İsraildən Türkiyə və Azərbaycana xoşməramlı jest

Vəfa Quluzadə: “Ciddi dövlət heç vaxt saxta tədbirlərə qatılmaz”



Qondarma erməni soyqırımının 100 illiyinə sayılı günlər qalıb. Hələ ki bədnamların qardaş Türkiyəni dünya ictimaiyyətini qəddar, amansız və qəsbkar kimi tanımaq cəhdləri nəticəsiz qalır. Artıq ermənilər bu reallığı dərk ediblər.

Doğrudan da, yubileyə az qalmasına rəğmən, yalnız Fransa prezidenti Fransua Olland İrəvana təşrif buyuracağını rəsmən bəyan edib. İngiltərənin baş naziri Devid Kemeronun qatılmayacağı bəllidir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yerdə qalan digər ikisi - Çin və ABŞ liderləri də böyük ehtimalla düşmən ölkəyə gəlməyəcəklər. Bundan başqa, dünya siyasətinə ciddi təsiri olan yəhudi lobbisinin və onun dövlətinin - İsrailin 24 aprellə bağlı mövqeyi də aydın olub. İsrailin Ermənistandakı səfiri Şmuel Meyrom erməni mediasına müsahibəsində diplomatik nəzakətlə, lakin kifayət qədər açıq mətnlə rəsmi Təl-Əvivin 24 aprel törəninə qatılmayacağının anonsunu verib. Sitat: "Bu il İsrailin Müstəqillik Günü aprelin 22-dən başlayır və bütün sonrakı gün davam edir. Aprelin 24-ü cümə gününə təsadüf edir. Məhz cümə günü axşam Şabbat başlayır. Ona görə də İsrailin rəsmi şəxslərinin həmin gün bu tədbirlərdə iştirakı sadə məsələ deyil. Bizim nəzərimizcə, 24 aprel hansısa rəsmi səfər üçün problemli tarixdir. Ümid edirəm ki, İsrailin rəsmi nümayəndə heyəti İrəvana il ərzində baş çəkəcək”. Diplomatik dildən tərcümədə bu, elə imtina deməkdir. Eyni zamanda erməni "genosidi” iddialarının yəhudi dövləti və lobbisi tərəfindən ciddi qəbul edilmədiyinin, İsrailin onu heç vaxt tanımayacağının etirafıdır. Şübhəsiz ki, rəsmi Təl-Əvivin mövqeyi İsarilin Ankaraya və Bakıya mühüm, tarixi pərəstişi kimi izah olunur. Məlumat üçün bildirək ki, bu ilin yanvarın 28-də İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Holokost qurbanlarının xatirəsini anım mərasimində çıxışı zamanı dünyanın müxtəlif regionlarında, o cümlədən Əfqanıstan, Suriya, Bosniya və Nigeriyada törədilmiş soyqırım və qırğınlardan danışarkən Xocalı faciəsindən də söz açıb. Dünya birliyinin soyqırıma qarşı mübarizəsinin kifayət qədər effektiv olmadığını vurğulayıb. Bu arada qeyd edək ki, dünən Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və onun müavini Ronen Krauszla görüşüb. Şuradan verilən məlumata görə, səfir R.Harpaz dövlətlərimiz arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən razılığını bildirib və Xocalı soyqırımına dair bu günlərdə İsraildə keçirilən tədbirdə xarici işlər naziri Aviqdor Libermanın iştirakının buna sübut olduğunu deyib. Səfir Azərbaycanın dünyəviliyin sözün həqiqi mənasında mövcud olduğu islam ölkəsi kimi unikallığı ilə seçildiyini və ölkəmizin multikulturalizm təcrübəsinin bütün dünyada tətbiq olunmasının vacibliyini diqqətə çatdırıb.

İsrailin diplomatik jestini şərh edən "Xəzər” Araşdırmalar Fondunun sədri, politoloq Vəfa Quluzadə "Şərq”ə açıqlamasında bildirib ki, İsrail-Türkiyə əlaqələri gərgin olsa da, rəsmi Təl-Əviv Ankaranı özü üçün böyük əhəmiyyətli dövlət sayır. Ekspertin sözlərinə görə, bu ölkələr arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək: "Sözügedən ölkələrin əlaqələri tamamən qırılmayıb. Müxtəlif ticari və başqa əlaqələri davam edir”.
Sabiq müşavir bu ölkələr arasındakı əlaqələrin inkişaf edəcəyi düşüncəsini hər iki ölkənin NATO təmsilçisi olması ilə izah edib: "Bu təşkilat İsrail və Türkiyə ilə əməkdaşlıqda çox maraqlıdır. Məsələyə həmin kontekstdən yanaşanda, onlar arasındakı münasibətlərin bərqərar olacağına ümid bəsləmək olar”.
Qondarma erməni soyqırımına gəlincə, ekspert bəyan edib ki, heç bir ciddi ölkə rəhbəri "soyqırımı” tanıya bilməz: "Bunun sübutu yoxdur. Yəhudilərin soyqırımı isbat olunub. Hitler və onun dəstəsi onlara hökm oxuyub. Lakin erməni "qətliamı” barədə heç yanda fakt yoxdur. Ciddi dövlət heç vaxt saxta tədbirlərə qatılmaz. Şübhəsiz ki, bunu açıq şəkildə demirlər. Diplomatik yollarla qondarma toplantılardan qaçırlar”.

Ayyət Əhməd