Mağazalarda təhlükəli yumurtalar satılır

“Yumurta tam halda bişirilmədikdə yoluxma halları istisna deyil”



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında Azərbaycanda salmonella virusu ilə zəngin təhlükəli yumurtalar satıldığını deyib. Onun sözlərinə görə, AİB-ə son aylar Türkiyədən Azərbaycana idxal olunan yumurtalar istehsal olunduğu ölkədə yararalılıq vaxtı keçmiş məhsullardır:

"Bu barədə AİB-ə yumurta biznesi ilə məşğul olan şəxslər məlumat verib. Bizə Türkiyədən idxal olunan heç bir əmtəə markalanması olmayan, əksər hallarda salmonella virusu ilə zəngin təhlükəli yumurtalardır. Qablaşdırılmasında və müşayiətedici sənədlərində buraxılma və son yararlılıq tarixləri olmayan, qırmızı rəngli kasetlərə qablaşdırılmış bu yumurtalar uzun məsafə qət edərək, gömrük mənətəqələrində isti yay şəraitində günlərlə qalaraq təhlükə mənbəyinə çevriliblər”.

Tibb eksperti, professor Adil Qeybulla salmonella infeksiyasının qida zəhərlənmələrinin ən çox rast gəlinən səbəbi olduğunu deyib: "Salmonelloza məxsus patogenetik dəyişikliklərin baş verməsində mikrob və onun toksinləri iştirak edir. Salmonella toksini yerli və qana sorularaq ümumi dəyişikliklər törədir. Toksinin yerli təsirindən bağırsağın damar-sinir aparatı zədələnir, hüceyrə zarının keçiriciliyi artır. Salmonellosis ağır intoksikasiya və susuzlaşdırma, bəzən qızdırma ilə xəstəliyi və ya septisemi ilə müşayiət növlü Salmonella bakteriyalarının yoluxma nəticəsində həzm sisteminin infeksion xəstəliyidir. Xroniki xarakter daşıdığı üçün insan orqanizmində uzun müddət qala bilir. Uşaqlarda isə daha çox narahatlıq yaradır”.

Salmonellaya səbəb olan amillərə gəldikdə isə ekspert deyib ki, çiy və ya az bişmiş ət, toyuq, yumurta və ya pasterizə edilmiş olmayan süd və ya süd məhsulları bu bakteriyanı yaradır. Bir çox heyvan mənşəli çiy qidaları göstərmək olar: "Yumurta yüksək temperaturda bişirilən zaman solmonella ölür. Yumurta tam halda bişirilmədikdə isə yoluxma halları istisna deyil. Eyni zamanda ət də yeməzdən əvvəl yaxşıca bişirilməlidir. Tərəvəzlər yemədən əvvəl bol su ilə yuyulmalıdır. Bir vaxtlar Almaniyada bu infeksiya aşkarlanmış və çox ciddi infeksiyalara səbəb olmuşdu”.

Azərbaycanda salmonella virusu ilə zəngin təhlükəli yumurtaların satılmasının ciddi ittiham olduğunu vurğulayan ekspert deyib ki, bu fakt öz təsdiqini tapacağı halda qarşısının alınması istiqamətində real addımlar atılmalıdır.

Şəymən