Marşrutda qiymət artdı

Bəzi avtobuslarda “gedişhaqqı 25 qəpikdir” yazılıb



Paytaxtda marşrutlarda qiymətin artdığı haqqında məlumat yayılıb. Günay adlı şəhər sakini öz "facebook” səhifəsində 102 saylı xətt avtobusunda qiymətin 25 qəpiyə qaldırıldığını yazıb. Sakin qiymətin artması ilə bağlı avtobusun daxilində vurulan plakatın şəklini də paylaşıb.

Statusun şərhlərində isə digər vətəndaşlar 106, 182 saylı marşrutlarda da qiymətin 25 qəpik artdığını qeyd ediblər. Vətəndaşlar narahatdırlar ki, getdikcə bütün marşrutlarda qiymətlər artacaq. Hətta bəziləri iddia edir ki, yaxın günlərdə artım 30 qəpiyə çatacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, istənilən halda ictimai nəqliyyatda gediş haqlarının artırılması arzuedilən hal deyil: "Çünki bu artımlar əhalinin ailə büdcəsinə təsir göstərərək xərclərin artmasına səbəb olur. Xüsusən də ictimai nəqliyyatdan əsasən az və orta gəlirli vətəndaşların istifadə etdiyini nəzərə alsaq, bu, aztəminatlı ailələrin xərclərini artırır və onların sosial vəziyyətinə mənfi təsir göstərir”.

Məsələyə digər tərəfdən yanaşan V.Bayramov ictimai nəqliyyatda mövcud gediş haqlarının çox yüksək olmadığı qənaətindədir: "İctimai nəqliyyatda mövcud olan tariflərin mərhələli şəkildə artırılması gələcəkdə müzakirə oluna bilər”.

O, həmçinin ictimai nəqliyyatın rentabelli olmasının vacibliyini vurğulayıb: "Bu sahənin rentabelli olması üçün də qiymətlərin xərclərə uyğunlaşdırılması önəmlidir. Belə olan halda qiymət artımları da istisna deyil. Lakin kəskin qiymət artımının tərəfdarı deyiləm”.

İqtisadçı-ekspert ictimai nəqliyyatda aztəminatlı qruplar üzrə güzəştli tariflər tətbiq edilməsini təklif edir: "Hətta Avropa Birliyi və qonşu Türkiyədə olduğu kimi imkansız vətəndaşlara güzəştlərin edilməsinə ehtiyac var. Qiymət artımları baş verdiyi zaman aztəminatlı vətəndaşların sosial hüquqlarının qorunması baxımından xüsusi güzəştlərin həyata keçirilməsi lazımdır. Qeyd olunan sahədə kart sisteminə keçilməsi artıq belə güzəştlərin tətbiqi üçün teniki baza yaradır. Fikrimcə, kart sistemindən tam istifadə edildikdən sonra ictimai nəqliyyatda aztəminatlı vətəndaşlar üçün güzəştlər edilə bilər. Bu da gələcəkdə qiymət artımlarının belə aztəminatlı vətəndaşlara təsirlərinin minimuma endirilməsini təmin edəcək”.

Həmsöhbətimiz gediş haqlarının orta statistik azərbaycanlının gəlirlərinə nə qədər təsir edəcəyini açıqlayıb: "Orta aylıq əməkhaqqı alan vətəndaşın 440 manat aldığını və bir nəfərin gün ərzində 3 nəqliyyat vasitəsindən istifadəsini nəzərə alsaq, gündəlik xərclərin 7, orta hesabla isə 14 faizini təşkil edir.

Həkimlərin və müəllimlərin maaşı isə orta aylıq əməkhaqqından iki dəfə azdır. Ona görə də bu sahədə çalışanlar üçün isə nəqliyyat xərcləri ailə büdcəsinin 15 faizini təşkil edir. "Gün ərzində üçdən çox nəqliyyat vasitəsindən istifadə edərsə, artıq bu göstərici artaraq 25 faiz olur”.

Vüqar Şahinoğlu