Jurnalistlər daha çox Türkiyə səfirliyindən razıdır

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların heç də hamısı media ilə əməkdaşlığa meyilli deyil
(... əvvəli ötən sayımızda)



Azərbaycan dünya ölkələri ilə diplomatik əlaqələrini genişləndirməkdə davam edir. Həmçinin, xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz dövlətlərarası əlaqələrin qurulub inkişaf etdirilməsində mühüm rol oynayır.

Bu gün Azərbaycanda dünyanın bir çox ölkələrinin səfirlikləri fəaliyyət göstərir. İqtisadi, siyasi, mədəni əlaqələrə söykənən münasibətlər dövlətlərin qarşılıqlı anlaşmasına gətirib çıxarır.
Təbii ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin mətbuatla vaxtaşırı əlaqələrinin qurulması məsələsi də daimi olaraq müzakirə obyektinə çevrilir. Səbəb isə sadədir. Çünki xarici diplomatların heç də hamısı mediaya açıq deyil. Mətbuat işçiləri bu məsələdə müəyyən çətinliklərlə üz-üzə qalır.

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər bir çox hallarda mətbuata qapalı olması ilə diqqət cəlb edir. Media nümayəndələri hər hansı məsələ ilə bağlı səfirliklərin müvafiq şöbəsinə müraciət etsə də, nəticəsi olmur.

Biz də "Şərq” olaraq mətbuat nümayəndələri arasında səfirlərin media ilə münasibətlərinin hansı səviyyədə olması barədə sorğu keçirdik ki, jurnalistlər xarici ölkələrin Bakıdakı səfirliklərindən hansını daha aktiv hesab edirlər?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrətin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin heç də hamısı media ilə aktiv əməkdaşlığa meyilli deyil: "Onlar sadəcə mətbuata açıqlama göndərməklə kifayətlənirlər. Jurnalistlərlə görüşüb hansısa müzakirələr aparmaq, səhər yeməyi bəhanəsi ilə onlarla bir masa arxasında söhbət etməyə maraqlı deyillər. Bir zamanlar bəzi səfirliklərin bu cür ənənələri vardı. Bir neçə dəfə Amerikanın və Böyük Britaniyanın səfirlikləri tərəfindən mən də bu cür tədbirlərə dəvət almışam. Son zamanlar isə bu cür görüşləri müşahidə etmirəm. Baş tutan görüşlər də məhdud sayda jurnalistlərin iştirakı ilə keçirilir. Həmin jurnalistlər də bir qayda olaraq sözügedən ölkəyə xüsusi rəğbəti ilə seçilənlər olur”.

Xarici ölkələrin Bakıdakı səfirliklərindən mediaya aktiv olmalarını tələb etmək hüququmuz olmadığını vurğulayan A.Həsrət deyib ki, bu onların öz siyasətinə bağlıdır: "İstənilən halda isə səfirliklərin media ilə işləməsi, təmsil etdikləri ölkələri tanıtmaq və əlaqələri möhkəmləndirmək baxımından onlar üçün daha faydalı olardı”.

Jurnalist Aliyə Əliyeva bir neçə səfirliklə əlaqə saxlamağın çətin olduğunu deyib:

"Bütövlükdə götürdükdə, mən əksər səfirliklərin fəaliyyətindən razıyam. Bunların arasında Türkiyə, ABŞ, Pakistan səfirlikləri öndə dayanır. Ancaq bəzi səfirliklər bir qədər qapalı fəaliyyət göstərir. Mənim üçün İsrail və Fransa səfirlikləri ilə əməkdaşlıq çətindir”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy isə Bakıdakı diplomatik korpusların sanki qapalı fəaliyyətə keçdiyi qənaətindədir: 

"Səfirliklərin media ilə əlaqələrini qənaətbəxş saymaq olmaz. Hətta hansısa suala cavab almaqdan ötrü dəfələrlə cəhdlər etmək lazım gəlir. Bir müddət öncə, parlament jurnalistləri olaraq səfirliklərdə görüşlərə başlamışdıq, Cənubi Koreya səfiri məni şəxsən qəbul edərək müsahibə vermişdi. Lakin digər ölkələrin səfirlikləri tərəddüdlü mövqe tutdular. "Yeni Müsavat"ın əməkdaşları olaraq Türkiyə, Fransa, İran və ABŞ səfirlikləri ilə əlaqələrdən ümumi şəkildə razı olduğumuzu deyə bilərəm. Təbii ki, əməkdaşlığın daha yaxşı olmasını istərdik. Digər səfirliklər haqqında isə təəssüf ki, müsbət fikir söyləyə bilmirəm. Əslində, Avropa ölkələri media ilə əməkdaşlığına görə nümunə olmalı olduğu halda, onlar bizi məyus edirlər”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə deyib ki, bu tipli mövzular, adətən dövlət qurumlarına, onların ictimaiyyətlə əlaqələr şöbələrinə aid olur: "Çünki səfirliklərin fəaliyyət göstərdiyi ölkələrin mediasına, toplumuna nə dərəcədə açıq olması, həmin səfirliyin ölkəsinin diplomatik fəaliyyətinə uyğundur.

Müqayisə üçün deyə bilərəm ki, 10-15 il öncə bir sıra səfirliklər media ilə daha çox işləyirdilər, Daha çox sosial layihələr həyata keçirirdilər. Qrant müsabiqələri elan edən səfirliklər vardı. Amma indi ölkədə diplomatik korpusun ictimaiyyətlə, media ilə münasibətləri başqa müstəvidədir. Bunun da iki səbəbi var. Birincisi, hazırda dünyada, xüsusilə Şərqdə cərəyan edən hadisələr, qlobal təhlükəsizlik, terrorizm təhlükəsi və s. diplomatik korpusu daha qapalı fəaliyyətə sövq edir.
İkincisi isə son illərdə Azərbaycan qanunvericiliyində ictimai sektorun xarici donorlarla əlaqələrinə dair bir sıra dəyişikliklər də bu məsələyə öz təsirini göstərir. Bununla belə, media ilə sıx işləyən səfirliklərdən Türkiyə, İran, Fransa səfirliklərini qeyd edə bilərəm”.

"Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının da jurnalistlərə qarşı münasibəti elə yerli qurumlarımızın, nazirliklərin mətbuat xidmətləri kimidir. Hər səfirliyin özünə uyğun bildiyi jurnalist siyahısı var: 

"Tədbirlərinə, keçirdikləri ziyafətlərə ancaq həmin jurnalistləri çağırır. Ən obyektivi Türkiyə səfirliyidir. Hətta Türkiyəni sevməyən, tənqid edən media nümayəndələrini belə biz onların tədbirlərində görə bilirik. Amerika, Fransa kimi ölkələrin diplomatik nümayəndəlikləri isə ancaq onların maraqlarını müdafiə edən jurnalistlərlə dostluq edir. Rusiyanın səfirliyini isə ən qapalı diplomatik korpus kimi dəyərləndirirəm. Asiya ölkələrinin, Hindistanın, Pakistanın səfirlikləri isə daha çox rəsmi KİV-lərlə əməkdaşlıq edir, öz tədbirlərinə onları dəvət edirlər”.

Jurnalist Nigar Məhərrəmova xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri arasında aktiv çalışan diplomatik korpusların çox olduğunu deyib:

 "Son illər, Avropa və Qərb ölkələrindən hansınasa sorğu ilə müraciət edəndə cavab ala bilirik. Türkiyə, İran səfirliyini də aktiv çalışan səfirlikər sırasına əlavə etmək olar. Bu səfirliklərdə sorğuya cavab verməmək məsələsi olmayıb. Fəaliyyəti zəif nəzərə çarpan səfirliklərlə işləmədiyimizdən bu barədə hansınınsa adını çəkə bilmərəm”.

Azərbaycanda bir sıra ölkələrin səfirlikləri, diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyini xatırladan "Azxəbər.com”saytının həmtəsisçisiƏfsəllədin Ağalarovun sözlərinə görə, bunların hər birindən aktivlik və ya media ilə yüksək əməkdaşlıq gözləyə bilmərik

"Bizim üşün önəmli olan xüsusi ölkələr var, hansı ki, Azərbaycanın xarici siyasətində onlarla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin Azərbaycandakı səfirliyi bu mənada ön sırada dayanır. Bu ölkənin diplomatik nümayəndəliyi kifayət qədər aktivdir. Həm media nümayəndələri, həm də ictimai-siyasi fəallarla əlaqələri yüksək səviyyədə qurub. Cənab səfir jurnalistlər, QHT nümayəndələri və ictimai çəkisi olan bir çox şəxslərlə mütəmadi görüşlər təşkil edir. Rusiya səfirliyinin də media ilə sıx əlaqələri var. Avropa ölkələrinin səfirlikləri isə zaman-zaman tədbirlər keçirsələr də, bu o qədər də diqqətçəkən olmur. Amerikanın ölkəmizdəki diplomatik nümayəndəlikləri ancaq bəlli şəxslərlə dostluq edib, məhz onların maraqlarını müdafiə edən jurnalistlərlə işləyirlər. ABŞ səfirliyi nədənsə daha çox müxalifyönlü şəxslərlə əməkdaşlığa üstünlük verir. Bu isə obyektiv yanaşma deyil. Amma ABŞ səfirliyinin jurnalist təşkilatları ilə bağlı təşkil etdiyi layihələr önəmlidir. Onlar gələcək fəaliyyətlərində siyasi fikirləri müxtəlif olan, yaradıcı fəaliyyətlə məşğul olan jurnalistləri də öz tədbirlərinə dəvət edib, onlarla əməkdaşlıq etsələr daha yaxşı olar. Sırf hökumətə alternativ mövqedə dayanan insanlarla əlaqə qurmaq, cəmiyyətdə birmənalı qarşılanmır”.

Jurnalist Elçin Hüseynov isə deyib ki, bəzi səfirliklərin media ilə zəif işləməsi onların daxili siyasətləridir: 

"Səfirliklərlə jurnalistlərin iş prosesini normal və yaxşı qiymətləndirirəm. Peşəkar jurnalist üçün heç bir problem yoxdur. Hər bir sahədə olduğu kimi, səfirliklərlə də işləyəndə inam yaratmaq, öz professionallığını göstərmək lazımdır. Belə olan halda heç bir problem ola bilməz. Yalnız səfirlik özü jurnalistlərlə işləməyi istəmədiyi halda bu proses zəif ola bilər.

Xəbər mənbəyi kimi ABŞ, Ukrayna, Belarus, İran, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya, Gürcüstan, Koreya səfirliklərini daha əlçatan hesab edirəm”.

Modern.az saytının əməkdaşı Aqşin Kərimov deyir ki, xarici ölkələrin Azərbaycandakı bir çox səfirlikləri ilə əməkdaşlıq edir. O hesab edir ki, bir çox səfirliklər mətbuata qapalıdır: 

"Nüfuzlu ölkələrdən birinin Azərbaycanda səfirliyi var. Onlarla əməkdaşlıq etmək istəyimi bildirəndə, mənə "yox” cavabı verdilər. Adını çəkməyəcəyəm. Bir onu deyə bilərəm ki, nəyə görə həmin səfirliyin "qara siyahı”sına düşdüyümü hələ də anlaya bilmirəm. Belə əsaslandırdılar ki, bu ölkənin Xarici İşlər Nazirliyi səfirin mənə müsahibə verməsinə razı olmayıb. İndi həmin səfir artıq sabiqdir, yəni keçmiş səfirdir. Bununla belə digər səfirliklərlə də əlaqələrim var. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Qətər, ABŞ və digər səfirliklərlə əməkdaşlıq edirik. Bu səfirliklərin hər biri aktivdir və səlahiyyətləri çərçivəsində suallarımıza cavab verməyə çalışırlar. 

Düzdür, səfirlərdən müsahibə almaq istəsək də, bu bəzən çətin başa gəlir. Hətta bəzən alınmır. Ən aktiv səfirliyə gəlincə, ABŞ, Böyük Britaniya, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin adlarını çəkə bilərəm. Zənnimcə, ABŞ səfirliyi jurnalistlərlə daha interaktiv işləməyə maraqlıdır. Lakin ABŞ səfiri cənab Robert Sekuta ilə müsahibəmiz üçün hələ ki, gözləmə mövqeyindəyik. Ümumilikdə bir neçə səfirliyi çıxmaq şərti ilə yerdə qalanlarının media ilə iş prinsipini normal qiymətləndirirəm”.

Şəymən