
Küçə uşaqları...
Son iki ildə belə uşaqların sayı artıb

Azyaşlı uşaqların əməyə cəlb olunmasına gündəlik həyatımızda az qala hər gün şahidlik edirik. Avtobuslarda "konduktor”, restoranlarda kameranın ləvazimatlarını daşıyan, avtoyuma məntəqələrində yuyucu, kafelərdə xidmətçi və yol kənarlarında avtomobillərin şüşələrini silən azyaşlı uşaqları gördükdə adamın ürəyi ağrıyır.
Müşahidələrimiz deməyə əsas verir ki, erkən yaşdan işə cəlb edilən uşaqlar ənənəvi üsullarla istismar edilir. Onlarla heç bir halda əmək müqaviləsi bağlanmır. Çünki buna əmək qanunvericiliyi yol vermir. Vəziyyətdən sui-istifadə edən sahibkarlar da uşaqları az əməkhaqqı ödəməklə iş vaxtından artıq işlədirlər. Məhz ona görə də hazırda uşaq əməyinin istismarı halları kifayət qədərdir. Daha dəhşət doğuran məsələ odur ki, uşaq əməyindən istifadə olunmasında işəgötürənlərlə yanaşı, valideynlərin də günahı böyükdür. Bəzi hallarda valideynlər yetkin yaşa çatmayan övladlarını işləməyə vadar edir. Bilərəkdən övladlarının əməyindən gəlir mənbəyi kimi yararlanırlar. Şübhəsiz ki, bu da uşaq əməyinin istismarına dair halların aşkarlanmasına mane olur və onun qarşısının alınmasını mümkünsüz edir.
Problemin törəmə səbəbləri və ondan qurtuluş yolları barədə danışan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, 90-cı illərlə müqayisədə, hazırda ölkəmizdə uşaq əməyindən istifadəyə az rast gəlinir: "Konstitusiya 15 yaşdan aşağı uşaqların işə cəlb olunmasını qadağa edir.
2008-ci il 18 mart dəyişikliyindən sonra konstitusiyaya bu maddə daxil edildi. Bu səbəbdən göstərilən yaşa çatmayan uşaqların işə cəlb olunması yasaqdır və buna müvafiq cərimələr müəyyən olunub. Dövlət mənfəətçisi görsə ki, hansısa uşaq müqaviləsiz işləyir, işə götürən hüquqi şəxsdirsə, ona 25-30 minə qədər cərimə tətbiq edə bilər”.
Dünyada 270 milyon uşağın əməyindən istifadə olunduğunu söyləyən təşkilat sədri bildirib ki, problemi önləmək çox mürəkkəbdir: "Bunu inzibati yolla da həll etmək olmur. Məsələn, Hindistanda beynəlxalq qurumlar hay-küy saldılar. Bir uşaq oyuncağı istehsal edən məşhur şirkəti qınadılar ki, məktəblilərin əməyindən istifadə edir. Həmin müəssisəni boykot etdilər. Azyaşlılar işdən çıxarıldı. Sonradan müşahidə olundu ki, həmin uşaqlar və ya valideynləri acından tələf olub. Çox hallarda uşaqlar ailənin yeganə pul gətirəni olur. Düzdür, ölkəmiz bir az stabildir. Amma bəzən əlacsızlıqdan uşaq çöllərə düşməli olur. Sərt qadağalarla bunun qarşısını almaq müasir dünyada bir çıxış yolu deyil. Bir uşaq işləyib ailəsini dolandırırsa, acından ölməmək üçün çörəkpulu qazanırsa, inzibati üsullarla bunu önləmək çətindir. Şadlıq evlərində, maşın yuma məntəqələrində” istifadə olunur. Ən dözülməzi azyaşlıların dilənçiliyə cəlb olunmasıdır”.
Buna dair hesabat hazırladıqlarını vurğulayan S.Məmmədov deyib ki, problem hər kəsin qarşısında açıq kitab kimidir: "Dilənçiləri yığışdıra bilmirlər. Bir yerdən təmizləyirlər, gedib, başqa yerdə dilənirlər. Qanunlarımız da demokratik ölkə qanunlarıdır deyə sərt tədbirlər görmək olmur. Sovet dövründə dilənçiliyə qarşı bir maddə mövcud idi. O maddəni çıxardıblar. Çünki qanunvericiliyimiz Avropa qanunvericiliyinə uyğunlaşıb. İnzibati tədbirlər fayda vermir”.
Bu işdə valideynlərin də müəyyən qədər rol oynadığını iddia edən ekspert hesab edir ki, yetkin yaşa çatmayan övladlarının işə cəlb olunmasında bəzən valideynlərin özləri maraqlı olurlar: "Baxın, hansısa kənddə ata uşaqlarını təsərrüfatda işlədir. Həmin atanı cərimə eləsələr, deyəcək ki, mən böyütmüşəm, qoyunumu otarır. Uşaq mənimdi, özüm bilərəm. Buna qarşı mübarizə nəinki Azərbaycanda, ən sivil ölkələrdə belə çətindir. Çalışmaq lazımdır ki, uşaqlar məktəbdən yayınmasınlar. Müntəzəm olaraq dərslərinə getsinlər. İstənilən halda Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri və polis orqanları mübarizə aparmalıdırlar”.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun qənaətincə, problemin köklü həllinə nail olmaq mümkünsüzdür:
"İri şəhərlərdə uşaqların əməyi əsasən sərnişindaşımada, yükdaşımada, məişət, ticarət sahələrində istismar edilir. Rayon yerlərində isə uşaqlar daha çox kənd təsərrüfatı sahələrində işlədilir”. Uşaq əməyindən istifadə edən işəgötürənlərə qarşı sərt tədbirlərin görülməsini vacib sayan liqa rəhbəri fiziki əməyə cəlb edilən uşaqların sayı barədə statistikanın mövcud olmadığını da bildirdi.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin fikrincə, uşaqlar arasında cinsi istismara məruz qalanlar da var: "Ən acınacaqlısı odur ki, əvvəllər küçə uşaqlarından fiziki xidmətlər üçün istifadə olunurdusa, indi bu hallar azalıb. Hazırda belə azyaşlılar daha çox cinsi xidmətə cəlb olunur. Gələcəkdə bunun təsirləri özünü daha çox göstərəcək”.
Küçə uşaqlarına diqqət çəkən birlik sədrinin sözlərinə görə, onların sayı nəinki az deyil, hətta getdikcə artır: "Küçə uşaqlarının sayının artması ilə bağlı həyəcan təbili çalmağın vaxtıdır. Son 2 ildə belə uşaqların sayı çox artıb. Konduktorluq edən, maşın yuyan azyaşlıların sayının azalması küçə uşaqlarının azalması demək deyil. Bizdə küçələrdə onlarla uşağın olması və onların harada gecələməsi barədə xeyli məlumat var”.
Psixoloqlar isə məsələyə birmənalı yanaşmır. Bəziləri qeyd edir ki, erkən yaşlarında əmək fəaliyyətinə cəlb olunan uşaqların valideynləri ilə münasibətləri soyuq olur və bu, uşaqların gələcəkdə normal valideyn kimi formalaşmasına da mane olur. Həmçinin kiçik yaşlarından işləyən azyaşlılar öz uşaqlıqlarını normal şəkildə keçirmədikləri üçün gələcəkdə valideynlərini günahkar hesab edirlər.
Psixoloq Fərqanə Mehmanqızı isə əksini düşünür. Onun fikrincə, valideynlər maddi ehtiyac ucbatından övladını bu yola vadar edir:
"Sözsüz ki, belə uşaqlarda nataraz uşaqlıq dövrü yaşamış bir insan travması ola bilər. Onların valideynlərindən uzaq düşməsi və nifrət bəsləməsini zənn etmirəm. Çünki övlad ailəsinin pula ehtiyacı olduğunu dərk edir. Keçmişdən də belə olub. Rayon yerlərində məktəblilər körpə yaşlarından işləyirlər. Bu normaldı. Belə hallar uşaqlarda valideynlərinə qarşı ikrah hissi doğuran travmaya səbəb olmur”.
Bununla yanaşı, psixoloq azyaşlıların əməyə cəlb olunmasının mənfi tərəflərinin olduğunu da istisna etmir: "Uşaq dərsdən yayınır. Kitabdan uzaq düşür. Onun elmdən, təhsildən, kitabdan geriyə qalması ən böyük qüsurdu. Lakin belə adamların böyüyəndə nadan, əyyaş və dəyyus olacağını güman etmək yanlışdır”.
Sonda onu qeyd edə bilərik ki, uşaqların lazımi şəkildə böyüməsi üçün yalnız valideynlər yox, bütövlükdə cəmiyyət olaraq əlimizdən gələni etməliyik. Nəzərə alsaq ki, ölkənin gələcəyi məhz uşaqların əlindədir, onda bu məsələyə böyük diqqət ayırmalıyıq.
Ayyət Əhməd