səddam Hüseynin ordusunda xidmət etmiş zabitlər də döyüşür”.

Politoloq diqqətə çatdırıb ki, indiki halda İŞİD-in vəziyyəti heç də ağır deyil: "Onlar ələ keçirdiyi ərazisini genişləndirmək yolunda vəzifələrini fanatikliklə reallaşdırır. Planları çoxambisiyalıdır. İqtisadi infrastruktur yaradılıb. Hərbi strukturlar da yaradılır. Belə vəziyyətdə deməzdim ki, vəziyyətləri həddən artıq zəifdir”.

Həmsöhbətimiz onu da əlavə edib ki, bu dəstəyə qarşı mübarizə uzun sürən müharibəyə çevrilə bilər: "Birmənalı şəkildə müharibə qısamüddətli olmayacaq. ABŞ və onun müttəfiqləri bomba zərbələri vuracaq. İŞİD döyüşçüləri isə gizlənmək üçün yerlər axtaracaq. Bu, müəyyən mənada onların Yaxın Şərqdə irəliləməsinin qarşısını alacaq. Onların yaxın perspektivdə məhv olacağı inandırıcı deyil. Necə ki, Əfqanıstanda "Əl-Qaidə”ni və "Taliban”ı məhv etmək mümkün olmadı. Ona görə də fanatikliyi və radikallığı ilə seçilən bu cür təşkilatları tamamilə sıradan çıxarmaq çox qəlizdir”.

İranın bu məsələlərə münasibətinə gəlincə, F.Sadıqov vurğulayıb ki, koalisiyaya rəsmi Tehran qatılmayacaq: "Bunun da bir neçə səbəbi var. Bunlardan biri çox prinsipial olan ideoloji səbəbdir. Cənub qonşumuz Qərb dəyərlərini əsla qəbul etmir. Eləcə də İran Qərb koalisiyasının Yaxın Şərqdə qarşısına qoyduğu tapşırıqları da qəbul etmir. İran tərəfi ABŞ-ın regiondakı ağalığından çəkinir. H.Ruhani administrasiyası Bəşər Əsəd rejiminin zəifləməsinə qarşıdır. Bu rejimlə də İranın partnyorluq və müttəfiqlik əlaqələri var. Lakin İŞİD-in rəsmi Tehranın əleyhdarı və düşməni olması da faktdır. Buna baxmayaraq, rəsmi Tehran koalisiyaya qoşulmayacaq və Yaxın Şərq regionunda ABŞ-ın hərtərəfli ağalığına qarşı çıxmaqla mübarizə aparacaqlar”.

Ayyət Əhməd