Vüqar Bayrmaov: “Qiymət artımı yeni avtomobillərdə hiss ediləcək”
Rəşad Həsənov: “Yaxın aylarda təzə maşınlarda qaldırılmış qiymətlərin enməsini müşahidə edəcəyik”
Dolların bahalaşması ilə manatın devalvasiyaya uğramasının ərzaq, mənzil bazarı ilə yanaşı, avtomobil bazarında da xeyli artımlara yol açdığı müşahidə olunmaqdadır. Dolların məzənnəsinin artmasından sonra ölkəyə bahalı avtomobillərin gətirilməsi, yaxud da ölkəyə gətirilən avtomobillərin hansı qiymətə satılması əsas müzakirə obyektlərindəndir.
Mənzil bazarı ilə bağlı vəziyyəti dəyərləndirən İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov da dolların məzənnəsinin artması ilə əlaqədar avtomobil bazarında qiymət artımının hiss olunduğunu vurğulayıb: "Nəzərə alsaq ki, ölkəyə gətirilən avtomobillər dollar və avro ilə alınır, bu zaman artımın olması da təbiidir. Ölkəyə əvvəllər Avropadan, Amerikadan maşın gətirilirdisə, həmin avtomobillər ordan ucuz qiymətə alınır və burada həmin satıcı özü istədiyi kimi qiyməti tənzimləyə bilirdi. Amma indi dünyadakı iqtisadi prosesləri və ölkədəki vəziyyəti nəzərə alanda, həmin satıcının avtomobili satmaqda işi bir az da çətinləşəcək. Belə proseslərin baş verdiyi vaxt avtomobil bazarında alıcı qıtlığı daha çox yaşanacaq”. Qiymət artımının avtomobil bazarına ciddi fəsadlar yaradacağından söz açan iqtisadçı bildirib ki, bu hal bazarda həm tələb, həm də təklifin azalması ilə müşahidə olunacaq. Nəticə etirabı ilə də avtomobil bazarında ciddi durğunluq yaşanacaq.
Mövcud prosesin avtomobil satıcıları üçün keçid dövrü olduğunu qeyd edən V.Bayramov hesab edir ki, satıcılar belə məqamda xaricdən avtomobil gətirməkdə bir az fasilə verməli olacaqlar.
Ekspertin sözlərinə görə, dolların məzənnəsinin manata nisbətdə artması istifadə olunmuş ikinci əl avtomobillərin qiymətində dəyişikliyə səbəb olmayacaq: "Köhnə avtomobillər xarici ölkədən dollarla alınıb, ölkədə də dollarla satılırdı. Amma bu yeni avtomobillərə aid deyil. Çünki həmin avtomobillər xarici ölkədən dollarla alınıb, ölkəmizdə manatla satılırdı. Məhz ən çox da qiymət artımı yeni avtomobillərdə hiss ediləcək. Ölkəyə ən çox avtomobil Rusiya, Gürcüstan, Almaniya kimi ölkələrdən gətirilir. Rusiya avtomobillərini nəzərə alsaq ki, ölkəmizdə daha çoxdu və bu çoxluq yenə də ölkəmizdə hiss olunacaq. Çünki Rusiya istehsalı olan yeni avtomobillər digər ölkələrdən gətirilən avtomobillərdən daha ucuzdu”.
Qiymət artımından sonra ölkəyə bahalı qiymətə avtomobil gətirilməsinə toxunan İSİM rəhbəri manatın devalvasiyasından sonra ölkəyə bahalı avtomobillər gətirilməsinin inandırıcı olmadığını deyib: "Yanvar ayında qəbul olunmuş aksiz vergilərinin artırılması və dolların məzənnəsinin artmasının qiymət artımına təsir etməsi hallarından sonra, heç bir satıcı bahalı və yaxud mühərrik həcmi daha böyük olan avtomobilləri ölkəyə gətirməyəcək. Ən azından, bu onlar üçün heç də sərfəli olmayacaq”.
Dolların bahalaşmasından sonra avtomobil bazarında qiymət artımının hiss olunduğunu deyən digər iqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, hələlik qiymətlərin artımı yalnız təzə avtomobillərdə qeydə alınır ki, bu da müvəqqəti olacaq: "Ölkəyə avtomobillər xüsusilə Rusiyadan, Gürcüstandan və o cümlədən, Avropa Birliyi ölkələrindən gətirilir. Bu avtomobil gətirilən ölkələrin hər birində valyutalar devalvasiya edib. Amma buna baxmayaraq, avtomobil bazarında olan inhisarçılığa görə, qiymətlərin enməsini müşahidə etmirdik. Məsələn, Almaniyadan 30 min avroluq avtomobil almısınız. Əvvəllər bu avtomobilin iyun ayında qiyməti 32-33 min manat edirdisə, noyabr ayında təxminən 27 min manat edirdi. Məhz bazarda olan inhisarçılıq səbəbindən alıcılar qiymətlərin enməsini müşahidə etmədi. Maraqlı vəziyyət yaranıb. Onsuz da sadaladığımız ölkələrdə valyutaların devalvasiyaya uğraması səbəbindən dilerlər avtomobilləri ucuz alırlar. Amma indi təzə maşınların qiymətlərini bahalaşdırmağa tez cəhd göstərirlər. Düşünürəm ki, yaxın aylarda təzə maşınlarda qaldırılmış qiymətlərin enməsini müşahidə edəcəyik.”
Şəymən