“Konstitusiyaya ediləcək dəyişikliklər yeni hüququn tələblərindən doğur”
Çingiz Qənizadə: “Milli Məclis kollegial qurumların işini pozarsa, o zaman Prezident parlamenti buraxa bilər”
"Dəyişiklik ediləcək Konstitusiya aktının yeni layihəsində insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq”. Bu sözləri "Şərq”ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə deyib. "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına münasibət bildirən deputatın sözlərinə görə, Müstəqil Azərbaycanda ilk Konstitusiyanın qəbul olunmasından 20 ildən çox vaxt keçib. Bu müddətdə təbii ki, Azərbaycan cəmiyyətində Avropaya inteqrasiya dəyərləri inkişaf edib:
"2000-ci ildə milli qanunvericilik bazasını Avropa Şurasının tələblərinə uyğunlaşdırdıq. Təbii ki, insan hüquq və azadlıqları və Konstitusiyada cəmiyyətlə dövlətin müəyyən atributları inkişaf etdikcə, yeni hüquqi tələblərin təkmilləşdirilməsi meydana çıxır”. Deputat referenduma çıxarılacaq Konstitusiya aktında Milli Məclisə üzv seçilməyin 18 yaşa endirilməsini mütərəqqi addım hesab edir: "Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq? Ona görə də cənab Prezidentin həm prezident seçkiləri ilə bağlı yaş həddini götürməsi, həm Milli Məclisə seçkilərlə bağlı yaş həddini aradan qaldırması nəticəsində 18 yaşına çatmış Azərbaycan vətəndaşını seçməklə yanaşı, artıq seçilmək hüququ da olacaq. Bu da insan hüquq və azadlıqlarının təməllərindən biridir”. Ç.Qənizadə hesab edir ki, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək: "Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması inkişaf etmiş Avropa ölkələrində də var. Demokratik ölkələrin qanunvericiliyində 7 illik prezident institutu var. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var. Bu baxımdan, həm də 5 ildən bir seçkilərin keçirilməsinin iqtisadi tərəfi var. Xeyli maliyyə xərcləri tələb edir. Bu gün dünyada maliyyə böhranının olduğunu nəzərə alsaq, prezidentlik müddətinin Azərbaycanda 5 ildən 7 ilə qaldırılması mütərəqqi addım hesab oluna bilər. Kimin prezident seçilməsindən asılı olmayaraq, prezidentin 7 il müddətində hakimiyyətdə qalması normaldır”. Hüquqşünas düşünür ki, Konstitusiyaya ediləcək yeni dəyişikliklə 1-ci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis edilməsi ilə əslində prezidentin özündən sonrakı səlahiyyətlərə işıq salacaq: "1-ci vitse-prezident və vitse-prezidentliyin yaradılması ölkə başçısının konstitusion hüququdur. Azərbaycan tarixində dövlət katibi vəzifəsi olub. Sonradan bu vəzifə ləğv ediləndə xarici siyasət səlahiyyətləri başqa struktura keçdi. Artıq cənab Prezidentin özü olmadıqda səlahiyyətlərinin kimə verilməsi məsələsi qaranlıq idi. Məzuniyyətdə, istirahətdə olanda onun adından səlahiyyətlərin, sənədləri kiminsə imzalaması, bir az anlaşılmaz idi. Digər tərəfdən beynəlxalq müqavilələri prezident özü olmadıqda imzalamaq I vitse-prezidentə veriləcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir dövlət idarəçilik modeli olsa da, dünya üçün yeni deyil”.
Deputat Konstitusiyaya ediləcək yeni dəyişikliyə görə, Prezidentin parlamenti hansı hallarda buraxa biləcəyinin hüquqi detallarını da açıqlayıb: "Milli Məclis kollegial qurumların işini pozarsa, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi hakimlərinin, hökumətin özünün formalaşmasının əleyhinə səs verib, "yox” deyərsə, o zaman Prezident parlamenti buraxa bilər. Çünki Milli Məclisin əslində bilərəkdən hər dəfə Prezidentin təklif və qanunvericilik təşəbbüsünə qarşı çıxması dövlət orqanlarının işinin pozulmasına və dövlət idarəçiliyində ciddi boşluq yaranmasına səbəb ola bilər. Bunun da acı nəticələri ola bilər. Əgər Prezidentin təklifini parlament dəfələrlə heç bir əsası olmadan "yox” deyərək geri qaytararsa və bu, digər dövlət orqanlarını iflic vəziyyətinə gətirəcəksə, parlamentin buraxılmasına gedilə bilər”. Parlamentari deyib ki, bu Konstitusiya dəyişikliyindən sonra səhlənkar və laqeyd deputatların vəzifələrinə xitam veriləcək: "Yeni dəyişiklikdə deputatların özünün funksiyalarının yerinə yetirilməsi ilə bağlı bir məqam var. Milli Məclisin iclaslarında səsvermə hüququnu yalnız özü həyata keçirməlidir. Əks halda, deputatın səlahiyyətlərinə xitam veriləcək. Hesab edirəm ki, bu dəyişiklik millət vəkillərində məsuliyyət hissini artıracaq. Dəyişiklik daha çox işə can yandırmaq, iclaslarda və qərarların qəbul edilməsində aktiv iştirak etmə kimi məsələni tənzimləyəcək. Bizim bəzi deputatlar var ki, görürük ki, iclas və səsvermədə laqeyd yanaşanlar olur. Artıq bundan sonra onlar daha məsuliyyətli olacaqlar. 40 min seçici səni seçibsə, sənin də borcun səsvermədə, iclaslarda, qanunların qəbulunda iştirak etmək, öz masanın arxasındakı düyməni basmaqdır. Amma bu hüququ başqasına tapşırıb iclasda olmursansa, demək bu, ciddi məsuliyyətsizlikdir. Hesab edirəm ki, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsi cəmiyyət qarşısında obyektiv şəkildə aparıldıqdan sonra Konstitusiya Məhkəməsi cənab Prezidentin təqdim etdiyi sənədi 7 gün müddətində baxıb qərar qəbul edəcək. Düşünürəm ki, bu addımlar həm siyasətçilər, həm də vətəndaşlar tərəfindən yüksək dəyərləndiriləcək. Gələcəkdə biz referenduma gedərək, nəzərdə tutulan dəyişikliklərin öz əksini Konstitusiyada tapmasına "hə” deyəcəyik”.
Millət vəkili bildirib ki, layihədə bir çox maddələrə əlavə və dəyişikliklər olmaqla bərabər, Azərbaycanda yeni vitse-prezidentlər institutunun yaradılması ilə bağlı yeni 103, 106, 108-ci maddələr əlavə olunub: "Hələ buna qədər, yəni, yeni institunun yaradılması anına qədər bir çox qanunlara müəyyən əlavə və dəyişikliklər edilib. 103-cü maddənin birinci bəndində birinci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması əks olunub. İndiyə qədər Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrası Baş nazirə keçirdi. Baş nazir 3 ay müddətinə yeni seçkiləri təyin edirdi. Əgər Baş nazir bu səlahiyyətləri icra edə bilmədikdə Milli Məclisin sədri bu vəzifəni yerinə yetirirdi. Milli Məclis sədri isə yerinə yetirə bilmədikdə Millli Məclis tərəfindən müəyyən edilmiş şəxs prezident səlahiyyətlərini icra edirdi. Ancaq indi yeni layihəyə əsasən artıq prezident səlahiyyətlərini idarə edə bilmədikdə onun səlahiyyətlərini birinci vitse-prezident həyata keçirir. Artıq birinci vitse-prezident 3 ay müddətində deyil, 60 gün ərzində yeni seçkilərin keçirilməsini təyin edir. Dünyanın bütün demokratik dövlətlərində vitse -prezidentlik institutu var. Belə ki seçkilərdə iştirak edən prezident kiminlə işləmək istədiyini özü müəyyən edir, təyin edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Hesab edirəm ki, dünya təcrübəsində olan bu demokratik ənənənin bizim konstitusiyamızda da əks olunması müsbət haldır. Vitse-prezidentlərə isə dövlətlərarası və hökumətlərarası yeni müqavilələrinin bağlanması kimi səlahiyyətlər həvalə edilə bilər. 9-cu maddənin I hissəsi, yəni Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir şəklində ifadə olunub. İndiyə qədər qüvvədə olan Konstitusiyamızın 9-cu maddəsində Silahlı Qüvvələr şəklində yazılırdı. Burada qeyd olunurdu ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Amma indi yeni təsdiq olunan 9-cu maddənin birinci hissəsində bu söz birləşməsi ayrılır. Yəni burada artıq iki cümlə yaranır. Qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Onun arxasınca isə Silahlı Qüvvələrin Azərbaycan Ordusunda və başqa silahlı qüvvələrdən ibarət olması qeyd olunur. Yəni Azərbaycanın Silahlı Qüvvələri dedikdə biz həm də başqa silahlı birləşmələri də nəzərdə tuturuq. Əvvəl isə başqa silahlı qüvvələrin hara daxil olması məsələsi mücərrəd idi”. Ç.Qənizadə Azərbaycan Konstitusiyasını dünyada ən mütərəqqi, insan hüquq və azadlıqlarına hörmət edən və onu təmin edən konstitusiyalardan biri olduğunu vurğulayıb: "Dünyanın heç bir konstitusiyasında 47-yə yaxın maddənin insan hüquq və vətəndaş azadlıqlarının təminatına həsr olunmayıb. Maddə 24-dən başlayaraq burada bərabərlik, mülkiyyət, şəxsi toxunulmazlıq, tətil, fikir və söz azadlıqlarının, müraciət etmək, birləşmək hüquqları və s. konstitusiyada əks olunub. 68-ci maddədə zərərin ödənilməsini tələb etmək hüququna yeni bir bənd salınıb. Bu da vətəndaşlarımızın müəyyən hüquq və azadlıqlarının təminatına yönəlmiş bir bənddir.