“Marqvelaşvili Saakaşvili ilə əlbirdir”

İndiki prezidentin sabiq dövlət başçısı ilə parlament seçkilərində koalisiya yaratması ehtimal edilir



Gürcüstanın hazırkı prezidenti Georgi Marqvelaşvili Kiyevə səfəri çərçivəsində sabiq prezident Mixail Saakaşvili ilə görüşüb”. Bu barədə "Vəkillər və hüquqşünaslar Beynəlxalq Observatoriyası” adlı qeyri-hökumət təşkilatının rəhbəri Qriqori Qaqnidze bildirib. Danışıqların bir neçə dəqiqə davam etdiyini deyən Q.Qaqnidze söyləyib ki, onların müzakirə etdikləri mövzular dəqiq bilinmir: "Görüş təntənəli mərasim zamanı baş tutub.


Bunu mənə daim Saakaşvilinin yanında olan ukraynalı jurnalist deyib. Saakaşvilinin ətrafında olan şəxslərin də həmin görüşdə iştirak etdiyi bildirilsə də, onların kimliyi məlum deyil. Bu onunla izah olunub ki, həmin insanlar tanınmış simalar olmayıblar”. Təşkilat rəhbəri ehtimal edir ki, qısamüddətli danışıqlarda Marqvelaşvili eks-prezidentə parlament çoxluğuna qarşı mübarizə aparmaq niyyətində olduğunu bildirib.

Görüşün məqsədini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, Marqvelaşvili Saakaşvili ilə əlbirdir. Ekspertin sözlərinə görə, indiki prezident sabiq liderlə birgə ittifaq yaratmaq məsələsini müzakirə edə bilər: "Görünür, Marqvelaşvili ciddi təsir altındadır. Ona görə də Qərbin təlimatlarını qəbul edib. Saakaşvili ilə görüşməklə gələcək parlament

seçkilərinin taleyini müzakirə ediblər. Güman edirəm ki, danışıqların rəsmi Tiflis üçün prinsipial əhəmiyyəti çox olacaq. Saakaşvilinin yenidən hakimiyyətə qayıtmasına zəmin yarana bilər. Ehtimal etmək olar ki, Marqvelaşvili indiki baş nazir İrakli Qaribaşvili və keçmiş baş nazir Bidzina İvanişvili ilə yollarını ayırıb. Onun Saakaşvili ilə koalisiyaya getməsi bundan irəli gəlir”.

Siyasi şərhçi Arzu Nağıyev isə görüşü belə izah edib: "Bu məsələyə maraq onunla bağlıdır ki, Saakaşvili Gürcüstanda İnterpol xətti ilə bir neçə cinayət faktı ilə axtarışa verilib və heç bir çağırışa məhəl qoymayaraq istintaqa gəlməyib. Fevral ayının 13-də onu Poroşenko öz ştatdankənar müşaviri təyin edib və bir sıra mühüm səlahiyyətlər verib. Bu ayın 17-də isə Gürcüstan prokurorluğu Ukraynaya müraciət edərək Saakaşvilinin ekstradisiya məsələsinə baxılmasını xahiş edib. Ukrayna tərəfi məsələyə baxılacağına dair cavab göndərib. Məlumdur ki, heç bir ekstradisiyadan söhbət belə gedə bilməz. Çünki Saakaşvilinin yeni vəzifəyə təyinatı haqda G.Marqvelaşvili bildirdi ki, bu təyinat iki dövlət arasında münasibətlərə heç bir mənfi təsir göstərməyəcək. Ukrayna hakimiyyətinin kimi hansı vəzifəyə təyin etməsi onun daxili işidir. Bütün bunlardan belə bir nəticə çıxarmaq olar ki, Tiflis və Kiyev arasında Saakaşvilinin təyinatı barədə heç bir gərginlik yaranmayacaq. Hətta iki ölkənin gələcək inkişaf perspektivində bundan istifadə edilə bilər”.

Ayyət Əhməd