Lamiyə azadlığa çıxmaq üçün körpə dünyaya gətirib?

Bilirlər ki, himayəsində 7 yaşadək uşağı olanlara güzəşt edilir, bir neçə il fasilə ilə uşaq dünyaya gətirirlər. Qadın məhkumlar körpə dünyaya gətirməyi azadlığa çıxmaq üçün şans sayırlar
4 saylı cəzaçəkmə müəssisəsində bir uşaq dünyaya gəldi və ölkə biri-birinə dəydi. Suallar, müəmmalar, şübhələr, ehtimallar... Niyə? Necə? Hansı şəraitdə? Təbii ki, hadisəni günün mövzusu edən ananın "tanınmış məhbus”lardan olmasıdır. Lamiyə Quliyeva həbsə alınanda gənc xanım idi. Yaşanmadığı həyatı vardı. Yəqin ki, arzuları da. Övladı dünyaya gəldikdən sonra məhbus qadın öz adından yayılan bəyanatda bildirirdi ki, sadəcə, ana olmaq arzusunu gerçəkləşdirib.
Əslində, medianı məşğul edən də elə bu gerçəkləşdirmə hadisəsidir. Yoxsa, kimsənin kimisə ana olduğu üçün ittiham etmək kimi bir haqqı yoxdur. Hərçənd, media bu məsələni gündəmdə saxladığına görə qınanır. Amma gündəmdə qalan Lamiyənin ana olması deyil, məhz onun necə, hansı şəraitdə ana olmasıdır. Çünki ortada qanun pozuntusu faktı var - nikahdankənar uşaq dünyaya gəlməsi. Əgər L.Quliyeva bu illər ərzində kiminləsə ailə qurmuş olsaydı, rəsmi nikaha daxil olsaydı, bu olay böyüyə bilməzdi.
Belə çıxır ki, istənilən məhkum qadın arzuladığı anda kiminləsə münasibət yarada bilər? Yoxsa, həbsxanalarda "qanundankənar” məhkumların olması doğrudur?
"Məhkum qadınlar hansı halda ana ola bilər” sualına cavab axtardıq.
Həbsxanalarda evlənmələrin sayı artır?
Qanun hər bir məhbusun özəl hüquqlarını tanıyır. Həbsdə olduğu müddətdə istənilən məhbus ailə həyatı da qura bilər, həyat yoldaşından boşana da bilər. Qadın məhbuslar övlad da dünyaya gətirə bilər. Qanun bunların heç birini qadağan etmir. Fəqət, qadın və kişi məhbuslara uzunmüddətli görüşlər yalnız həyat yoldaşları ilə verilir. Yaxın qohumlar, tanışlar, dostlar məhbusla qısamüddətli görüşürlər. Məhbuslarla görüş qaydaları Penitensiar Xidmətin məlumatında əksini tapıb:
- Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qanunla nəzərdə tutulmuş qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilirsə, məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ olan yaxın qohumlarla verilir. Məhkumların xahişi ilə uzunmüddətli görüşlər qısamüddətli görüşlərlə əvəz edilə bilər. Onlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır. Ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan yaradılır. Cəza növlərinə görə, görüş vaxtları dəyişir. Məhkumlar bütün qaydalara riayət etdikdə onlara əlavə görüşlər verilməsi də təmin olunur. Məsələn, ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuşlar il ərzində qısamüddətli iyirmi dörd görüş və uzunmüddətli üç görüş almaq hüququna malikdirlər. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq il ərzində qısamüddətli on iki görüş və uzunmüddətli üç görüş almaq hüququna yiyələnirlər. Ciddi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər il ərzində qısamüddətli on iki görüş və uzunmüddətli iki görüş almaq hüququna malikdirlər. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində isə bu görüşlərin sayı azalaraq altı görüş və ikiyə düşür. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda isə cəza müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.
Qeyd edək ki, Penitensiar Xidmətin məlumatında son illər məhbuslar arasında evlənmə hallarının artdığı da bildirilir.
Ömürlüklərlə vəziyyət fərqlidir
Ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılma şərtləri isə tamam fərqlidir. Belə ki, bu məhkumlar il ərzində qısamüddətli altı görüş və uzunmüddətli iki görüş almaq hüququna malikdirlər. Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən azı on il keçdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər.
Məhbus qadınlar hamiləlikdən istifadə edir
Məhbusların ailə qurması, eləcə də məhkum qadınların ana olması məsələsində vacib bir məqam da uşaqların hansı şəraitdə, necə böyümələridir. Özü məhbəs həyatına məhkum olmuş qadın nədən övladını da dəmir barmaqlıqlar arxasında böyütməyi rəva görür? Bir ananın məhbus həyatının acısını övladı ilə paylaşması nə dərəcədə humanistlikdir? Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva "Şərq”ə açıqlamasında məhkum qadının məhbus olduğu dövrdə uşaq dünyaya gətirməsi və uşağı da öz yanında saxlamasını qəbul etmədiyini dedi:
- Məhbus qadının uşaq dünyaya gətirməsini və üstəlik, uşağı da öz yanında saxlamaq istəməsini mən qəbul edə bilmirəm. Niyə günahsız körpəyə bu əzab yaşadılmalıdır?! Qanuna görə uşağın südəmər dövrdə ananın yanında qalmaq hüququ var. Uşağın sonrakı həyatı isə artıq real vəziyyətdən asılıdır. Əgər uşağın atası azadlıqdadırsa və uşağa qulluq edəcəyini bildirirsə, uşağı atanın himayəsinə verirlər. Bundan başqa yaxın qohumlar, nənə, baba, xala, əmi, dayı və s. uşağı himayəyə götürə bilərlər. Əgər qohumlar bunu etmirsə, uşaq dövlət müəssisəsinə yerləşdirilir. Yəni südəmər yaş dövrü başa çatmış uşaq cəzaçəkmə müəssisəsində saxlanmır. Onu uşaq evinə, internat məktəbə yönləndirirlər. Qadın südəmər uşağı olduğu halda cinayət məsuliyyətinə cəlb edilibsə və ya məhkəməsi keçirilibsə, körpənin ana ilə bir yerdə qalmasına icazə verilir. Məsələn, iş təcrübəmdə belə halla qarşılaşmışam ki, bir qadın məhbusun 11 aylıq körpəsi vardı, ona körpəsini yanında saxlamağa icazə vermişdilər.
Bəs körpələr üçün həbsxanada hansı şərait yaradılır?
K.Ağayeva bildirdi ki, burada hansısa xüsusi şəraitin yaradılmasından söhbət gedə bilməz:
- Ya cəzaçəkmə müəssisəsidir, ya təcridxanadır, burada hansı şəraitdən danışmaq olar?! Orda oyuncaq yoxdu, uşaq çarpayısı, yelləncək yoxdu... Körpəyə lazım olan əşyaları, qidaları ancaq qohumları gətirə bilər. Başqa kimsə körpəyə nə uşaq qidası alasıdır, nə də uşaq bezi. Həbsxanada uşaq dünyaya gətirən qadın bunun ağırlıqlarını da bilməlidir, dərk etməlidir. Məsələn, mən, 90-cı illərin sonlarında qadın cəzaçəkmə müəssisəsində olmuşdum. Orada körpəsi olan 3-4 qadının ayrıca otaqda yerləşdiyini gördüm. Adi otaqlar idi, sadəcə, digər məhkumlardan ayrı qalırdılar.
K.Ağayeva bəzi məhkum qadınların körpə dünyaya gətirməklə cəzalarını yüngülləşdirmək məqsədi güddüklərini də istisna etmədi:
- Bəli, belə hallar var. Xüsusən də insan alveri cinayəti üzrə məhkum edilən qadınlar bu üsula tez-tez əl atırlar. Bilirlər ki, himayəsində 7 yaşadək uşağı olanlara güzəşt edilir, bir neçə il fasilə ilə uşaq dünyaya gətirirlər. Qadın məhkumlar körpə dünyaya gətirməyi azadlığa çıxmaq üçün şans sayırlar. Və həqiqətən də, belə hallar olur ki, cəzasının üçdə-birini çəkmiş məhkum qadın məhz körpəsi olduğu nəzərə alınaraq əfv olunur və ya cəzasının çəkilməmiş hissəsindən azad edilir. Bu halda dünyaya gəlmiş körpə ananın xilaskarı hesab edilir. Qadın məhkumlar çalışır ki, bu imkandan yararlansın. Körpəyə dünyaya gəldiyi ilk gündən məhbəs həyatının acısını daddırmaq hesabına olsa da.
Məlahət Rzayeva
P.S. Lamiyə Quliyevanın körpəsi anasını azadlığa çıxara biləcəkmi?
Yaşayarıq, görərik...