Şimali Qafqazda müharibə vəziyyəti yaranıb
İraq və Suriyada böyük ərazilər ələ keçirən radikal islamçı qruplaşmalar Şimali Qafqazda da mövqelərini möhkəmləndirməyə başlayıblar. Son aylarda dəfələrlə təxribata əl atan və bir neçə obyektə basqın edən radikalların Çeçenistan və Dağıstandakı fəallığı Rusiya təhlükəsizlik orqanlarını da hərəkətə keçirib.
Təhlükə barədə məlumat yayan nüfuzlu "Bloomberg” agentliyi vəhhabilərin fəallaşmasını təhlükəli hadisə kimi qiymətləndirib və hazırda Dağıstanda mindən çox insanın İŞİD-in sıralarında döyüşdüyünü xəbər verib. Agentliyin məlumatına görə, yüzə yaxın dağıstanlı radikal geri qayıtdıqdan sonra Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda öldürülüb. Buna baxmayaraq, agentlik "İslam dövləti”nin xərçəng şişi kimi Şimali Qafqazda yayılma ehtimalının böyük olduğunu yazıb.
Təbii olaraq, dünya üçün ciddi təhdidlərdən hesab olunan İŞİD yaraqlıları Rusiya ilə həmsərhəd olan Azərbaycanı da narahat edir. Çünki fəallaşan radikallar Cənubi Qafqaz ölkələri üçün də təhdid predmetinə çevrilə bilərlər.
Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, İŞİD-in tərəfdarları və onlara qoşulmaq istəyən dini-ekstremist qruplar dünyanın hər yerində var. Bu qrupların bəziləri maliyyə dəstəyi almaq, bəziləri isə terrorçu dəstə kimi gündəmə gəlmək məqsədi ilə manevrlər edirlər: "Əlbəttə, Şimali Qafqazda, yəni, Dağıstanda və Çeçenistanda bunların baş qaldırması və bizim sərhədlərə yaxın olması təhdidin artması deməkdir. Məlumdur ki, Dağıstan və ümumiyyətlə, Şimali Qafqaz ərazisində, yəni Azərbaycanın Rusiya ilə həmsərhəd ərazilərində belə radikal, ekstremist dini qruplar keçən əsrin 90-cı illərindən mövcuddur . Onlar "islamın ilkin təşəkkül dövrü”nə qayıtmaq adı ilə silahlı terror və digər hərbi əməliyyatlar aparırlar. Belə radikal qrupların, İŞİD, "Əl-Qaidə”, "Ceyşullah”, "Hizbullah” və digərlərinin regionda olmaları Azərbaycanın təhlükəsizliyinə olan təhdid risklərini artırır. Eyni zamanda, bu qrupların tərkibində bizim həmvətənlərimiz də var. Həmin şəxslər təhlükəyə çevrilə bilərlər. Bu təhlükələr də istənilən vaxt təhdidə çevrilə və daxili sabitliyə təsir edə bilər. Ancaq bununla əlaqədar hər bir dövlətin, eyni zamanda Azərbaycanın da xüsusi hazırlanmış fəaliyyət planı var və mütəmadi olaraq biz həyata keçirilən belə tədbirlərin şahidi oluruq. Yəni bu gün, bu sahədə mübarizə qənaətbəxş səviyyədədir. Əlbəttə ki, bu, mürəkkəb, ağır bir sahədir. Həmin qrupları aşkarlamaq, öyrənmək, araşdırmaq lazımdır. Bu isə çətin, ağır və zəhmət tələb edən bir işdir. Lakin bütün bunlara baxmayaraq, demək olar ki, Azərbaycanda bu mübarizə normal səviyyədə qurulub və həyata keçirilir”.
Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl Şimali Qafqazda fəaliyyət göstərən radikal dinçi qrupların Rusiya kimi böyük bir dövlətə əməlli-başlı təhlükə yaratdığını deyib: "Şimali Qafqazda müharibə vəziyyəti yaranıb. Radikal qruplaşmalar öz ideyaları və maliyyə qaynaqları vasitəsilə çeçen millətçiləri və digər Şimali Qafqaz xalqları arasında tərəfdarlar toplayaraq Rusiya kimi nəhəng bir dövlətə problemlər yaradırlar. Bu istiqamətdə onların xətti Azərbaycanda da davam edə bilər. Hər halda milli təhlükəsizlik orqanları ehtiyatlı davranmalı və həmin qrupların ölkəmizə sızmasına imkan verməməlidir”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı radikal yaraqlıların region üçün yenilik olmadığını bildirib: "Xüsusi ilə Əfqanıstanda Sovet işğalı başa çatandan sonra islam adı altında silahlı mübarizə daha çox Şimali Qafqaza yönəldi. ABŞ-ın İraqa müdaxiləsi, Taliban məsələsindən sonra radikal qrupların fəaliyyəti bir az da qlobal xarakter almağa başladı. İŞİD-ə qədərki proseslərə görə, radikalların regionda özünə dayaq tapması təsadüfi deyil. Yəni, bu, gözlənilən idi. İŞİD-in tərkibində də Qafqazdan olan şəxslər var. Bunların regiona daşınması realdır. Amma Rusiyanın və Azərbaycanın imkanlarına baxsaq, həmin qrupların uğur qazanma ehtimalları azdır. Əvvəldən bünövrə olduğu üçün həmin bölgədə müəyyən təhlükə yarada bilərlər. Amma İŞİD bizim region üçün böyük təhlükə yaradacaq iqtidarda deyil. Dağıstanda hansısa "əmirliyin” fəallaşması bizim üçün yenilik sayılmamalıdır. Onsuz da Şimali Qafqazda müxtəlif silahlı qüvvələr var və neçə illərdir ki, döyüşürlər. Amma bunun Cənubi Qafqaza keçməsi, İraqda, Suriyadakı həddə çatması gözlənilən deyil”.
İsmayıl