Jurnalistlər mandat qazanmaq istəyir

“İki aydan sonra “Media-2015” seçki bloku aktiv fəaliyyətə başlayacaq”




2015-ci ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı ilk seçki bloku yaradılıb. Ölkənin tanınmış jurnalistlərinin yaratdığı "Media-2015” seçki bloku yaxın zamanlarda rəsmən elan olunacaq. Blokun əksər seçki dairəsində dəstəkləyəcəyi namizəd olacaq. Seçki bloku əsasən peşəkar jurnalistləri dəstəkləyəcək. Tanınmış jurnalistlərdən hansının bu blokda iştirak edib-etməyəcəyinə gəldikdə isə fikirlər fərqlidir.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid "Media-2015” seçki blokunun yaradılmasını müsbət addım kimi qiymətləndirsə də, heç bir bloka qatılmayacağını bildirib: "Media seçki bloku 2000-ci ildəki parlament seçkiləri zamanı da yaradılmışdı və bir çox redaktorlar bu blokda təmsil olunurdu. Ancaq o seçki blokundan heç kim parlamentə düşmədi. O zaman müzakirələr gedirdi ki, media qurumunun rəhbəri olaraq, parlamentdə təmsil olunmaq nə dərəcədə doğrudur? O media bloku iflasa uğramışdı. İndi arzu edirəm ki, Elşad Eyvazlının irəli sürdüyü media blokunun fəaliyyəti uğurlu olsun. Ancaq mən o bloka qatılmayacağam. Çünki bu, mənim üçün artıq keçilmiş bir mərhələdir. Mən 2000-ci ildə parlament seçkilərində iştirak etmişəm, 2005-ci ildə isə namizədliyimi geri götürmüşəm, 2010-cu ildə isə namizədliyimi verməmişəm. Bu il namizədliyimi verməklə bağlı qərarım isə şəraitdən asılıdır. Ola bilər ki, namizəd olum. Ancaq bu haqda danışmaq bir qədər tezdir. Seçki prosesinə baxıb, sonra qərar verəcəyəm”.

"Media-2015” seçki blokunun ideya müəlliflərindən olan "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı ilk növbədə blokun gələcək fəaliyyətinə toxunub. Onun sözlərinə görə, əsas məqsəd media sektorundan seçkilərdə namizəd olan həmkarların dəstəklənməsidir: "Adından da göründüyü kimi, sırf media işçilərinin seçkidə iştirakı ilə bağlı yaradılan bir blokdur. Ötən parlament seçkilərində də bizim jurnalistlər iştirak ediblər. Parlamentdəki jurnalistlərin fəaliyyəti onu göstərir ki, daha çox jurnalistin deputat mandatı almasına ehtiyac var. Biz bu bloku seçkilərdə namizədliyini verəcək jurnalistlərə dəstək məqsədilə yaratdıq. Hazırda bir çox media qurumlarının rəhbərləri və fəal jurnalistlərlə iş gedir. Hesab edirəm ki, yaxın bir-iki ay müddətində "Media-2015” seçki bloku aktiv fəaliyyətə başlayacaq”.

Blokun yalnız tanınmış jurnalistlərin namizədliyini dəstəkləyəcəyini vurğulayan E.Eyvazlının sözlərinə görə, artıq bloka qoşulmaq istəyən jurnalistlər bu istəklərini açıq şəkildə bildiriblər: "Dediyim kimi, hələlik müzakirələr davam edir. "Media-2015” seçki blokunun fəaliyyəti tam formalaşandan sonra biz daha ətraflı açıqlama verəcəyik”.

Özünün parlament seçkilərində namizəd olub-olmayacağına gəldikdə isə həmkarımız hələlik bu haqda dəqiq fikrə gəlmədiyini bəyan edib: "Bu barədə qərar vermək üçün hələ çox tez olduğunu düşünürəm. Hələlik bu məsələni zamanın öhdəsinə buraxmışam, yəni parlament seçkilərində namizəd olub-olmayacağım bəlli deyil”.

"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə parlament seçkilərində namizəd olaraq iştirakı planlaşdırmadığını deyib: "Hələ ki jurnalistika sahəsində öz işlərimlə məşğulam. Amma bu blokun işini dəstəkləyirəm. Hesab edirəm ki, jurnalistlər arasında deputatlığa layiqli yoldaşlar var. Onların hər birinə uğurlar arzu edirəm. Bizim seçki təcrübəmizdə media nümayəndələrini təmsil edən fərqli bloklar olub. Bu da onlardan biridir”.

Şəymən