İtkin gəlinlər...

Onlar ata evinə getməkdən, küçələrdə qalmağı üstün tuturlar
Atalar "ər arvadın savaşı, yaz gününün yağışı” desələr də, əksər hallarda bu yağış qurumaq bilmir. İndiyə qədər ər-arvadın küsmə üsulu ata evinə getmək olub. Gəlinlərin ən kiçik narazılıq zamanı belə pal-paltarını yığıb ata evinə üz tutmasının hər birimiz şahidi olmuşuq. Ailəsini sevən yoldaşının gəlib aparmasını gözləyib, yalnız o halda evinə geri qayıdanlar da olur, yoldaşı gəlməyəndə isə özü getdiyi kimi geri qayıdanlar da. İstənilən halda bu gün "atam evinə gedirəm”, "bəyənmirsən, atanın evinə get” kimi ifadələr də işlənilir.
Yaşadığı evi tərk etmək düzgün bir davranış olmadığı halda, həm də ailəyə hörmətsizlikdir. Anlaşmazlıqlar yarandığı an çarə kimi ata evinə üz tutmayıb, problemləri həll etmək isə evliliyi sağlam edib, xilas etməyin ən gözəl üsuludur. Məhz buna əsasən də qız köçürən valideynlər yeni gəlinə "gəlin paltarında gedib, kəfəndə qayıdarsan” kimi məsləhətlər verir.
Son vaxtlar isə ölkədə qəribə bir tendensiya yaranıb. Keçmiş əyyamlardan fərqli olaraq, evdən qaçanların çox az hissəsi ata evinə qayıdır.
Evdən qaçanlar daha çox müstəqil həyatı seçir.
Obrazlı desək, Türkiyənin "Star” telekanalında yayımlanan "Qaçaq gəlinlər” serialı Azərbaycanda canlı həyatda yaşanır. Macəra, romantika gəlinləri küçələrə salır. "Azadlıq və müstəqillik axtarışına çıxan” itkin gəlinlər isə əksər zaman evi tərk edəndən sonra adətən taleyin ümidinə qalır, harada gəldi gecələyirlər. Bəzən də onlar "ovçu”ların atdığı tilova düşür. Nəticə isə çox pisdir. Yiyəsiz qalan belə gəlinlər adətən zorlanır, təzyiqlərlə üzləşir, insan alverinin qurbanına çevrilirlər. Bəs gəlinləri evdən itkin salan nədir. Onlar ucunu görə bilmədikləri bu yola niyə çıxırlar”. Qeyd edək ki, bir ay bundan əvvəl Zaqatala rayonunda itkin düşdüyü bildirilən gənc ana 3 yaşlı övladı ilə birgə geri dönüb. Həyat yoldaşından inciyən 23 yaşlı Ruqiyyət Şaban qızı ayrılmaq məqsədi ilə evdən xəbərsiz çıxıb. Qadın öncə Gəncə şəhərinə getdiyini, televiziya kanallarında barəsində axtarış elan olunduğunu eşitdikdən sonra isə Bakıda yaşayan rəfiqələrinin yanına yola düşdüyünü açıqlayıb. Rəfiqələrinin təkidi ilə Zaqatalaya, anasının yanına geri dönmək qərarına gələn R.Quliyeva əməlindən peşman olduğunu açıqlayıb. Psixoloq Azad İsazadənin sözlərinə görə, ərli qadınların evdən qaçmasının səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, evdən qaçan gəlinlərin ata evinə yox, şəhərə üz tutmasının əsas səbəblərindən biri onun ata evində qəbul edilməməsi ilə bağlıdır. Yəni yuxarıda dediyimiz kimi, "gəlin paltarında gedib, kəfəndə qayıdarsan” deyə, ər evinə köçürən valideynlər qaçan övladlarını qəbul etmədən geri qaytarır: "Konkret statistika olmadığı üçün bu tendensiyanın yeni dəb halını aldığını söyləmək bir qədər çətin olar. Ola bilsin ki, bu cür hallar əvvəllər də olub, sadəcə ictimailəşməyib. Həm də o vaxtlar ər evindən ata evinə qaçanların da sayı indiki kimi çox deyildi deyə, məsələ bu qədər aktuallaşmamışdı. Hesab edirəm ki, indiki gəlinlər ər evindən ata evinə yox, şəhərə qaçmasının əsas səbəblərindən biri ata evində həmin gəlini heç kimin qəbul etməməsidir.
Həm də rayon yerində qadının öz ayaqları üstündə durmasına pis baxırlar. Ər evindən qaçan gəlinin özbaşına gedib, ev tutmasına, işləməsi normal qəbul olunmur. O da təzyiqlərdən, şübhəli baxışlardan azad olmaq üçün şəhərə üz tutur. Burada iş tapmaq, kirayə ev tutmaq daha asandır. Həmçinin ailədə hansısa problemləri olan gəlin gizlənmək üçün də Bakıya qaça bilər. Olur ki, bəzən əri, ya da atası, qardaşı onu öldürəcəyi ilə təhdid edir, o da tək çıxış yolunu paytaxta gəlib, gizlənməkdə görür. Çünki həmin gəlin rayonun özündə gizlənsə, həm daha tez tapılacaq, həm də orada ev tuta, iş tapa bilməyəcək. Bu kimi amillər rol oynasa da, gəlinin ata evinə yox, şəhərə qaçmasının kökündə onun ata evində qəbul edilməməsi dayanıb”.
Şəymən