Fikrət Sadıqov: "Rusiya istəyirsə ki, biz bu məsələdə irəliləyişə nail olaq, o zaman Azərbaycan torpaqlarının işğaldan azad edilməsi baş tutmalıdır "
"Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı müddətdə bütün məsələlər müzakirə səviyyəsində də qalacaq”.
Bunu Sherg.az-a Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında keçirilən görüşün nəticələrini şərh edərkən politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, bu görüş diplomatik münasibətlərin yaranmasının 25 illiyinə həsr olunmuş tədbir idi:
"Aprelin əvvəlində Rusiya ilə diplomatik münasibətlərin yaranmasının 25 illiyi tamam olur. Bu münasibətlə həm Bakıda həm Moskvada müəyyən tədbirlər keçiriləcəyi gözlənilir. Digər tərəfdən orada hər iki nazirlər arasında 2017-ci 2018-ci illər üçün müqavilə imzalandı. Bu görüşlər Xarici İşlər Nazirlikləri arasında münasibətlərin inkişafı və qurumların bir-biri ilə informasiya mübadiləsinin təmin olunması ilə də bağlıdır. Hər iki nazir mətbuat konfransında bəyan etdi ki, müxtəlif məsələlərdə dövlətlərin strateji əməkdaşlığı formatında davam edən münasibətlər hər iki dövlətin maraqlarına cavab verir. Çünki nazirlər arasında çoxlu saziş imzalanıb, reallaşdırılır”.
Dağlıq Qarabağ münaqişəsi ətraflnda aparılan müzakirələrə toxunan F. Sadıqov deyib ki, bu, çox problemli, düyün vəziyyətində olan məsələdir:
"Rusiyanın problemin həllində rolunun böyük olduğu hər kəsə məlumdur. Rusiyanın Ermənistana təzyiqindən və beynəlxalq hüquq normaları çərçivəsində addım atmasından çox şey asılıdır. Amma görünür, Rusiya Ermənistana təzyiq etmək fikrində deyil, hər iki dövlətlə münasibətlərini inkişaf etdirərək, çalışır hansısa ortaq məxrəc əldə etsin. "Kazan” prinsipləri, "Lavrov planı” kimi sənədləri nəzərə aldıqda ilk addım Azərbaycan torpaqlarının azad olunması olmalıdır. Rusiya da bunu yaxşı dərk edir. Bu səbəbdən müxtəlif təkliflər irəli sürülür. Nazirlərin görüşündən sonra baş tutan mətbuat konfransının nəticələrindən bunu başa düşmək olar. Lakin hələlik konkret real nəticələrdən uzağıq. Burada müəyyən təkliflər lazım olacaq. Azərbaycan hər halda mərhələli planın tərəfdarıdır. Əgər Rusiya istəyirsə ki, biz bu məsələdə irəliləyişə nail olaq, o zaman burada ilk addım Azərbaycan torpaqlarının işğaldan azad edilməsi baş tutmalıdır”.
Qeyd edək ki, Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Elmar Məmmədyarov arasında görüş keçirilib. Rusiya XİN başçısı Sergey Lavrov görüşün məhsuldar keçəcəyinə ümidvar olduğunu söyləyib.
Aysel Aslan