Kremlin Cənubi Qafqazla bağlı məkrli planı...

Qərb, Rusiyanın ətraf regionlara müdaxilə edə biləcəyindən ehtiyatlanır



"Son həftələr Moskva Ermənistan və Azərbaycan arasında münaqişəni kəskinləşdirdi. Daha sonra isə hər iki ölkə üçün sülhü bərpa edən tərəf oldu”. Bu sözlər "The New York Times”da nəşr edilən məqalədə deyilir. ANS-in məlumatına görə, yazının müəllifi Brenda Şeffer qeyd edib ki, öz həllini tapmamış münaqişə Rusiya qoşunlarına regiona girməyə və hər iki tərəfi buna məcbur etməyə imkan verir. Onun sözlərinə görə, Rusiya qoşunları bölgədə olduğu müddətcə bu iki ölkə, yəni Azərbaycan və Ermənistan Qərblə sıx əməkdaşlıq edə bilməyəcək:

"Açıq müharibənin yenidən alovlanması Rusiyanın sülhməramlılıq bəhanəsi ilə bölgəyə əlavə qoşunlar göndərməsinə imkan verəcək. Rusiya bu addımlarla həmçinin, Avropanın Rusiya yanacağından asılılığını azaldacaq regiondakı böyük qaz layihəsinin ləğvinə səbəb ola bilər. ABŞ prezidenti Barak Obama Putini Qafqazdan kənarda tutmaq üçün Azərbaycan və Ermənistan prezidentlərini Vaşinqtona dəvət etməli və göstərməlidir ki, Amerika Cənubi Qafqazı tərk etmir”.

Müəllifin fikrincə, Qərb Moskvanın Krımdan sonra daha bir regionu tutmasının qarşısını almaq üçün yeni strategiyaya ehtiyac duyur: "Dağlıq Qarabağ Rusiyanın dağılmış imperiyanın bərpası üçün göstərdiyi növbəti səylərindən biridir. Əgər Cənubi Qafqaz öz müstəqilliyini itirərək Rusiyanın tərkibinə daxil olarsa, onda bu, Amerika üçün ölümcül zərbə olacaq”.

Şefferin analizindən bu nəticə hasil olur ki, Ukraynadakı münaqişənin həllindən sonra növbə Cənubi Qafqaza, xüsusən də Azərbaycanındır. Ekspertin məqaləsindən o qənaətə də gəlinir ki, Rusiya Azərbaycana da müdaxilə edə bilər.

Yerli analitiklər də bildirirlər ki, Rusiyanın hər zaman Cənubi Qafqazı əlində saxlamaq ideyası olub. Kreml bunun üçün ən təhlükəli həmlələrini həyata keçirməyə də hazırdır. Bu təhlükənin mövcudluğunu inkar etməyən politoloqlar hesab edirlər ki, Qərb Rusiyaya qarşı təkcə sanksiyalarla kifayətlənməməlidir. Əks halda, Moskvanın qarşısını almaq mümkün olmayacaq.

"Krımın işğalı artıq Qərbi oyatdı”

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə "Şərq”ə bildirib ki, Qərb artıq Rusiyaya qarşı birləşib. Keçmiş dövlət müşavirinin sözlərinə görə, xüsusən də Amerika Rusiyanı təcavüzkar siyasətdən çəkindirmək niyyətindədir: "Bu strategiyaya Avropa ölkələri də imza atıb. Hesab edirəm ki, Rusiyanı çökdürməkdən ötrü Amerika genişmiqyaslı hücum planlaşdıra bilər. Məsələ ondadır ki, Krımın işğalı artıq Qərbi oyatdı. ABŞ Rusiyanı əvvəl o qədər də önəmsəmirdisə, indi regional dövlət kimi görür. Çünki Krımın işğalı, Ukraynanın parçalanması, hazırkı proseslər Qərbə sübut etdi ki, Rusiya nə qədər təhlükəlidir. Ona görə də Rusiyaya qarşı birlik yaranıb. Bunu biz NATO-nun son sammitində gördük”. V.Quluzadə Rusiyanın Ukraynaya müdaxilə etdiyi kimi, Azərbaycana qarşı da analoji addım atmaq planının hələlik olmadığını bildirib. Politoloq Rusiyanın bu addımı atmaqdan çox qorxduğunu vurğulayıb: "Siz görürsünüz ki, Rusiya necə səriştəli addım atıb Qarabağı işğal edib. Rus strateqləri yaxşı bilirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. Bundan isə Rusiya əleyhinə istifadə ediləcək. Ona görə də bizim torpaqlarımız işğal altındadır və hər dəfə sülh imkanı ortaya çıxanda Rusiya onun qarşısını almaqla məşğul olur. Rusiya istəmir sülh olsun. Putin indi Qərbi, Amerikanı hədələyir. Çünki Krımı işğal etmək Rusiya üçün daha asan idi. Amma Azərbaycana qarşı Kremlin ümumilikdə işğalçılıq niyyəti birbaşa Amerikaya müharibə elan etmək deməkdir. Azərbaycanda Amerikanın bütün neft şirkətləri çalışır. Ona görə Rusiya bunu hələ edə bilmir. Bütün hallarda isə hesab edirəm ki, Azərbaycan bacardığı qədər özünü qorumalıdır”.

"Putinin irimiqyaslı planlarında Azərbaycanın olmadığını söyləsək, yanılarıq”

Politoloq Qabil Hüseynli isə deyir ki, artıq işə düşən rus hərb maşınının Ukraynada törətdiklərinə bir qədər biganə yanaşılması Moskvanı arxayınlaşdırdı. Bununla həmçinin Kremlin çirkin siyasətini davam etdirməsi ehtimalları artıb: "Hesab edirəm ki, Ukraynadakı proseslərdən sonra rusların hədəfi Cənubi Qafqazı ələ keçirməkdi. Xüsusən də Moskva Cənubi Qafqazın təbii ehtiyatları üzərində nəzarəti təmin etməyə çalışır. Həm də bu regionun durmadan artan xüsusi geosiyasi rolu var. Rusiya Cənubi Qafqazı ələ keçirməklə, bir növ onun siyasi baxışları ilə eyni olan İranla birgə Hind okeanına qədər böyük bir sahə üzərində nəzarəti ələ keçirər ki, bununla da NATO-nun genişlənməsinin, ABŞ-ın Orta Asiyaya doğru hərəkətinin qarşısını almış olar”. Q.Hüseynlinin sözlərinə görə, bu gün Ukraynada baş verənlər qlobal dünyanın problemlərindən doğan qarşıdurmadı: "Bu məsələ təkcə Rusiya-Ukrayna müharibəsi kimi qəbul edilməməlidir. Heç də təsadüfi deyil ki, bir çox ekspertlərin rəylərinə görə, hazırda Ukraynada bütöv dünyanın taleyi həll olunur. Putinin irimiqyaslı planlarında Azərbaycanın olmadığını söyləsək, yanılarıq. Məncə, Şefferin qənaətlərində həqiqət payı çoxdur. Bakı və onun nefti, qazı, Xəzərə çıxış sərhədləri, eləcə də ölkəmizin çox mühüm geosiyasi mövqeyi Rusiya üçün hava-su kimi lazımdır. Zənnimcə, xəbərdarlıqlar müəyyən həqiqəti əks etdirir”.

"Nə olursa-olsun, Rusiyanı diz çökdürə biləcək radikal addımlara əl atmaq lazımdır”

Analitikin qənaətincə, super gücə çevrilmək və dünyanın taleyinin həllində iştirakı təmin etmək istəyən Rusiya yeni bölgələr və nüfuz dairələri uğrunda mübarizədə NATO və Qərb ölkələrindən geridə qalmaq istəmir: "Amma Kreml Qərb ölkələrindən fərqli olaraq bu işləri sırf hərbi vasitələrlə həyata keçirmək niyyətindədir. Rusiya bütövlükdə Ukraynanı ələ keçirə bilməyəcək, heç bu mümkün də deyil. Oradakı problemləri tamlıqlamı həyata keçirəndən sonra, yoxsa elə indiki basqılar altındamı Cənubi Qafqaza nüfuz planına başlayacaq?! Bunu söyləmək çətindir. Amma Moskvanın ani qərar verə biləcəyini də unutmaq olmaz. Ona görə də hesab edirəm ki, nə olursa-olsun, Rusiyanı diz çökdürə biləcək radikal addımlara əl atmaq lazımdır. Artıq bunun əlamətləri görünməkdədir. NATO sammitində verilən qərarlar da belə deməyə əsas verir. Lakin təsirləri daha da gücləndirməyə ehtiyac var. Düzdü, Kreml hazırda başını itirmək üzrədir. Moskvanın müəyyən manevrlər etməsinə və əzələ göstərməsinə baxmayaraq, bu məsələlərin hamısı Rusiyanın zahirən normal vəziyyətdə olmasını nümayiş etdirmək üçündür. Əslində baş verənlər şimal qonşumuzu dərindən sarsıdır. Çünki bu ölkəni elə ciddi sanksiyalar gözləyir ki, Rusiya təkcə Cənubi deyil, hətta Şimali Qafqazdan çıxmağa da məcbur ola bilər. Amma bu, asanlıqla baş verə bilməz. Ona görə də təhlükələr gözlənilir”.

"Beynəlxalq sanksiyalar Rusiyanı daha da aqressiv davranmağa sövq edir”

"Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, Rusiyanın postsovet məkanındakı revanşı və ya hücumu GUAM xətti üzrə gedir: "Diqqət yetirsək, görərik ki, postsovet respublikaları arasında Rusiyanın əsasən yaratdığı separatçı rejimlər GUAM üzvü olan ölkələrin ərazisindədir. Yəni Gürcüstan, Azərbaycan, Moldova, indi də Ukrayna. Rusiya GUAM-ın yaradılmasının ilkin addım olduğunu və sonda bu ölkələrin də Avropa Birliyi və NATO-ya inteqrasiya olunacağını bilməmiş deyildi. Məhz o səbəbdən də bu ölkələrdə problemlər yaradırdı ki, həmin separatçı bölgələr vasitəsilə öz geosiyasi şərtlərini diktə edə bilsin. Amma Rusiyanın cəlbedici olmaması və bu ölkələrdə gedən daxili proseslər, onların

Qərbə inteqrasiyası səbəbindən Moskva nəzarəti itirməkdə idi. Məsələn, Rusiya artıq Gürcüstana nəzarəti itirib, separatçı bölgələr vasitəsilə də Tiflisə təsir edə bilmir. Ukraynada isə Rusiya bütövlükdə hakimiyyəti götürmüşdü. Lakin Yanukoviçin məğlubiyyəti Rusiyanın Ukrayna siyasətini iflasa uğratdı və Moskva güc vasitələrinə keçdi. Qərb analitiklərinin də, rəsmilərinin də bu bölgələrlə bağlı xəbərdarlıqları real təhlükələrdən xəbər verir. Artıq Rusiya beynəlxalq hüququn bütün normalarını pozaraq təcavüzkar adını alıb. Bu isə ciddi məsələdir”. Ə.Oruclu vurğulayıb ki, beynəlxalq sanksiyalar Rusiyanı daha da aqressiv davranmağa sövq edir: "Şübhəsiz ki, Rusiyanı ciddi problemlər gözləyir. Ona görə də Rusiya aqressiv siyasətini davam etdirmək istəyir ki, hərbi güc hesabına özünü təsdiqləsin və dünyanı özü ilə hesablaşmağa vadar etsin. Bunun üçünsə Krım kifayət etmir. Bu mənada NATO-nun və Qərbin Şərqi Avropa ölkələri və Cənubi Qafqazla bağlı narahatlığı anlaşılandır. Əslində Rusiya bu prosesləri başladıb. Bunun qarşısının alınması üçün Qərb sanksiyalarla yanaşı, digər planlar üzərində də işləməlidir. Həm də bu işləmləri gecikdirmədən”.
Göründüyü kimi, yerli politoloqlar da Şeffer kimi Moskva təhlükəsinin regionumuz üçün real olduğu qənaətindədirlər. Belə bir məqamda Rusiyanın qarşısını ala biləcək tədbirlərin görülməsi ilə yanaşı, hesab olunur ki, region ölkələri də diqqətli olmalıdırlar.

Anar Bayramoğlu