Kreml Qarabağ münaqişəsinin həllində Türkiyənin iştirakını məqbul sayır

Tofiq Abbasov: “Türkiyənin də, Rusiyanın da istənilən problemin həllinə töhfə verməyə kifayət qədər gücü və nüfuzu var”




"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Zaxarova bildirib ki, Türkiyənin Dağlıq Qarabağ məsələsinə qoşulmasını nəzərdən keçirmək olar:

"Ümid edirik ki, Rusiyanın göstərdiyi səylər, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin dinamikasını itirməyəcək. Türkiyə rəsmi nümayəndələrinin münaqişənin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz. XİN rəsmisinin sözlərinə münasibət bildirən politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında deyib ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür və rəsmi Ankaranın Dağlıq Qarabağ məsələsinə qeyri-formal və səmimi münasibəti var: "Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib və bundan sonra da edəcək. Rus qırıcısının vurulmasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlər korlanmışdı. Amma son hadisələrdən sonra iki dövlətin əlaqələri normallaşmağa və sıxlaşmağa başladı. Heç kimə sirr deyil ki, rus-türk münasibətlərinin düzəlməsində rəsmi Bakının əhəmiyyətli rolu olub. Həm Ankara, həm də Moskva Azərbaycanın barışıq təşəbbüsündən məmnun qaldıqlarını bildiriblər. Hər iki dövlətin coğrafi baxımdan münaqişə zonasına yaxın olması onları həm narahat edir, həm də üzərlərinə müəyyən öhdəliklər qoyur. Nəzərə almaq lazımdır ki, Türkiyənin də, Rusiyanın da istənilən problemin həllinə töhfə verməyə kifayət qədər gücü və nüfuzu var. Azərbaycan tərəfi də istəyir ki, qonşu dövlətlər harmonik mexanizm işləyib ortaya çıxarsınlar. Yəni münaqişənin arealı genişlənməsin, vəziyyət nəzarət altında olsun. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin normal olması münaqişənin həlli istiqamətində müsbət töhfə verə bilər”. Ekspertə görə, lazım gələrsə, hətta İran da bu prosesdə rol oynaya bilər: "Çox güman ki, Türkiyə-İran və Azərbaycan tərəflərinin üçlü görüşündə bu məsələ gündəmə gələcək. Amma Türkiyənin həmsədrlikdə təmsil olunması müəyyən problemlərdən dolayı reallaşmaya bilər. Çünki həmsədr seçkisində tərəflərin razılığı olmalıdır. Ermənistanın Türkiyənin həmsədrliyinə razılıq verəcəyi isə müəmmalı məsələdir”.
İsmayıl