Klıçkonun Bakıya heyran qalması təsadüfi deyil
Son illər tikintilərə nəzarət gücləndiyindən prosesin nizamlı getdiyi görünür
Kiyev meri Vitali Klıçko Bakıya səfəri zamanı şəhərimizi çox bəyənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Klıçko bildirib ki, Bakının gözəlliyi onda dərin təəssüratlar yaradıb. Şəhərin son illərdəki sürətli inkişafı Klıçkonu o dərəcədə heyran edib ki, hətta Kiyevin baş memarını təcrübədən yararlanmaq üçün Bakıya göndərəcəyini də deyib: "Mən Bakının baş memarı ilə danışmışam. Kiyevin baş memarı bura gəlib çox şey öyrənməlidir. Bu, təcrübə mübadiləsinin vacib hissəsidir”.
Təbii ki, Bakı gözəl şəhərdir. Bu, danılmazdır. Bizsə, tənqidlərə daha çox adət etmişik. Filan yol pisdi, filan bina niyə burda yox, orda tikildi, filan evi niyə sökdülər, körpü çatlayıb, asfalt dağılıb və s. Tənqid üçün həmişə mövzu var. Amma bu o demək deyil ki, şəhərimizin görünüşünün müsbətə doğru dəyişdiyi inkar edilir. Yəqin, aparılan dəyişikliklər kənar nəzərlə daha dəqiq görünür. Biz də, məsələn, Qazaxıstanın yeni paytaxtı Astananı tərifləyirik, geniş küçələri, prospektləri, müasir tikililərini bəyənirik. Klıçkonun diqqətini də, yəqin, Bakının şəhərsalma üslubundakı yeniliklər cəlb edib.
Bununla bağlı mütəxəssislər nə düşünür?
"Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramin Osmanlı "Şərq”ə açıqlamasında son illər Bakıda aparılan tikintilərin təqdirəlayiq olduğunu dedi:
- Etiraf etməliyik ki, 90-cı illərin sonundan başlanan tikinti bumu ilk vaxtlar xaotik aparıldı. Yeni tikililərdə memarlıq üslubunun gözlənilməməsi şəhərin ümumi görünüşünə xələl gətirən binaların tikilməsinə gətirib çıxardı. Şəhərdə, xüsusən də şəhər mərkəzində hədsiz sıxlıq yarandı. Amma son illər tikintilərə nəzarət gücləndiyindən prosesin nizamlı getdiyi müşahidə olunur və bu da təqdirəlayiqdir. Prosesin nəzarətə götürülməsi və nizamlı aparılması şəhərsalmaya da stimul verir. Bakıda son illər həqiqətən də böyük işlər görülüb. Köhnə tikililər sökülüb, binaların fasadı üzlük daşlarla yenilənib, daxili yollar, yol ətrafı səkilər abadlaşdırılıb, işıqlandırma sistemində böyük irəliləyişə nail olunub və s. Bununla yanaşı, şəhərin memarlıq üslubunda da ciddi irəliləyişlər var. Xarici qonaqların ən çox diqqətini çəkən Dənizkənarı Milli Park - Bulvar və Heydər Əliyev prospektidir. Sizə deyim ki, Heydər Əliyev prospektindəki yol infrastrukturuna Bakı tipli şəhərlərdə rast gələ bilməzsiniz. Əlbəttə, bunlar şəhərimizin qonaqlarının diqqətini çəkir. Çoxu inana bilmir ki, postsovet ölkəsi olan, müstəqilliyini bərpa etmiş bir dövlətdə belə yollar ola bilər. Amma gəlirlər, görürlər və heyran qalmamaq mümkün deyil. Bakının şərq memarlıq üslubunun qorunub saxlanmasının böyük əhəmiyyəti var. Yaxşı haldır ki, paytxatdakı bir çox binalar aqlay daşlarla üzlənib. Aqlay daşlar Azərbaycanın milli sərvətidir. Binaların bu daşlarla üzlənməsi çox müsbət, böyük effekt verir. Köhnə məhəllələrin sökülməsi, əhalinin istirahəti üçün parkların salınması, yaşıllıqların çoxaldılması da alqışlanmalıdır. Hazırda "Sovetski”də nəhəng işlərə start verilib. Təsəvvür edək ki, bu balaca daxmalar, əyri-üyrü evlər bir neçə ildən sonra olmayacaq və onların yerində geniş yollar, park salınacaq. Görün, şəhərin ümumi görünüşü necə əhəmiyyətli dərəcədə dəyişəcək. Azərbaycana gələn istər rəsmi şəxslər olsun, istərsə də turist kimi istirahətə gələnlər, onlar da bu gözəllikləri görür axı. Müsbət təcrübənin öyrənilməsi həmişə müsbət nəticələr verir. Ona görə də bəzi ölkələrin Azərbaycanı nümunə kimi seçməsi təsadüfi sayılmamalıdır.
R.Osmanlı şəhərdə görüləsi işlərdən də danışdı:
- Bakının hazırda problemlərindən biri yaşıllıqların az olmasıdır. Ağaclar azdır Bakıda. Bunun da səbəbi məncə, bayaq dediyim kimi, bir neçə il əvvələ qədər nizamsız, nəzarətsiz tikintilərin aparılmasıdır. Bir çox ərazilərdə parklar da zəbt olundu, yaşıllıqlar məhv edildi, ağaclar kəsildi. Bu da özünü göstərir. Paytaxtda yaşıllıq zolaqlarının azlığı və müəyyən yerlərdə yaşıllıq ərazilərin zəbt edilməsi diqqət çəkir. Bakının inkişafı ilə bağlı görüləcək ən böyük və zəruri iş kanalizasiya sisteminin yenilənməsidir. Kanalizasiya sisteminin köhnə olması həqiqətən də şəhərə böyük çətinliklər yaşadır. Sonra, sovet vaxtı salınmış mikrorayonların sökülməsi, Yasamal rayonu ərazisindəki köhnə evlərin, Alatava adlanan ərazinin yenilənməsi məsələsi qarşıda durur. Paytaxtda yararsız binaların, uçuq-sökük evlərin aradan qaldırılmasına ehtiyac var. Yol infrastrukturu ilə bağlı da xeyli işlər görülməlidir. Paytaxtdakı sıxlıq, xüsusən də mərkəzi hissədə, bəli, narahatlıq yaradır. Binaların biri-birinə hədsiz sıx tikilməsi, yolların, səkilərin daralması problemi var. Amma "Böyük Bakının Regional İnkişaf Planı” təsdiqlənib. Planda Bakının iki istiqamətdə - cənub - Ələtə qədər və şimal - H.Z.Tağıyev qəsəbəsinə qədər genişlənməsi nəzərdə tutulur. Yeni yolların salınması da planda var. Paytaxtın 4 böyük prospekti - Heydər Əliyev, Nobel, Ziya Bünyadov və Babək prospektlərinə çıxışı təmin edəcək yeni yolun çəkilişi nəzərdə tutulur. Universitetlərin şəhər kənarına köçürülməsi, bəzi idarə və təşkilatların yerləşmə yerinin dəyişdirilməsi şəhərdəki sıxlığı xeyli azaldar. Biz həmişə müsbət təcrübə olaraq Qazaxıstanın yeni paytaxtı Astananı nümunə çəkirik. Türkiyə nümunəsi - İstanbul-Ankara fərqi də gözəl nümunədir. Ankara sırf inzibati-siyasi mərkəz rolunu oynayır, İstanbul isə istirahət, gəzinti, ticarət və əyləncə mərkəzi rolunu. Məsələn, belə bir təcrübəni Bakıya münasibətdə də tətbiq etmək olar. Bütün şəhəri əhatə etməsə də, mərkəz hissə - harda ki, mədəniyyət abidələri, muzeylər, konsert salonları, teatrlar yerləşir, belə yerlərdən ali məktəbləri, idarə və təşkilatları kənara çıxarmaqla mərkəzi hissəni ticarət-istirahət-gəzinti zonası kimi inkişaf etdirmək mümkündür. Son illərdə makro-iqtisadi vəziyyətdəki dəyişiklik böyük planların icrasını bir az ləngitdi. Amma düşünürəm ki, 2020-ci ilə qədər bu sadalanan işlərin görülməsi reallaşacaq.
Məlahət Rzayeva