“Jirinovskinin gəlişi sübuta yetirdi ki...”

Zahid Oruc: “Azərbaycan həqiqətləri ilə düzgün silahlandırılanlar ölkəmizə qarşı kəskin mövqeyindən çəkilir”




Bir müddət öncə Bakıda rəsmi səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, duma üzvü Vladimir Jirinovski Moskvada Azərbaycanın təbliğatına başlayıb. Belə ki, ötən günlərdə Dumada V.Jirinovskinin Azərbaycan səfərinin nəticələri müzakirə olunub.

Tədbirdə iştirak edən Dumanın Azərbaycan Milli Məclisi ilə əlaqələr üzrə deputat qrupunun koordinatoru Dmitri Savelyev bildirib ki, RLDP sədri Azərbaycanın uğurlarından məmnun qalıb və Azərbaycan barədə təsəvvürləri xeyli dəyişib: "Azərbaycanın nümunəsi gəstərir ki, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün böyük potensial var. RLDP bunu yüksək qiymətləndirməyin tərəfindədir”.

D.Savelyevin açıqlamasını dəyərləndirən Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, Moskvada mühüm vəzifə daşıyan şəxslərin ölkəmiz adına atdığı müsbət addımlar təqdir olunmalıdır. Onun sözlərinə görə, beynəlxalq şəraitdən asılı olmayaraq, hər bir ölkə Rusiya ilə əlaqələrini davam etdirməkdədir:

"Ölkəmizdə anti-Rusiya fonu yaratmaq və 90-cı illər düşüncəsini qabartmaq Azərbaycan dövlətinin mənafeyinə ziddir. Hər bir siyasətçi və ya parlament üzvü ölkəsinin tarixini bilməlidir. Lakin tarixçi kimi düşünməməlidir. Dünyada müxtəlif ölkələr arasında konfliktlər baş verib. Sonrakı dövrlərdə isə hansısa dinc münasibətlərə qədəm qoyublarsa, qarşılıqlı faydalı əməkdaşlığın formalarını tapıblar”.

Deputat bəyan edib ki, Jirinovski daxil Rusiya elitasında olan əksər insanlar Avropa məkanında baş tutan tədbirlərə qatılırlar: "Britaniya dumanın bütün üzvlərini və yaxud dövlət idarəsində yer alanların ölkəsinə gəlişini qadağan eləyib? Xeyr. Anlamaq lazımdır ki, "Jirinovskinin əli Azərbaycan xalqının qanına batıb” deməklə meydandakı məhdud qüvvələrin alqışını qazanıb, sonrakı mərhələdə siyasətdə dilettantlıq nümayiş etdirmək işimizə zərbə vura bilər. Rusiya böyük bir məkandı. Ona Qərblə aparılan savaşın nəticəsindən baxmalı deyilik”.

Z.Oruc hesab edir ki, Rusiya Azərbaycan üçün iqtisadi əlaqələr meydanıdır: "Orada xeyli insanımız çalışır. İstənilən iqtidarlardan asılı olmayaraq Rusiya ilə ticarət dövriyyəsi davam etməli olacaq. Müxtəlif sahələrdə Qərb Rusiyadan asılıdır. Jirinovskinin gəlişi sübuta yetirdi ki, Azərbaycan həqiqətləri ilə düzgün silahlandırılanlar ölkəmizə qarşı kəskin mövqeyindən çəkilir. Jirinovski iki dəfə canlı yayımda Azərbaycan adına toxunub və ölkəmizin adını müsbət planda qeyd edib”.

Parlamentarinin qənaətincə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı ölkəmizin qərblə əlaqələrinə zərbə vurmayacaq: "Bir daha söyləyirəm ki, Avropa ölkələri Moskva ilə münasibətləri ən sıx şəkildə saxlamaqda davam edir. Qərbyönümlü siyasətimizdən imtina etməmişik. Kimsə deyə bilərmi ki, Azərbaycanın əleyhinə olan avropalı şəxslər ölkəmizə buraxılmır? Onların ölkəmizə səfəri hazırda da davam edir. Hansı avropalının qarşısına xüsusi şlaqbaun qoyulub? Maraqlarımız nəyi tələb edirsə, onu etməliyik. Dövlət bundan ibarətdir. Jirinovski və Savelyevin Azərbaycanda müxtəlif işləri müsbət dəyərlərlə ifadə etmələri maraqlarımıza uyğundur. Balanslı siyasətdən imtina etməmək şərti ilə rəsmi Bakı və Moskva arasındakı əlaqələri yaxşı səviyyədə saxlamalıyıq”.

Ayyət Əhməd