İstəsələr bir saatın içində bu iş bitər...

“Uzun illərdir bu ədaləti, bu haqqı görmürük. Ona görə də beynəlxalq təşkilatlara heç bir ümid bəsləmirəm. İnanmıram ki, onlar girovlarımızın taleyi ilə bağlı nəsə edəcəklər”





Hərbi gücümüzdən istifadə edib girovlarımızı azad etməliyik

Uzun müddətdir ki, əsirlikdə olan girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə dair yeni məlumat yoxdur. Beynəlxalq təşkilatlarda, konfranslarda məsələ qaldırılsa da, nəticə göz qabağındadı. D.Əsgərov və Ş.Quliyevin azad olunması ilə bağlı heç bir nəticə əldə olunmur.

Beynəlxalq təşkilatların isə məsələyə soyuqqanlı yanaşması göz qabağındadı. Görünür, aparılan danışıqlar, müzakirələr sadəcə görüntü üçündür. Bəs, girovlarımızı geri qaytarmaq üçün başqa hansı yollara əl atılmalıdır?

Millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ problemi başlayandan beynəlxalq təşkilatlar məsələyə hansı standartlarla yanaşıblarsa, saxtakarlıq, qeyri-səmimilik, riyakarlıq göstəriblərsə, girovlarımızın taleyinə də münasibət eynidir. Deputatın sözlərinə görə, beynəlxalq təşkilatlar sanki ermənilər kimi işğalçı, terrorçudurlar:

"Ona görə də ermənilərin tərəfini saxlayırlar. Burda artıq izaha ehtiyac qalmır. Bu təşkilatların fəaliyyətini nəzərdən keçirəndə, 28 il ərzində bizə qarşı olan haqsızlıqları, qeyri-insani münasibətləri fikirləşəndə məcbur olursan ki, onların ünvanına ən pis sözləri deyəsən. Təşkilatlar çox gözəl bilir ki, iki nəfər girov, Xocalıda ermənilər tərəfindən bir gecədə öldürülən 613 nəfər dinc sakin günahsızdır. Onlar gözəl bilir ki, Azərbaycanın 20 faiz torpaqları erməni işğalı altındadı və Azərbaycanın tələbi haqlı, ədalətli tələbdir. Hər kəs yaxşı bilir ki, Azərbaycan heç bir ölkənin torpağına göz dikmir.
Biz axı beynəlxalq təşkilatlardan nə gözləyirik? Demirik ki, bizim xeyrimizə nəsə etsinlər, Azərbaycan tərəfi heç vaxt bunu istəməyib. Biz ancaq demişik ki, haqqın, beynəlxalq hüququn, ədalətin tərəfində olsunlar. Ancaq uzun illərdir bu ədaləti, bu haqqı görmürük. Ona görə də beynəlxalq təşkilatlara heç bir ümid bəsləmirəm. İnanmıram ki, onlar girovlarımızın taleyi ilə bağlı nəsə edəcəklər. Nə deyirlərsə yalan deyirlər, onlar qeyri-səmimi və saxtakardır. İstəsələr bir günün, hətta bir saatın içində girovlarımızı ermənilərdən alarlar”.

E.Məmmədovun qənaətincə, girovlarımızın azad olması üçün yeganə çıxış yolu məsələni öz gücümüzlə həll etməkdir: 

"Ümid ancaq özümüzədir. Ermənilər elə bir düşməndir ki, onlara qarşı güc tətbiq eləməsən, diz çökdürməsən, heç nə ilə razılaşmayacaqlar. Biz hərbi gücümüzdən istifadə etməliyik, Azərbaycan əsgəri sözünü deməlidir. Erməni Azərbaycan əsgərinin qabağında diz çökməlidir.

Beynəlxalq, substantiv danışıqlar, həmsədrlərin görüşləri və s. Bilmirəm bütün bunlar leksikonumuza hardan daxil olub. İnsanları aldadırlar, bunların heç birinin əhəmiyyəti yoxdur. Sadəcə olaraq ölkəmiz günü-gündən daha da güclənməli, ordumuz döyüş qabiliyyətini hər an yüksəltməlidir.

2008-ci ildə Osetiya-Gürcüstan münasibətlərində Putin də, Medvedyev də bir ifadə işlətdi. Onlar dedi ki, biz Gürcüstanı sülhə məcbur etmək variantından istifadə elədik. Biz də erməniləri sülhə məcbur etməliyik. Bunun üçün hərbi gücümüzü tətbiq edib düşməni diz çökdürməliyik. Əks təqdirdə danışıq, razılaşma yolu ilə heç nə əldə olunmayacaq”.

Yeganə Bayramova