
Kişi direktorlar da 8 Martda pay gözləyir
Məktəblərdə qadınlar bayramı və Novruz bayramına “pul yığımı” başlayıb

8 Marta sayılı günlər qaldığı vaxtda orta məktəblərdə ənənəvi "mart yığımı” başlayıb. Yığım təkcə 8 Martla deyil, həm də Novruz bayramı ilə bağlıdır. Məktəb rəhbərləri, necə deyərlər, bir güllə ilə iki dovşan vururlar. Elə məbləğ təyin edirlər ki, həm 8 Mart, həm də sonrakı Novruz bayramı hədiyyəsi olur. Bunu söyləməklə heç də bütün orta məktəbləri "bir bezin qırağı” elan etmək fikrində deyilik. Bəli, pul yığımı aparanlarla yanaşı, bunu şəxsiyyətinə, müəllim və ya direktor adına sığışdırmayanlar da var.
Bununla yanaşı, eyni zamanda pul yığmağı bütün parametr və ölçülərinə lap da əla sığışdıranlar da var, təbii. Bir neçə gündür, sosial şəbəkələrdə məhz bu cür insanlardan gen-bol danışılır. 8 Mart öncəsi "facebook” "dağılır”. "Facebook” istifadəçiləri məktəblərdə minimum məbləğin 20 manat olduğunu yazır. Hətta kişi direktorların da 8 Martda pay gözlədiyini heyrətlə yazırlar: Emil Həsənov yazır: - 20 manat. Ən maraqlısı da odur ki, direktorumuzun kişi olmasına baxmayaraq onu təbrik eləyirik. Mənə hələ də çatmır, niyə kişinin 8 Martını təbrik edirəm.
Cavidik: - 20 manat (29 uşaq - 580 manat). 100 manat direktora, 50 manat "zavuç”a, 5 müəlliməyə 20 m.dan paylanır. Qalan 330 manat əsas müəllimə. Suvarova Ülkər: - Vallah, o qədər gəliri çox olub fantastik summada rüşvət alanlar var ki. Ona görə bu günlərdə, 150 manat maaş alan müəllimənin yığdığı 20-30 manatı hər il belə müzakirə etmək düz deyil, məncə.
Nuranə Əsgərova: - Ehh. Əşi "uje” yığılıb...
Fuad Məhərrəmov: - Bizdə bir uşaq vardı, hər 8 Marta bir həftə qalmış su çiçəyi çıxarırdı... Cavid Mingəçevirski: Bizdə sinif rəhbərimiz yığmır. Amma ingilis dili müəlliməmiz deyir ki, mənə hədiyyə almasaz, qiymətinizi aşağı salacam, sifəti qaloşdu eee... Biz də acığa almadıq. Sinif rəhbərimizə dedik, çıxardı məktəbdən. Direktor da yaxşı adamdı...
Sosial paylaşımdan da görünür ki, vəziyyət orta məktəblər üzrə dəyişkəndi. Bəzisində sürətli yığım aparılır, bəzisi isə insaflıdı. Bütün hallarda hər il 8 Mart öncəsi pul yığımı söhbəti müzakirələrdən kənar qalmır. Puldan kənar qalmadığı kimi. Bunda məktəb rəhbərliyini, müəllimləri qınayanlar, valideynlərdən də yan keçmir və bir çox hallarda məhz valideynlərin yığıma stimul verdiyini iddia edirlər ki, bunda da həqiqət payı kifayət qədər böyükdür.
Pul verilir ki, yığım da aparılır. Günah o pulu verənlərdədir.
Respublika Təhsil Şurasının sədri, tanınmış pedaqoq Əjdər Ağayev də "Şərq”ə açıqlamasında əsas günahkarın valideynlər olduğunu dedi:
- Bəzi valideynlərin pul verməyə imkanları var, ya da xarakter etibarilə yaltaqdırlar, müəlliməyə hədiyyəni, pulu zorla da olsa verirlər. Müəllim deyir, ay balam, istəmirəm, valideyn təkid edir ki, yox, almalısan. Hətta hədiyyə almaq fikrində olmayan müəlliməni də bəzi valideynlər öz təkidləri ilə "yoldan çıxarır”. Bu vəziyyət başqa müəllimlərə də sirayət edir. Alışqanlıq yaradır. Ümumilikdə məktəbin bütün pedaqoji kollektivinə təsir edir. Bəzi qrup valideynlər də var ki, imkanları yoxdur, kasıbdırlar, amma uşaq pərt olmasın, sinif yoldaşlarından fərqlənməsin deyə, pulu borc tapıb verir. Mənə bir valideyn zəng etmişdi ki, bəs, Əjdər müəllim, sinif rəhbəri deyib pul gətirin, pərdə alacağıq, mənim də imkanım yoxdur. Mən həmin məktəbin müəllimi ilə əlaqə saxladım, danışdım, dedim, bu valideyn imkansızdır, olmazmı ki, siz onun övladından pul almayasınız? Müəllim dedi, bu nə sözdü, imkanı yoxdu, verməsin. Mən valideynə bunu bildirəndə, dedi ki, Əjdər müəllim, borc tapıb vermişəm. Biz sanki olanımızı verməyə həvəskarıq. Bəzi validenylər də bu məsələdə pis mənada "avanqard” rolunu oynayırlar. Valideynlərdən pul yığırlar, bazarlıq edirlər, müəllimə filan şeyi alaq, bunu hədiyyə edək, onu hədiyyə edək, deyib qabağa düşürlər. Hər məktəbdə Valideyn Komitəsi var. Gərək Valideyn Komitəsi bu işlərə son qoysun. Bir nəfər ağıllı adam ortaya çıxıb desin ki, gəlin, müəllimə gül dəstəsi alaq. Müəllimlərə bahalı hədiyyələrin alınması, pul yığılması müəllimlərin uşaqlara fərqli yanaşmasına səbəb olur. İmkansız ailənin övladı sinifdə pərt olur, pisikir, bu, tədrisə də mənfi təsir göstərir. Bəzi müəllimlər pul verən şagirdlə verməyən şagird arasında fərq qoyur. Birinin başını sığallayır, birinin üstünə qışqırır. Belə vəziyyətdə uşaqlar dərsə də ciddi yanaşmırlar. Məktəb rəhbərliyi vəziyyətə ciddi nəzarət etməlidir. Valideynlərlə keçirilən iclaslarda bu məsələlərə toxunulmalıdır. Deyilməlidir ki, kimin imkanı varsa, qoy məktəb üçün xeyirli bir iş görsün. İdman zalını təmir etdirsin, yeni avadanlıqlar alsınlar. Yol çəksin, yaşıllıq salsın. Elə vacibdir ki, imkanlı valideyn müəllimlərə pul versin, hədiyyə alsın?! Məktəb üçün o qədər xeyirli işlər görmək olar ki?! Bu işdə məktəblə valideynlər əlbir olmalıdır. Biz gərək özümüz bu rüşvət, hədiyyələr, pul yığılması kimi rəzalətə son verək.
Məlahət Rzayeva