Bütün dünya bunun yolunu tapıb
Kağıza qoyulan ƏDV-nin götürülməsi ümumi işin xeyrinə olar
Məlum olduğu kimi, Türkiyədə kitab, qəzet və jurnal qiymətlərinə tətbiq olunan əlavə dəyər verigisi sıfıra endirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bildirdiyinə görə, Türkiyə Böyük Millət Məclisində müvafiq qanunun qəbulundan sonra kitabda və digər qəzet, jurnalda ƏDV dərəcəsi sıfıra salınacaq. Ölkə başçısı vurğulayıb ki, internet resursların inkişafı mətbuat orqanlarının, həmçinin kitabların satışını çətinləşdirir. Ona görə də dövlətin vergi dəstəyi mühümdür.
Nəzərə çatdıraq ki, bu məsələ Azərbaycanda dəfələrlə gündəmə gətirilib və geniş müzakirələrə səbəb olub. Bir sıra millət vəkilləri və media nümayəndələri kağız üzərindəki əlavə dəyər vergisinin ləğvini zəruri hesab ediblər. Məsələnin Türkiyədə gündəmə gəlməsi Azərbaycan ictimaiyyətində təkrar müzakirələrə yol açıb. Onu da vurğulayaq ki, Türkiyədə ƏDV 8 faiz olmasına rəğmən, bunu çox hesab edərək tamamilə ortadan qaldırırlar. Qonşu Gürcüstanda isə bu vergi ümumiyyətlə yoxdur. Orada kitabdan, çap avadanlıqlarından, hətta ölkəyə xaricdən gətirilən kitablardan ƏDV tutulmur. Belarusda da bütün kitab mağazaları kirayə haqqından azaddırlar.
Mövzunu "Şərq”ə dəyərləndirən "Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu bildirib ki, əlavə dəyər vergisinin ləğvi kitabların ayaqda qalmasına gətirib çıxarar:
"Digər tərəfdən kitab oxucularının sayı artar, kitabın maya dəyəri az olar. Həm də xeyli dərəcədə qiymətlər ucuzlaşar. Kağız qiymətləri dünya üzrə artmaqda davam edir. Türkiyədə kitab kağızının qiyməti 950-1000 dollar arasıdır. Azərbaycanda isə 1450 dollardır. Problem ondadır ki, Azərbaycanda kitab kağızından əlavə kitab satışının da üzərində ƏDV var. Türkiyədə ƏDV sadəcə 8 faiz olsa da, buna rəğmən onlar kitab üzərindən əlavə dəyər vergisini sıfırlayır. Bizdə də bu addım atılsa, Azərbaycan kitabına xeyli faydası olar.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Şərq”ə bildirib ki, əvvəllər kağız üzərində əlavə dəyər vergisi yox idi. Sonradan bu məhsullara ƏDV tətbiq olunmağa başladı:
"Dəfələrlə fikrimizi bəyan etmişik ki, kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi zəruridir. Xüsusən, onlayn medianın inkişaf etdiyi indiki zamanda çap mətbuatını saxlamaq, qorumaq lazımdır. Qəzet məhsullarına, xaricdən gətirilən kağıza əlavə dəyər vergisinin qoyulması işi daha da çətinləşdirir. Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bununla bağlı parlamentdə dəfələrlə təkliflər verib, müraciətlər edib. Hesab edirəm ki, qardaş Türkiyədə belə bir addımın atılması bir daha məsələnin vacibliyini gündəmə gətirir.
Bütün dünya buna gedir. Qəzet və çap mediası çətin durumdadır. Ona görə də əlavə dəyər vergisinin götürülməsi ümumi işin xeyrinə olar. Əlbəttə, burada söhbət sadəcə qəzetlərin inkişafından getmir, eyni zamanda insanların daha ucuz qiymətə kitab və qəzet alması və oxuması imkanlarının yaradılmasından gedir. Cənab Prezident hər zaman mediaya xüsusi diqqət göstərib. Dəfələrlə bunun şahidi olmuşuq. Ümid edirik ki, dövlət başçısı bu məsələyə də öz münasibətini bildirəcək”.
İsmayıl