Kreml Qarabağ ümidi verməklə vaxt qazanır

Lavrovun mesajı heç bir ciddi nəticə verməyəcək




"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi uzunmüddətli və çətin prosesdir”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında səsləndirib. Lavrov bəyan edib ki, Rusiya hər zaman Azərbaycana və Ermənistana Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümumi razılıq əldə edilməsinə yardım göstərəcək:

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mürəkkəbdir. Artıq yanaşmalar dəyişib. Biz neçə illərdir ki, hər iki dövlətin ortaq məxrəcə gəlməsi üçün çalışırıq. Çətin olsa da, bunu yenə davam etdirəcəyik”. Lavrovun açıqlamasını şərh edən rusiyalı politoloqlar hesab edirlər ki, Kreml Azərbaycanı itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çalışacaq. Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin baş direktoru, siyasi ekspert Andrey Petrov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planı olduğunu deyib. Amma Petrov planın detallarından xəbərdar deyil: "Bu daha çox sirli məsələlərdir və adətən, nəticəsi olmayana qədər açıqlanmır. Lakin Rusiyanın tərəflərə təsir imkanları genişdir. Görünür, Moskva regionda belə bir münaqişənin mövcudluğundan artıq bezib. Bu həm də geosiyasi proseslərlə bağlıdır. Çünki bu gün Azərbaycanla Rusiya arasında münasibətlər xeyli yaxşılaşıb. Moskva Bakının başqa istiqamətlərə üz tutmaması üçün münaqişənin həllində əlindən gələni edəcək”. Lavrovun mesajını dəyərləndirən Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri münaqişəni yaradan Rusiyanın problemə son vermək niyyətində olduğuna inanmır. Siyasi ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi təkcə Ermənistan və Azərbaycanla bağlı deyil. Kreml məqsədyönlü şəkildə postsovet ölkələrində bir çox münaqişə ocaqları yaradıb: "Fikir versək görərik ki, hansı dövlətlərdə Moskvadan uzaqlaşma, yəni bir növ mərkəzdənqaçma siyasəti olubsa, həmin ölkələrdə süni münaqişə bölgələri yaradılıb. Məhz bu cür münaqişələr vasitəsi ilə "özbaşına” ölkələrə siyasi təzyiq göstərmək imkanı əldə edilib. Bu gün də həmin vasitələr üzərindən siyasi alver edilir”.

N.Miri bildirib ki, Rusiya hər zaman xarici siyasətini çirkli oyunlar üzərində qurub: "Lavrov bu mesajı verməklə və problemin həllinin guya çox mürəkkəb olduğunu bildirməklə Kremlin maraqlarını təmin etməyə çalışır. Yəni o, deyir ki, Rusiya istəsə, Dağlıq Qarabağ probleminin həllində müsbət elementləri ortaya qoya bilər. Amma bunun üçün ilk növbədə Moskvanın geosiyasi maraqları təmin edilməlidir. Hazırda bölgədə çox böyük siyasi alver gedir. Təbii olaraq Rusiyanın qlobal səviyyədə təkləndiyini görən Azərbaycan da öz siyasi maraqları kontekstində rol oynamağa çalışır. Əgər yaxın zaman çərçivəsində Azərbaycan görsə ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində konkret addımlar atılmır və Rusiya yalnız söz oyunu oynayır, o halda rəsmi Bakı Moskvaya yönəlik siyasətinə son verəcək və yenidən Qərbə inteqrasiyanı gücləndirəcək”.

İsmayıl