Keçid balı az olmamalıdır

200 bal həddindən artıq aşağıdır



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb.

Qurum bu il ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin müsabiqədə (ixtisas seçimində) iştirak etməsinə icazə verib.

Bəzi ekspertlər isə müəyyən olunan keçid balının həddindən artıq aşağı olduğunu iddia edərək gələcəkdə doğuracağı fəsadlardan söz açıb.

"21-ci Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bu il keçid balının 250 olacağını zənn edirmiş: "Keçid balının 150 bal müəyyən edildiyi müddətdə ali məktəblərə xeyli savadsız tələbə qəbul ola bilib. Xüsusən də I ixtisas qrupuna xeyli sayda savadsız tələbə daxil oldu. Keçid balını 200-də saxlamaqla bunun qarşısını qismən ala bildilər. Amma bu il 9-10-cu siniflərin buraxılış imtahanlarında müəyyən irəliləyişlər olmuşdu, məktəblərlə bağlı bir sıra islahatlar həyata keçirilmişdi. Bizə elə gəlirdi ki, bu il keçid balını 250 müəyyən edəcəklər. 200 bal həddindən artıq aşağı bal deməkdir.

Hər halda abituriyentlər arasında rəqabətin güclənməsi üçün, keçid balını bir qədər yüksəltmək - 250 bala çatdırmaq olardı. Yəqin ki, bunun mənfi nəticələri haqqında düşünüb, yenə də 200 balda saxladılar. Çünki hətta keçid balı 150 bal müəyyən olunanda belə, ali məktəblərdə xeyli sayda boş yer qaldı. Yəqin ki, komissiya yenə də ali məktəblərdə xeyli boş yerlər qalacağından narahatdır. Bu, ixtisarlara və digər mənfi hallara səbəb ola bilər”.

E.Əliyev hesab edir ki, bu boşluğun doldurulması üçün ali təhsilin səviyyəsini yüksəltmək lazımdır: "Ali məktəblərin vəzifəsi bu və ya digər ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirməkdir. Əlbəttə ki, 200 bal toplamış tələbəni oxutmaq da çətindir. Amma hər halda ali məktəblər öz proqramlarını elə qurmalıdırlar ki, heç olmasa orta səviyyəli mütəxəssis hazırlaya bilsin”.

Ekspertin sözlərinə görə, bu kimi neqativ hallara səbəb orta təhsillə bağlı islahatlar çox ləng getməsidir: "Orta təhsilin keyfiyyəti burada ilk növbədə qeyd olunmalıdır. Hazırda orta təhsilin yaxşılaşdırılması üçün müəyyən işlər görülür. Müəllimlərin əmək haqqı yüksəldilməsi, dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, məktəb direktorlarının imtahanlar vasitəsilə seçilməsi və sairə. Amma bu proses çox ləng gedir, bunun da səbəblərinin kökləri çox dərindir. İndiki halda məktəblərin böyük bir qismi öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmir”.

Respublikanın Əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət də ixtisas qruplarının ümumi müsabiqəsində ümumi balın 200 müəyyənləşdirilməsini yetərli saymadığını deyib? Nədən? Ona görə ki, ali təhsil almaq istəyənin 200 balla ali məktəblərə qəbulunun bir əhəmiyyəti olmadığını düşünürəm: "Ali məktəb təhsilli olmaq vacibdirmi? Əsasən təhsilini davam etdirmək istəyənlər, biliyi yetərli olanlar və imtahandan yüksək bal toplayanlar ali məktəblərdə oxumalıdırlar. 200 balla biliyi məlum olanların hər hansı peşəyə mükəmməl yiyələnmələri daha gözəl olardı. Ali təhsil ilə peşə təhsili arasında fərq qoymaq düzgün olmazdı. Çünki peşə təhsili mükəmməl olan insanların həyati bacarığı, peşə biliyi, inandırım ki, bir çox ali təhsilli diplomu olanlardan qat-qat çoxdur. Ali təhsil diplomu olanlar var ki, işsizdirlər. Çünki aşağı balla ali təhsilini oxuyub, indi də keyfiyyətsiz və bacarıqsız kadr kimi kənarda qalıblar. Hər bir insan, hər bir valideyn övladlarına doğru yol göstərərkən, həyatda ən vacib olanını örnək olaraq göstərməlidirlər.

Şagirdlərimizi məcbur olaraq ali məktəblərdə oxumasına yönləndirməməliyik, onlara daha səmərəli, daha xeyirlisi olanı, ömür boyu öyrənməsinə və biliklərinin artmasına köməklik göstərə biləcək peşə məktəblərinə də istiqamətləndirmək lazımdır. Bu cəmiyyətimizin müsbət inkişafına təkan ola biləcək. 200 balla ali məktəbə daxil olanların əksəriyyəti məktəblərindəki dərsə həvəsini eynilə təkrarlayır. Oxumur, təhsilə marağı çox az olur. Bu da sonda həmin tələbələrin nəinki özlərinə olan diqqət və hörmətinə, hətta ətrafında olan yaxınlarına da təsirsiz ötüşmür. Sonda müəyyən fəsadlara da səbəb olur. Ali məktəbə daxil olmaq üçün keçid ballarının 200-ə endirilməsinə razı deyiləm. 200 bal toplamış abituriyent əgər həqiqətən də ali məktəbə daxil olmağı qarşısına məqsəd qoyubsa, o zaman topladığı az balla təhsilini davam etməsə yaxşıdır. Ən yaxşısı əlavə olaraq təkrar mükəmməl oxusun, hazırlaşsın və sonra təkrar imtahana qatılsın. Yüksək bal topladığı təqdirdə ali təhsilini davam edə bilər”.

Şəymən