«Kasıbın nəyi olmasa da, külfətdən bol olar» - Bərdədə 10-cu uşaq dünyaya gəlib

Lalə Mehralı: "Kənd yeri üçün çoxuşaqlı ailə problem deyil. Sadəcə, belə ailələrə gərəkən miqdarda müavinət verilsə, yaxşı olar"



Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Hadisə neçə gündür ölkənin gündəmini zəbt edib. Hərçənd, ilk baxışda, qeyri-adi bir iş də deyil. Azərbaycanda çoxuşaqlı ailələr həmişə olub. Xüsusən də rayon, kənd yerlərində. Hətta, say çoxluğundan uşaqların adlarını dəyişik salıb Kazıma Nazim, Nazimə Nizami deyən ata-analar da olur. «Dəli Kür» filmi yadınızda deyil?! Faytonçu Məmmədəlinin «bir çətən» külfəti vardı. Görkəmli ziyalı Çernyayevskinin bayram günü atalarının köhnə faytonunda gəzməyə çıxmış Məmmədəlinin qızlarına bir-bir çiçək hədiyyə etməsi epizodunu xatırlayın. Hələ əvvəlcə – ilk tanışlıqda Çernyayevski soruşur ki, «Məmmədəli, neçə uşağın var?» Faytonçu cavab verir ki, 9; «Kasıbın nəyi olmasa da, külfətdən bol olar».

Belə epizodlar, çoxuşaqlı Azərbaycan ailələri tez-tez ekranlaşdırılıb.

Alma-almaya bənzər, uşaqlar da biri-birinə

Alma-almaya bənzər filmində yeddi qız atası Haşım oğlan övladı arzulayır. Nadir babanın becərdiyi «sehirli alma»dan doğum evində yatan həyat yoldaşına sovqat aparır. «Almanın sehri» ilə, nəhayət, oğlan uşağı dünyaya gəlir. Filmdə gülməli bir səhnə də var. Haşım tibb bacısına yalvarır ki, nə olar, elə edin, oğlum olsun. Tibb bacısı da çaşqın-çaşqın «boy ay qardaş, nə danışırsız?!» deyir. Amma alma gücünü «göstərir», Haşım xoş xəbər alır.

Sonra «Mən mahnı bəstələyirəm» filmimiz də var. Kateqoriya baxımından uşaq filmidir. Amma filmdə milli adət-ənənələrimiz, Azərbaycan ailəsinin dəyişməyən ehkamları incəliklə qabardılıb. Dəyirmançı Xudayar kişi qızının yaxşı səsi olsa da, onun Bakıya musiqi məktəbində oxumağa getməsinə razı olmur. Əsas da gətirir ki, bəs evin işini kim görəcək? Çünki qızı Sona digər övladlarından yaşca böyükdür və anasının ən yaxın köməkçisidir. Digər övlad demişkən, Xudayarın ümumilikdə, 4 qızı var. Xanımı beşinci uşağa hamilədir. Xudayarı da fikir alıb ki, birdən bu uşaq da qız olar. Nənə rolunu isə rəhmətlik Nəsibə Zeynalova canlandırıb, özünəməxsus şuxluqla «Olsun, bir dənə də qız olsun, qız balalarıma qurban olum» deyəndə Xudayar lap «alovlanır».

Hələ mərhum Hacıbaba Bağırovun canlandırdığı Şirbala obrazı;

«Sən atovun goru, Ümbülnisə, uşaqları soyuqdan qırma, götür, apar evə»…

Şirbalanın da çox uşağı vardı. Qatar vaqonu kimi ard-arda düzülürdülər.

Ağlamsınırdı da: «balaca lap rəhmətlik atama oxşayır…»

Belə misalları çox çəkmək olar. Odur ki, Azərbaycanda çoxuşaqlı ailə gərək heç kimi təəccübləndirməsin. Amma zəmanə dəyişib. Ailələrimiz daralıb. Qadınlar 2, uzaqbaşı 3 uşaq dünyaya gətirir. 3 uşaq da o zaman olur ki, ya 2 qızdır, 3-cünü oğlan istəyirlər. 2 oğlandan sonra «qoy qızımız da olsun» deyən valideynlərə indiki zamanda rast gəlmək müşküldür. Azərbaycan ailəsi sanki artıq kodlaşıb: 1 qız, 1 oğlan. Vəssalam. 3-cü lazım deyil. Əşşi, bunun yeməyi var, geyinməyi var. Hələ pampers «dərdi». Sabah-birigün məktəbə gedəcək, pah, mərəkələr onda başlayacaq. Gəl bunların xərc-xəsarətini yola ver görüm, necə verirsən…

Yaxşı ki, bütün bunları düşünməyən, Allah verən paydı, deyib övlad dünyaya gətirən qadınlar var. Bərdədəki Qurbanovlar ailəsi kimi.

O ailə alqışlanmalıdır

Qurbanovlar ailəsi ilə bağlı "Xəzər” TV-də süjet efirə verilib. Bildirilir ki, 14 il evli olan bu ailənin indiyədək dörd qız və beş oğlan övladı olub. Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.

Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.
Ailədəki ən böyük uşağın 13 yaşı var.

Bəs bu qədər sadə və təbii görünən hadisə niyə bu qədər maraq doğurub?
Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında bildirdi ki, çoxuşaqlı ailə modeli artıq azaldığından 3-dən artıq övladı olan ailələr artıq hamını təəccübləndirir.

Hər uşağa görə ailəyə əlavə müavinət verilməlidir

L.Mehralı məsələyə kompleks yanaşmanın tərəfdarıdır:

- Kimin neçə uşaq dunyaya gətirəcəyi hər kəsin şəxsi işidir. Belə düşünənlər var ki, uşaq az olsa, ona daha yaxşı qulluq etmək, gələcəyini daha yaxşı, rahat qurmaq olar. Belə düşünənlərin öz arqumentləri var. Onlar məsələyə daha çox iqtisadi tərəfdən baxır, maddi imkanı önə çəkirlər. Bu yanaşma ilə biz gələcəkdə demoqrafik problemlə üzləşə bilərik. Amma elə ailələr də var ki, sadəcə, övladı verən Allahdır, ruzisini də verəcək, deyir. Maddi cəhətdən sıxıntısız böyüyən uşağın gələcəkdə alim, ziyalı, həkim olacağına kimsə zəmanət verə bilməz. Eləcə də, kasıblıqla böyüyən uşağın da ali təhsil almayacağına, avara qalacağını kimsə iddia edə bilməz. Amma ailələr imkanlarını nəzərə alsalar, məncə, daha yaxşıdır. Daha realdır. Digər məsələ, çoxuşaqlı ailələrə dövlət tərəfindən müavinətin verilməsidir. Səhv etmirəmsə, hazırda hər doğulan uşağa 100 manat «süd pulu» ödənilir. İndiki zamanda 100 manat nədi ki?! Məncə, hər doğulan uşağa görə dövlət büdcəsindən günün istehlak səbəti, real qiymətlər nəzərə alınmaqla müavinət verilməlidir.

L.Mehralı qeyd etdi ki, analıq məzuniyyəti də bir problemdir. Dövlət analıq məzuniyyətinin müddətini artırmalıdır və bu müddətdə anaya ödənilən məzuniyyət pulunun miqdarı da həm ananın, həm də körpənin ehtiyaclarını ödəyəcək səviyyədə olmalıdır:

- Səhv etmirəmsə, bizdə analıq məzuniyyəti 156 gündür. Bu müddətdə anaya deyək ki, əmək haqqı tam ödənir. Amma 156 gündən sonra əmək haqqı ya qismən, ya da heç ödənmir. Ana da məcbur olur, işə çıxır, körpə isə süddən məhrum olur. Südverən analar, azyaşlı uşağı olanlara, fərqi yoxdur, ata, yaxud ana, mütləq maksimum güzəştlər tətbiq edilməlidir. Məncə, bununla dövlətimiz kasıblamaz, əvəzində sağlam nəsil yetişər.

Övladı dünyaya gəlmiş qadın ehtiyac üzündən körpəni yad insanlara tapşırıb işə çıxmalı olur. Amma ehtiyaca baxmayaraq uşağına özü baxan qadınlar da var. Şəxsən mən, işimi atıb körpəmin həyatını üstün tutmuşam. Övladım 3 yaşına çatanadək özüm ona qulluq etmişəm. Heç bir məcburiyyət, ehtiyac olmadan uşağı yad əllərə etibar edib karyera, sərbəst həyat ardınca gedən analarımız da var. Çox təəssüf ki, bizdə əsrlərlə oturuşmuş ailə modeli artıq dağılmaq üzrədir. Ailələrdə nənəyə, babaya artıq yer verilmir. Əvvəllər tamam başqa mühit idi. Körpə nənənin, babanın nəzarəti altında olurdu. Nənədən, babadan görüb-götürürdü. Uşaq yaşlarından insanda böyüklərə hörmət, nənə-babanı sevmək hissi yaranırdı. Kənd yerində uşaqları böyütmək daha asandır. Qohum-əqrəba qonşuluqda yaşayır, qonşular biri-birinə həyan olur. Uşaqlara nəzarət edirlər. Ailənin kiçik övladını, faktiki, yaşca böyük bacı-qardaşı böyüdür, qohum-əqrəba baxır. Bərdədəki Qurbanovlar ailəsinin böyük övladının 13 yaşı var. Sözsüz ki, 13 yaşlı uşaq anasına yardım edəcək.

Kənd yeri üçün çoxuşaqlı ailə problem deyil. Sadəcə, belə ailələrə gərəkən miqdarda müavinət verilsə, yaxşı olar. Ailənin uşaqlarının sayını «Azərbaycan» sözünə görə təyin etmələrinin özü də alqışlanmalıdır.

Məlahət Rzayeva