Suriyalı general sensasiyalı açıqlamalar veribSiyasilər isə Vəlid Abazanın məlumatlarının həqiqət olmasına şübhə edir
Suriya ordusunun generalı Vəlid Abaza mətbuata açıqlamasında maraqlı məqamlara toxunub. General deyib ki, 4 gün öncə Türkiyə-Suriya sərhədini keçən 2 min nəfər İŞİD-ə qoşulub. Kəşfiyyat məlumatlarına görə, onların sırasında Çeçenistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Azərbaycan vətəndaşları da olub.
Onlar sərhəd ərazilərdə qurulan düşərgələrdə bir neçə ay hərbi təlim keçərək yaxşı silahlanıblar: "İŞİD-ə qoşulanlar çox gənc insanlardır. Ötən həftə tabeliyimdə olan ordu qüvvələri terrorçuların mövqeyinə hücum edən zaman Azərbaycan vətəndaşı olan dəstə başçısını öldürüb. Onun üzərində Azərbaycan pasportu və Türkiyə telefonları var idi”. Vəlid Abazanın dediklərində əsas maraq doğuran məqam isə Gürcüstanın İŞİD-ə dəstək verdiyini deməsi olub. Generalın sözlərinə görə, İŞİD-in ən böyük təlim düşərgələrindən biri məhz Gürcüstandır: "Bu ölkədə vəhhabilər üçün hər cür şərait yaradılır, yaratdıqları qurumlar vətəndaş cəmiyyəti institutları adı ilə rəsmi qeydiyyata alınır. Biz bunların hamısından xəbərdarıq. Avropa ölkələrindən, ABŞ-dan gələn terrorçular Gürcüstan düşərgələrində bir müddət qaldıqdan sonra Suriya ərazisinə keçirlər. Bu işə dəstək verən hökumətlər anlamalıdırlar ki, yetişdirdikləri sağlam olmayan qüvvələrdir. Onlar ən çox öz cəmiyyətlərinə ziyan verirlər. Gələcəkdə isə onların hansı təhlükəyə çevriləcəyini yalnız Suriyadakı durumu yaxından izləyənlər təsəvvür edə bilər”.
V.Abazanın iddialarını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Gürcüstanın İŞİD-ə dəstək verdiyinə inanmır: "Gürcüstan islam ölkəsi deyil. Eyni zamanda ABŞ-ın, Qərbin müttəfiqidir. Düşünmürəm ki, Gürcüstan öz ərazisində İŞİD-çilərin yetişməsinə, onların yayılmasına imkan versin. Güman edirəm, nəsə anlaşılmazlıq olub. Ola bilsin, suriyalı general sadəcə bir neçə kəşfiyyat məlumatlarının əsasında nəticə çıxarıb. Azərbaycana gəldikdə isə, onsuz da çoxdan bəri ölkəmizdən xeyli sayda adamın Suriyada, İraqda, Əfqanıstanda və Pakistanda döyüşə getdikləri barədə həyəcan təbili çalınır. Son zamanlar nisbətən səngisə də, yenə azərbaycanlıların terrorçu qruplara qoşulması haqqında məlumatlar gəlir. Ona görə də, öldürülən və sağ ələ keçirilənlərin üzərindən Azərbaycan pasportunun çıxmasına təəccüb etməməliyik”.
"Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib ki, generalın dediklərini təsdiq və ya təkzib etmək üçün kifayət qədər məlumat olmasa da, hər halda iddiaları təkzib imkanları daha çoxdur: "Gürcüstanın bir əlinin Suriyaya uzanmasını iddia etmək məntiq baxımından ağlabatan deyil. Çünki Gürcüstanın nə etnik, nə dövlət, nə də strateji marağı İŞİD-ə dəstək verməsini labüd etmir”.
"Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov bildirib ki, Gürcüstanın Axmeta rayonu Pankisi dərəsində vəhhabilərin olması ilə bağlı zaman-zaman mətbuatda yazılar dərc olunur: "Gürcüstanda bir çox dini təriqətlər qeydiyyatdan keçib. O cümlədən ola bilər, vəhhabilər də dini icma kimi qeydiyyata alınmış olsun. Amma onların konkret İŞİD-lə bağlı olduqları barədə heç bir məlumatım yoxdur. Gürcüstanda yaşayan azərbaycanlıların bu təşkilata qoşulduqları isə həqiqəti yansıtmır”.
İsmayıl