İŞİD-in Ərdoğanı hədələməyə haqqı yoxdur

“Türkiyə onlara qarşı koalisiyaya qatılmayıbsa, Ankaraya minnətdar olmalıdırlar”




Rəsmi Ankaranın İraq Şam İslam Dövlətinə qarşı vuruşan peşmərgə dəstəsinə Kobaniyə daxil olmaları üçün ərazisindən keçməsinə icazə verməsi Türkiyəni ciddi təhdidlə ilə üzə-üzə qoyub.

Qardaş ölkənin bu addımına etiraz edən İŞİD internetdə yayımladığı video ilə prezident Rəcəb Tayyib Ərdoğana sərt mesaj ünvanlayıb. Terror təşkilatı Türkiyəni koalisiya qüvvələri ilə əməkdaşlıqda günahlandırıb. Ərdoğana xəlifəliyinin sona çatdığını bildirib: "Müsəlman qardaşlarının xəlifəsi Ərdoğana. Sənin xəlifəliyin sona çatdı. Türkiyə təkbirlərlə açılacaq və heç kim bizə mane olmayacaq. Allahın gücü sizin koalisiyanızdan daha güclüdür”.

İŞİD-in Türkiyə hədəsini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, rəsmi Ankara sərhədlərini qorumağı bacaran, möhkəm dövlətdir: "Sözügedən terror qruplaşmasının Türkiyəni hədələməyə heç bir haqqı yoxdur. Türkiyə onlara qarşı koalisiyaya qatılmayıbsa, Ankaraya minnətdar olmalıdırlar. Sərhədi yaxınlığında terrorçu təşkilat at oynadır. NATO-nun üzvü olan bir dövlət ona qarşı tədbirlərdə iştirak etməlidir. Amma qatılmır. Hesab edirəm ki, qardaş ölkə düzgün mövqedədir”.

PKK dəstələrinin Kobaniyə buraxılmasına gəlincə, politoloq söyləyib ki, Amerika NATO-nun digər üzvləri Türkiyəni buna məcbur edib: "Hətta 4 ölkə qardaş ölkənin NATO-dan çıxarılmasını gündəmə gətirmişdi. Türkiyə öz müttəfiqləri ilə münasibətləri qaydaya salmaq üçün belə bir güzəştə getdi və bundan uduzmur. Çünki terrorçu dəstələrin bir-birini qırması Ankaranın xeyrinədir. Türkiyə terrorlardan çox əziyyət çəkib. İŞİD hamını hədələyir. Hər gün də böyük itkilərə məruz qalır. Sıraları seyrəlir. İŞİD çırağı sönməkdə olan qruplaşmadır. Ona dəstək verən ölkələr arxasından çəkilib. Sayılı günləri qalıb. Bu terror qruplaşmasının sonu başlayır”.

Ayyət Əhməd