Manat həmişə güclü olacaq

Təşvişə düşməyə heç bir əsas yoxdur, dövlətin siyasəti bütün nüansları nəzərə alıb



Azərbaycanın güclü iqtisadi potensiala malik olması qlobal risklər fonunda milli valyutanın dayanıqlılığını təmin etmək üçün zəruri tədbirlər görməyə imkan verir.
Mərkəzi Bankın İdarə Heyətinin yeni məzənnə siyasətinə keçidlə bağlı müvafiq qərar qəbul etməsi cəmiyyətdə birmənalı olaraq zəruri iqtisadi-maliyyə tədbiri kimi qarşılansa da, ölkəmizdəki "bulanıq suda balıq tutmaq istəyən” qüvvələr yenidən fəallaşaraq mövzu ətrafında qeyri-adekvat manipulyasiyalar etməyə çalışırlar.

Sözügedən qüvvələr respublikamızda tətbiqinə start verilən yeni məzənnə siyasətinin mahiyyətinə varmadan ajiotaj yaradırlar. Guya, yeni məzənnə siyasətinə keçid manatı kəskin devalvasiyaya uğradacaq, bahalaşma dalğası başlayacaq, inflyasiya ikirəqəmli səviyyəyə qalxacaq, əhalinin sosial vəziyyəti pisləşəcək və s. Mərkəzi Bankın açıqlamalarından da göründüyü kimi, qaragüruh qüvvələrin bu kimi cəfəng, ölkəmizin reallığını əks etdirməyən iddialarının heç bir əsası yoxdur.

Yeni məzənnə siyasəti daxili bazarın qlobal risklərdən qorunmasına xidmət edir

Son vaxtlarda qlobal maliyyə-iqtisadi məkanında baş verən məlum proseslər, o cümlədən də dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizdə də adekvat tədbirlər görülməsinin zəruriliyini gündəmə gətirib. Məlum olduğu kimi, ayrı-ayrı ölkələr qlobal risklərə zəif dayanıqlılıq nümayiş etdirərək ciddi sosial-iqtisadi-maliyyə problemləri ilə üzləşiblər. Bəzi ölkələrdə isə böhran daha dərin qatlara nüfuz edərək milli valyutaları kəskin şəkildə devalvasiyaya uğradıb. Bu kimi problemlər həmçinin Azərbaycanın maliyyə-iqtisadi münasibətlərdə olduğu dövlətlərdən də yan keçməyib. Belə bir şəraitdə zamanında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində milli valyutamızın öz dəyərini qoruyub saxlaması özlüyündə müsbət hal olsa da, qlobal miqyasda yaşanan iqtisadi gərginliklər mənfi təsirsiz ötüşmür. Bu kimi halların baş verməməsi üçün respublikamızda manatın indiki dünya çağırışlarına uyğun çevik məzənnə siyasətinin həyata keçirilməsinə kəskin zərurət yaranıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl manatın həddindən artıq bahalaşmasının yolverilməz olduğunu bildirib. Yeni qərarla məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək. Onu da vurğulamaq lazımdır ki, manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyutalı səbətə keçid yeni bir maliyyə innovasiyası deyil. Xatırladaq ki, hələ 2008-2011-ci illərdə Azərbaycanda manatın məzənnəsinin müəyyənləşdirilməsi üçün bivalyutalı səbətdən istifadə edilib.

Tətbiq edilən məzənnə siyasəti Azərbaycan cəmiyyətində müsbət qarşılanır

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın manatın məzənnə siyasətində iki valyutalı səbət prinsipinə keçməsinə münasibət bildirərkən deyib ki, manat MDB-də öz dəyərini qoruyub saxlayan yeganə milli valyutadır. Deputatın sözlərinə görə, məzənnə siyasətində iki valyutalı səbət rejiminə keçilməsi əslində çoxdan gözlənilən idi: "Manatın məzənnəsi ilə əlaqədar hazırda iki problem var. Birincisi, manatın dəyərinin qorunub saxlanılması ölkə əhalisi üçün çox vacibdir. Çünki bu, birbaşa alıcılıq qabiliyyətinə təsir edir. Digər tərəfdən, hazırda dünyada çox ciddi iqtisadi böhran yaşanır və manatın məzənnəsinin qorunub saxlanılması Azərbaycanın ixracyönümlü məhsullarının istehsalına təsir göstərir. Buna görə də yəqin ki, müəyyən müddət dollar və avro ilə əlaqədar dəhliz müəyyən ediləcək. Bu dəhliz boyunca da manatın məzənnəsi ilə bağlı dəyişikliklər olacaq. Ancaq hesab edirəm ki, elə də ciddi dəyişikliklər baş verməyəcək. Bu dəhliz yumşaq şəkildə həyata keçiriləcək ki, əhali bunun təsirini o qədər də hiss etməsin”.
V.Əhmədov bu prinsipin ixarcyönümlü məhsulların istehsalı üçün çox vacib olduğunu da nəzərə çatdırıb.

Bu qərar məqsədyönlü pul-kredit siyasətinin tərkib hissəsidir

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov da milli valyutamızın məzənnəsinin həm dollara, həm də avroya nəzərən müəyyənləşdirilməsinin zəruri sosial-iqtisadi amillərlə şərtləndiyini vurğulayıb: "Hazırkı şəraitdə qlobal miqyasda müşahidə edilən proseslərin fonunda manat çox ciddi təzyiq altında idi. Bu mənada manatın yalnız bir valyutaya bağlılığına son qoyulması çox ciddi addımdır. Bu qərar Azərbaycan hökumətinin dünyada baş verən maliyyə və iqtisadi kataklizmlərin qarşılığında həyata keçirdiyi məqsədyönlü pul-kredit siyasətinin tərkib hissəsidir”. Millət vəkili bildirib ki, son zamanlar manatın digər valyutalara münasibətdə daha da bahalaşması Azərbaycanın daxili bazarının qorunması və ixrac imkanlarının genişləndirilməsi baxımından məqbul deyildi: "Azərbaycan geniş ixrac potensialına malik olan ölkədir. Ölkəmizdə ixracyönümlü məhsul istehsalı təşviq olunur və dövlət bu sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün zəruri dəstək nümayiş etdirir. Lakin son vaxtlarda məlum səbəblərdən Azərbaycan mallarının xarici bazarlarda rəqabət qabiliyyətliliyinə təhdidlər yaranıb. Avronun ucuzlaşması, manatın isə, əksinə, möhkəmlənməsi Azərbaycanın partnyorluq etdiyi ölkələrlə əlaqələrində müsbət saldonun təmin olunmasını təhlükə altında qoyurdu. Yeni məzənnə siyasəti bu kimi təhlükələri aradan qaldıracaq”. A.Badamov, həmçinin, bəzi qaragüruh qüvvələrin yeni məzənnə siyasəti ətrafında süni ajiotaj yaratmaq cəhdlərinə də münasibətini ifadə edib. Millət vəkili vurğulayıb ki, indiki halda manatın devalvasiyası müzakirə mövzusu deyil. Mərkəzi Bank, sadəcə, manatın yeni məzənnə siyasəti ilə bağlı müvafiq qərar qəbul edib ki, bunu da ölkəmizin iqtisadi maraqları diktə edirdi.

Manatın ucuzlaşması pensiya təminatında heç bir problem yaratmayacaq

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib ki, ümumiyyətlə, iqtisadiyyatda baş verən proseslər, o cümlədən manatın məzənnəsi ilə bağlı baş verənlər pensiya sisteminə heç bir təsir göstərmir. Çünki pensiya sisteminin bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmləri var: "Bunlar bazar iqtisadiyyatı sistemində pensiya sistemini mənfi təsirlərdən, o cümlədən inflyasiyanın qorunması mexanizmini ifadə edir. Bu gün DSMF-nin göstəricilərinə diqqət yetirdikdə, neftin qiymətinin dəyişməsi iqtisadiyyatda baş verən digər proseslərin təsir etmədiyini müşahidə edə bilərsiniz. Fond il ərzində qrafik üzrə pensiya maliyyələşməsini vaxtından əvvəl yerinə yetirib”. E.Mehdiyev deyib ki, cari ilin həm yanvar, həm də fevral ayında pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb.

Azərbaycanın milli valyutası həmişə dəyərli olacaq

Manatın ucuzlaşmasına münasibət bildirən politoloq Fərhad Mehdiyev də bəyan edib ki, rəqabətcil milli valyuta sabitliyin və inkişafın göstəricisidir. O, insanları həyəcanlanmamağa çağırıb: "Azərbaycan neft ixrac edən ölkədir, bu cür ölkələrin milli valyutası həmişə güclü olur. Kütlə psixologiyası ilə təşvişə düşüb dollar almağa ehtiyac yoxdur. Manatın sabitliyi Azərbaycan hökuməti üçün prioritet məsələdi və elə də qalacaq, çünki rəqabətcil milli valyuta sabitliyin və inkişafın göstəricisidir. Az bir dalğalanmanı fırtınaya çevirmək lüzumsuzdur”.

İsmayıl