Manatın qiyməti “yumşaldı”lır

Vüqar Bayramov: “Valyuta səbətinin təklif edilməsi, hələlik manatın dəyərsizləşməsi anlamına gəlməməlidir”
Azər Mehdiyev: “Yaxın 6 ayda manatın məzənnəsində böyük dəyişiklik olmayacaq”



Dünyada gedən siyasi və iqtisadi proseslərin sürətli dəyişməsi, neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəhayət Azərbaycan manatına da təsir edib. Manatın ucuzlaşması xəbərini Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov "Financial Times” qəzetinə açıqlamasında deyib. Sədr bildirib ki, manatın dollardan asılılığını azaltmaq məqsədi ilə çevik məzənnə siyasətinə keçiləcək: "Büdcə və pul-kredit siyasətinə düzəliş etmək həddindən artıq vacibdir”.

E.Rüstəmov bildirib ki, valyutanın dəyərdən düşməsi tədricən baş verə bilər və Mərkəzi Bank bu məsələdə əhalinin maraqlarını nəzərə alacaq. Sədr MB-nin məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçdiyini də deyib. Onun sözlərinə görə, burada avronun payı 20-30 faiz, inflyasiya ilə bağlı oriyentir isə 5-7 faiz təşkil edəcək. Xatırladaq ki, Mərkəzi Bank manatın məzənnəsini stabil saxlamaq üçün iki ay ərzində təxminən 2,5 milyard dollar vəsait xərcləyib.

İnsanlar narahatdır

Manatın kursunun düşəcəyi barədə xəbərdarlıqdan sonra ölkədə dollar qıtlığı müşahidə olunmağa başlayıb. Əhali kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə axışaraq milli pulu ABŞ dollarına dəyişməyə çalışıblar. Ancaq bir müddətdən sonra dolların satışı dayandırılıb. Dollar tapmayanlar məcburiyyətdən avro almağa da razı olublar. Ümumiyyətlə, manatın ucuzlaşması Azərbaycana nə vəd edir? Məzənnə siyasətindəki məcburi dəyişiklik ölkə iqtisadiyyatına, əhalinin sosial durumuna ciddi təsir edəcəkmi? Bu suallara cavab verən ekspertlərin məsələyə münasibəti birmənalı deyil. Vəziyyətin kritik olduğunu iddia edənlərlə yanaşı, nəzərdə tutulan devalvasiyanın təsirsiz ötüşəcəyini deyənlər də var.

Manatın ucuzlaşmasında təhlükəli tərəflər var

İqtisadçı-ekspert Vüqar Bayramov digər qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda milli valyutanın yumşaq devalvasiyaya uğrayacağını düşünür. Onun sözlərinə görə, manat dollarla nisbətdə cüzi bir şəkildə dəyər itirəcək: "Əvvəllər Mərkəzi Bank tərəfindən manatın məzənnəsi müəyyənləşdirilən zaman milli valyutanın yalnız dollara birbaşa kursu da dəqiqləşdirilirdi. Bundan sonra manatın məzənnəsinin müəyyənləşdirilməsi zamanı valyuta səbətindən istifadə olunacaq. Bu səbətin özəlliyi ondan ibarətdir ki, məzənnə yalnız dollarla deyil, həm də avro ilə birbaşa müəyyənləşdiriləcək. Əslində valyuta səbətinin təklif edilməsi, hələlik manatın dəyərsizləşməsi anlamına gəlməməlidir. Bu səbətlə manatın məzənnəsi müəyyənləşdirilən zaman avronun qiymətinin də nəzərə alınması birmənalı şəkildə manatın yumşaq devalvasiyasına səbəb ola bilər”. Ekspert qeyd edib ki, manatın məzənnəsinin aşağı düşməsinin təhlükəli sosial tərəfləri də var. Bu da əmək haqları və pensiyaların dollara nisbətən dəyərinin azalması ilə bağlıdır: "Əgər manatın yumşaq devalvasiyası həyata keçirilərsə, Mərkəzi Bank bu il üçün müəyyənləşdirdiyi inflyasiya hədəflərinə nail ola bilməyəcək. Bu da göstərir ki, Azərbaycanda uzunmüddətli inflyasiyanın baş verəcəyi qaçılmazdır. Əgər MB 2015-ci ildə 2 faizlik inflyasiya proqnozlaşdırırdısa, bu prosesdən sonra inflyasiyanın səviyyəsi 7 faizə qədər yüksələ bilər. Manatın devalvasiyası digər sahələrdə də qiymət artımına səbəb olacaq”.

"Adamlar təşvişə düşməsin”

İqtisadçı-ekspret Azər Mehdiyev isə hesab edir ki, yaxın 6 ayda manatın məzənnəsində böyük dəyişiklik olmayacaq. Onun fikrincə, proses tədrici xarakter daşıyır. Ona görə də adamlar təşvişə düşməməli, manat ehtiyatlarını dollara çevirməyə tələsməməlidirlər: "Bu addım bir müddət əvvəl ölkə prezidentinin "manatın bahalaşmasının qarşısı alınmalıdır” tapşırığının icrası kimi qiymətləndirilir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev bir müddət əvvəl bir manatın bir avroya bərabər olmasının məqsədəuyğun olduğunu deyib. Pul islahatını apararkən o vaxt bir manat bir dollara bərabər tutulurdu. Ondan sonra manatın qiyməti qalxdıqca, bir manat 1,3 dollar oldu. Bir növ manat avroya bağlı idi. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq iqtisadiyyat və ixrac potensialı üçün bu o qədər də müsbət hal deyil. Ona görə də hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil”.

Manatın ucuzlaşmasınan səbəbi neftin qiymətinin düşməsidir

İqtisadçı-ekspert Natiq Cəfərli manatın ucuzlaşmasının zərurətə çevrildiyini deyib. N.Cəfərlinin sözlərinə görə, 2008-ci ildə qlobal iqtisadi böhran başlayanda Azərbaycan manatının məzənnəsi cüzi də olsa aşağı salınmalıydı. Ekspertin sözlərinə görə, manatın yumşaq devalvasiyası bir sıra faktorlarla bağlıdır: "Əsas amil neftin ucuzlaşmasıdır. Eyni zamanda Rusiyadan ailələrə göndərilən vəsait də ciddi azalıb, Rusiya ilə bağlı isə hətta əks proses gedir. Yaxşı vaxtlarda Rusiyada çalışıb qazandığı vəsaitə Bakıda daşınmaz əmlak alan bəzi iş adamları, Rusiyada öz bizneslərini ayaqda tutmaq üçün həmin mülklərini satıb, dollara çevirib, Rusiyaya aparırlar. Deməli, manata olan basqılar ciddi artıb. Məhz bu səbəbdən yumşaq devalvasiyaya getmək qərarı verildi”.

Manatın "yumşalması” çox çəkməyəcək

İqtisadçı-ekspert İsmayıl Hüseynov deyib ki, manatla xarici pullar arasındakı fərqi azaltmaq Mərkəzi Bankın siyasətidir. Onun sözlərinə görə, Rusiyada iqtisadi vəziyyət getdikcə daha çətinləşdiyindən, Azərbaycan Avropa dövlətləri ilə daha çox alış-veriş əməliyyatları aparır: "Avronun dəyərdən düşməsi isə manatın tənzimlənmə məsələsini ortaya çıxarıb. Əməliyyatların çoxu Avropa dövlətləri ilə olduğu üçün, avroya daha çox üstünlük verilir. Son zamanlar avronun xeyli dərəcədə aşağı düşməsi ilə əlaqədar olaraq, ölkəyə gətirilən malın dəyərini yüksəltməmək üçün manat tənzimlənir. Hazırda Rusiyada rublun məzənnəsi düşsə də, biz manatın məzənnəsini saxlamağa çalışırıq. Azərbaycana malların çoxu Rusiyadan və Avropadan gətirilirdi. Lakin Rusiyada da vəziyyət pisləşdiyinə görə, indi ən çox Avropa ölkələrindən mallar gətirilir. Belə olduğu halda avro ilə məzənnəni tənzimləmək üçün manatın fərqini bir az azaltmaq lazım gəlir”.
Ekspert həmçinin qeyd edib ki, manatın dəyər itirməsi uzun müddət davam etməyəcək. Hazırda ölkədə neftdən gələn gəliri kompensasiya işləri aparılır: "Düşünürəm ki, bu proses uzun müddət davam etməyəcək. Bu problemlər neftin qiymətinin enməsi ilə bağlıdır. Ona görə də, büdcənin vəsaitini tənzimləmək üçün banklardakı depozitə 10 faiz, evin alqı-satqısında ortada qalan fərqə görə isə 14 faiz vergi tutulması tətbiq edilir. Bütün bunlar büdcə itkisini bağlamaq, aradakı fərqi düzəltmək üçün atılan addımlardır”.

"Proses Avropa oyunlarından sonra daha da dərinləşə bilər”

İqtisadçı-ekspert Rəşad Həsənov da deyib ki, Mərkəzi Bank manata olan təzyiqlərin önünü almaq üçün bu addımı atıb: "MB valyuta ehtiyatlarının əriyib sıradan çıxmasının qarşısını almaq məqsədi ilə bu sistemə keçib. Ümumiyyətlə, bu addımı manatın ucuzlaşmasına start kimi qiymətləndirmək olar. Əgər bu siyasətə keçilirsə, bu o deməkdir ki, manatı avroya uyğunlaşdırmaq lazımdır. Prezidentin də çıxışında qeyd edildiyi kimi təxminən 1 manat 1 avroya uyğunlaşdırılmalıdır. Belə olacaqsa, təxminən 1 manat 1, 13 dollara qədər düşəcək. Burada təxminən 10 faiz ucuzlaşmadan söhbət gedir”. R.Həsənovun sözlərinə görə, problemləri nəzərə alaraq mərhələli şəkildə maliyyə bazarlarında manevr edərək, manatın məzənnəsinin kəmiyyət yumşaldılması prosesi həyata keçiriləcək: "Ola bilsin, proses Avropa oyunlarından sonra daha da dərinləşsin. Lakin mümkündür ki, Avropa oyunlarına qədər indiki status-kvonu qoruyub saxlasınlar. Bu günə qədər hökumətin mövqeyindən hiss olunan odur ki, manatın stabil saxlanılması və məzənnəsinin möhkəm olması iqtisadi və siyasi prioritet hesab olunurdu. Artıq bu gün qərar verilibsə, deməli, artıq prosesə start verilib”.

İsmayıl