İslam da var, müasirlik də...

Ərəb turistlər bilirlər ki, Bakıda heç kim onlara “əyri” baxmayacaq“Bizim bircə nöqsanlı cəhətimiz otellərlə turizm şirkətləri arasında koordinasiyanın olmamasıdır”
Ərəblərin ölkəmizə axını danılmazdır. Nəinki arxada qoyduğumuz yay mövsümündə, elə ilin digər fəsillərində də ərəb ölkələrindən Azərbaycana turist axını müşahidə edilirdi. Ərəblərin səsi-sorağı gah Qubadan, Qusardan, Şahdağdan, gah da qoruqlarda qanunsuz "ov ovlayıb-quş quşlamaqdan” gəlirdi. Paytaxtın gəzməli-görməli məkanlarında dolaşmaq kifayətdir ki, xarici turistləri, ən çox da müsəlman ölkələrindən gələnləri görəsən. Məsələn, İçərişəhərdə onlar daha çox görünürlər. Yəqin, bu, İçərişəhərin tarixiliyə bürünmüş cazibəsindən irəli gəlir. Şəxsən mən hər dəfə İçərişəhərə yolum düşəndə qarşıma azından 10-15 başı örtüklü, ya da əbalı kişi-qadın çıxıb. Media da, telekanallar da son zamanlar xaricilərin, xüsusən də ərəblərin ölkəmizdəki macəralarına çox yer verir.
Əlbəttə, ölkəmizin xaricilər üçün cəlbedici olması sevindiricidir. Elə həmişə biz hansısa ölkəyə heyranlığımızı ifadə edəsi deyilik ki!..
Qoy indi də başqaları gəlib ölkəmizi, onun maddi və mənəvi sərvətlərini görsünlər. Bəs ərəbləri Azərbaycana cəlb edən nədir? Müsəlman, eyni zamanda tolerant ölkə adını qazanmış olması, tarixiliyi, mədəni zənginliyi, yoxsa əlçatan - pulçatan olmasımı?
Turizm üzrə mütəxəssislər bu amillərin hər birinin rol oynadığını bildirir. Yəni, xaricə səfərə hazırlaşan insan gedəcəyi ölkədə hər bir amili gözardı etməlidir.
Öncə onu xatırladaq ki, ərəb turistlərin Azərbaycana marağının artması ilə bağlı maraqlı araşdırmalar var. Məsələn, Trend-in məlumatına görə, Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, Azərbaycana ərəb ölkələri arasında daha çox İraqdan turistlər gəlir. Bu da İraqdan Azərbaycana birbaşa aviareysin olması ilə izah edilir.
Assosiasiya rəsmisi qeyd edib ki, bu il Azərbaycana Oman, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytdən də gələn turistlərin sayı çoxalıb: "Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayının çoxalması Fars körfəzi ölkələri üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunması ilə əlaqədardır”.
M.Ağakərimov bildirib ki, ərəb turistlərin Azərbaycanda ən çox gəzdikləri məkanlar Bakı şəhəri, regionlardan isə Quba, Qusar, Qəbələ, İsmayıllı və Ağsudur.
Onun sözlərinə görə, ərəb turistlər Azərbaycanda çimərliklərə, əyləncəli proqramlara daha çox maraq göstərirlər: "Azərbaycanda həm Avropa, həm də Asiyanı birləşdirən amillər var ki, bu da ərəb turistləri maraqlandırır. Ölkəmizə gələn ərəblər daha çox Azərbaycanın görməli yerləri ilə tanış olmaq istəyirlər, Dənizkənarı Milli Parkı bəyənirlər. Turistlərin bir çoxu Azərbaycanın
təbiətini, tarixi abidələrini, mətbəxini bəyənirlər. Ölkədəki sabitlik də ərəb turistləri Azərbaycana cəlb edən amillərdəndir. Apardığımız təhlillərə görə, ərəb turistlər nəinki yay, hətta qış aylarında da Azərbaycana üz tutacaqlar. Çünki ölkəmizdə qış turizmi üçün böyük şərait var”.
M.Ağakərimov qeyd edib ki, Azərbaycana gələn ərəb turistlər ölkəmizdə orta hesabla 1 həftəyə yaxın qalırlar: "Ərəb turistlər ekskursiyalardan da çox istifadə edirlər. Onlar daha çox tarixi yerlərə - Yanardağa, Atəşgaha, həm də regionlara ekskursiyalara gedirlər”.
Turizm sahəsi üzrə mütəxəssis, iqtisadçı Elxan Vəliyev "Şərq”ə açıqlamasında turist səfərinə çıxanların bir neçə amili əsas götürdüklərini bildirdi: Havası təmiz, günəşi, dənizi olan ölkələr çoxdur. Xaricə səfər etmək istəyənlər gedəcəyi ölkəni təkcə bu keyfiyyətlərinə görə seçmir. Hazırda bütün dünyada turizm üçün ən ümdə şərt sabitlik və əmin-amanlıqdır. İndi heç kim araşdırmamış, ölkənin vəziyyətinə bələd olmamış, necə deyərlər, ayağını qapıdan çölə atmır. Məlumdur ki, hansı ölkədə daxili qarşıdurma və ya xarici müdaxilə, ümumən təhlükəli vəziyyət yaranırsa, hökumət vətəndaşlara həmin ölkələrə səfər etməməyi məsləhət görür. Azərbaycan isə artıq sabit ölkə kimi tanınır. Üstəgəl, turizm imkanlarının genişliyi, ölkəmizi xaricilər üçün cəlbedici hala gətirir. Biz burada siyasi amilləri də gözardı edə bilmərik. Hazırda Türkiyədə stabillik ürəkaçan səviyyədə deyil. Bəziləri Türkiyəyə səfər etməkdən hələ də ehtiyatlanır. Ukrayna, Krımla bağlı da vəziyyət məlumdur. Xaricilərin ölkəmizə marağının artmasının əsas səbəblərindən biri ölkədəki daxili stabillik, təhlükəsiz şəraitin mövcudluğudur. Xaricilər Azərbaycanda özlərini tam təhülkəsiz, rahat hiss edirlər. İkinci amil, son illər Azərbaycan hökumətinin turizm sektorunun inkişafı üçün lazımi addımlar atmasıdır. Azərbaycanda gözəl turizm infrastrukturu var. Turizm imkanları da genişdir. Bilirsiz ki, dövlət başçısı turizm sektorunun inkişafını daim diqqətdə saxlayır və gərəkən tapşırıqlar verir. Digər tərəfdən, təbliğat işi də yaxşı qurulub. Turistlərin cəlb edilməsində təbliğat böyük əhəmiyyət daşıyır. Ərəbləri Azərbaycana cəlb edən səbəblər də çoxdur. Birincisi, Azərbaycan müsəlman ölkəsidir. Həm də tolerant bir ölkədir. Azərbaycanda eynən Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi, islam mədəniyyəti ilə Avropa mədəniyyəti qoşalaşıb. Azərbaycanda heç kimə basqı yoxdur. İslam adət-ənənəsinə uyğun davranmaq istəyənlərə də, müasirliyə də eyni dərəcədə hörmət var. Hər kəs sərbəst seçim edir. Ərəblər də bunu bilir. Bilirlər ki, onlara burada heç kim "əyri” baxmayacaq. Üstəlik, ərəb ölkələrindən gələnlərin yaxşı maddi imkanları var. Onlar üçün 3 və ya 5 "ulduz”lu otellərdə qalmaq, səyahət etmək maddi baxımdan çətinlik yaratmır. Özlərini burada sərbəst hiss edirlər və ölkəmizi bəyənirlər və gəlirlər.
E.Vəliyev qeyd etdi ki, bizim bircə nöqsanlı cəhətimiz otellərlə turizm şirkətləri arasında koordinasiyanın olmamasıdır:
- Bu iş əsaslı şəkildə qurulmalıdır. Turizm şirkətləri otellərlə birgə işləməli və nəinki daha yaxşı şəraiti olan, həmçinin ölkəmizi daha yaxşı təqdim edəcək, daha yaxşı tanıdacaq, qonaqları daha yaxşı məlumatlandıracaq otellərlə işbirliyi yaratmalıdırlar. Hansısa ölkəyə səfər edən şəxs ancaq yeyib-içməyə, kef etməyə gəlmir. Siz yəqin müşahidə etmisiniz ki, şəhərimizin qonaqları gözəgəlim yerlərin, tarixi abidələrin fotosunu çəkir, onlar barədə məlumat əldə etmək istəyirlər. Otelin işi sadəcə, qonağı qarşılamaq, yedirib-içirib yatızdırmaqdan ibarət olmamalıdır. Otel rəhbərliyi qonaqların mənalı istirahətini təşkil etməlidir, bunun üçün xüsusi əməkdaşları olmalıdır və onlar gələn qonaqlara tarixi yerləri göstərməklə yanaşı, həm bu tarixi abidələr, həm də ümumiyyətlə, ölkəmiz haqqında dolğun məlumat verməyi də bacarmalıdırlar. Ona görə də turizm şirkətləri ilə otel və mehmanxanaların işbirliyi vacibdir. Hətta bu sahədə tenderlər təşkil edib qalib gələn otellərə qonaqların yerləşdirilməsini həvalə etmək ən yaxşı inkişaf vasitəsidir.
Biz elə etməliyik ki, gələnlər bir də gəlsin və gələnlərin sayı getdikcə daha da artsın. Bunun üçün də Gürcüstanın, Ukrayna, Çernoqoriyanın təcrübəsindən yararlanmalıyıq. Məsələn, Gürcüstan hökuməti xarici investorlara güzəştlər tətbiq etməklə otel sektorunun inkişafına nail oldu. Xarici investorlara şərait yaratmaq lazımdır. Həmçinin daxili investorlara da güzəştlər olmalıdır ki, yerlərdə turizm sektoru inkişaf etsin.
Məlahət Rzayeva