İŞİD-lə mübarizə ciddiləşir

Con Kerri Türkiyəni razı salmağa çalışır



Türkiyə rəhbərliyi İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəyini və ərazisindəki aviabazaları koalisiya üzvlərinin havadan zərbələri üçün istifadəyə verməyəcəyini bildirib. Rəsmi Ankara bəyan edib ki, heç bir hərbi əməliyyata qatılmayacaq və sadəcə humanitar məsələlərə diqqət yönəldəcək. Ankaranın bu mövqeyindən sonra ABŞ dövlət katibi Con Kerri Türkiyəyə səfər edib.

Türkiyə mətbuatının yazdığına görə, Kerrinin səfəri öncədən planlaşdırılmayıb. Onun tələsik bir şəkildə Ankaraya gəlməsi Türkiyənin İŞİD-ə qarşı savaşdan imtina etməsiylə əlaqələndirilir. ABŞ-ın Türkiyəni İŞİD-ə qarşı koalisiyada görmək istədiyi və bu tələbin Ankara qarşısında qəti şəkildə qoyulacağı bildirilir. Məlumat üçün bildirək ki, Kerrinin səfəri son bir həftədə ABŞ rəsmilərinin Türkiyəyə edəcəyi ikinci səfərdir. Bundan əvvəl ABŞ-ın Müdafiə naziri Hegel də Ankaraya səfər edib və belə demək mümkünsə, Türkiyənin "nəbzini yoxlayıb”.

Politoloq Qabil Hüseynli deyir ki, Türkiyənin 49 diplomatı və bununla yanaşı, bir neçə TIR sürücüsü İŞİD-in əlində girovdur. Ankara hökuməti bunu əsas gətirərək adıçəkilən radikal qruplaşmaya qarşı hərbi əməliyyatlara girişmir: "Amma bunlar elə də ciddi bəhanə deyil. Çünki İŞİD İraq və Suriyada minlərlə insanı faciəli şəkildə məhv edir və islam dinini gözdən salır. Ona görə də hərbi yolla tezliklə sıradan çıxarılmalıdır. Artıq bu prosesə 16 dövlət qoşulub. Ancaq İran və Türkiyə müxtəlif bəhanələr gətirərək koalisiyaya qoşulmaqdan imtina edirlər. Halbuki, İŞİD-in meydana gəlməsində Türkiyənin müəyyən rolu olub. Türkiyə hökuməti vaxtı ilə terrorçular üçün Şanlı Urfada hərbi baza düzəldərək onları Bəşər Əsədə qarşı yönləndirirdi. İndi bu təhlükə onların özünə qarşı çevrilib”. Q.Hüseynlinin sözlərinə görə, ümumiyyətlə, AKP hökuməti iki dəfədir ki, böyük siyasi səhvə yol verir: "İlk səhvi o idi ki, Ərdoğan ABŞ-ın İraqa hücumu zamanı öz ərazisini istifadəyə verdi, müttəfiq ordularına milyard dollarlarla vəsait ayırdı. Bu mövqe bölgədə gərgin proseslərin vüsət almasına şərait yaratdı. İkinci səhv isə Türkiyədə və İraqda kürdlərin əl-qol açmasına imkan vermələri idi. AKP-nin bu "yumşaq” siyasəti nəticəsində kürdlər bütün bölgədə söz sahibi oldular. Hesab edirəm ki, hazırda Ankarada səfərdə olan ABŞ dövlət katibi Con Kerri Türkiyə hökumətini razı salmağa çalışacaq. Əgər Türkiyə bu koalisiyaya qoşulmasa, qardaş ölkənin ərazi bütövlüyü ciddi təhlükə altına düşəcək”.

İsmayıl