Mədəniyyət və incəsənət xadimləri “Şərq”ə təbrik ünvanladılar




Azərbaycanın müstəqil mətbuat orqanlarından biri olan "Şərq” qəzeti 18 illik yubiley ərəfəsindədir. Mütəmadi nəşr olunan "Şərq”də 100-dən çox jurnalist yetişib və bu gün həmin şəxslər Azərbaycanın müxtəlif media qurumlarında çalışırlar.  Qəzetin yarandığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi proseslər baş verirdi və bu qəzeti də ictimai-siyasi proseslərdə fəal iştirak edən şəxslər təsis ediblər.
Bu gün də "Şərq” qəzeti fəaliyyəti obyektiv və aktuallığı ilə dövri mətbuatda seçilən mətbuat orqanları sırasında böyük nüfuza malikdir. Bəs görən, 18 illiyini qeyd edən "Şərq” qəzeti haqqında Azərbaycanın tanınmış sənət adamları, xalq artistləri,  incəsənət nümayəndələri nə düşünür?
"Şərq” qəzetini ölkənin tanınmış incəsənət insanları təbrik etdilər, fikirlərini, arzularını oxucularla bölüşdülər.
Xalq artisti, Şöhrət və Şərəf ordenli İlhamə Quliyeva 18 illik tarixi  olan "Şərq” qəzetinin kollektivini, qəzetin baş redaktoru Akif Aşırlını ad günü münasibətilə təbrik etdi: "18 illik tarixi olan "Şərq” qəzetini, onun kollektivini təbrik edirəm. Müasir Azərbaycan mətbuatında öz obyektivliyi, peşəkarlığı, operativliyi ilə seçilən bir mətbuat orqanı olaraq böyük nüfuza maliksiz. Mən sizin daimi oxucularınızdan biriyəm. Çünki həqiqətən oxunaqlı qəzet nəşr edirsiniz. Xalqın mövqeyini hər zaman layiqli şəkildə təmsil edən bir  mətbuat orqanıdır. İfrata varmadan "Şərq”də hər zaman düzgün, haqqın tərəfində duran jurnalist ordusu var. Hər zaman nüfuzunuzu bugünkü qədər qoruyub saxlayın. Peşəkar yaradıcı mühitiniz var. İnşallah, 80-100 illik yubileyiniz olsun. Qələminiz hər zaman qərəzsiz və kəsərli olsun. Mənim üçün dəyərli olan insanlar "Şərq”in kollektivində olduğundan mənimçün doğma qəzetdi. Mən dostlarımı təbrik edirəm. Sizə yaradıcılıq uğurları diləyirəm”. Xalq artisti Mənsum İbrahimov da 18 illik tarixə malik "Şərq”i təbrik etdi: "Şərq” ailəsini təbrik edirəm. Redaksiyanızda obyektiv və cəsarətli jurnalist ordusu formalaşıb. Mən bu münasibətlə hər birinizi təbrik edirəm. Bu gün ölkədə qələminə  və şəxsiyyətinə hörmət etdiyim jurnalistlər sırasında, Tahirə Məmmədqızının, xüsusi yeri var. Bu hörmət bütünlükdə "Şərq”in hər bir üzvünə ünvanlanır. "Şərq”  aktuallığı, qərəzsizliyi, informasiya bolluğu ilə seçilən bir mətbuat orqanıdır. "Şərq” qəzetlər içində prinsipial mövqeyi, türkçülüyü ilə də seçilən bir media orqanıdır. Sizə tutduğunuz yolda yalnız uğurlar diləyirəm. "Şərq” yarandığı gündən bu günə qədər yalnız dövlətə və dövlətçiliyə xidmət edən, xalqın marağını qoruyan bir qəzet kimi yaddaşımda yer salıb. İnşallah, 50-100 yaşınızı qeyd edəsiz”.

Xalq artisti Faiq Ağayev də "Şərq” ailəsini təbrik etdi: "Şərq” nadir qəzetlərdəndir ki, aktuallığını qoruyub saxlaya bilib. Oxucularına hörmət etməyi bacaran, peşəkar komandası olan bir nüfuzlu media orqanıdır. Akif Aşırlıya şəxsən böyük hörmətim var. Çünki məhz onun simasında "Şərq”çilər istər siyasi jurnalistikada, istər iqtisadi-sosial, istərsə də mədəniyyət sahəsində yazılan yazıları ilə fərqlənə bilib. "Şərq” mənə həm də ona görə doğmadır ki, o kollektivdə dostum çalışır. Tahirə Məmmədqızı hər zaman obyektivliyi ilə "Şərq”i layiqincə təmsil edə bilib. Azərbaycanın mətbuat tarixində sözünü və yerini tutan "Şərq”ə yalnız uğurlar arzulayıram. Milli mətbuatımızın artıq iki əsrlik tarixində çoxsaylı qəzetlər sırasında "Şərq” o nadir qəzetlərdəndir ki, hər zaman aktuallığını, nüfuzunu qoruya bilib. İnşallah, 100 illik yubileyiniz qeyd olunsun. "Şərq”ə bu məsuliyyətli yolda yalnız uğurlar diləyirəm”.

Xalq artisti Nəzakət Teymurova da "Şərq”çiləri təbrik etdi: "Həqiqətən hörmət etdiyim qəzetdi. Heç zaman ifrata varmırsız. Hər zaman incəsənət xadimlərinin uğurlarını işıqlandırırsız. Obyektiv və qərəzsiz mövqeyiniz var. Qəzetinizin bütün yaradıcı kollektivini təbrik edirəm. Sizə yalnız uğurlar arzulayıram”.

Xalq artisti Nurəddin Mehdixanlı da ad günü ərəfəsində olan "Şərq”i təbrik etdi: "Sevərək izlədiyim mətbuat orqanıdır. İstər siyasi-sosial, istərsə də mədəniyyət sahəsində olan məlumatları obyektiv şəkildə oxucuya təqdim edən bir yaradıcı mühitə sahibsiz. Bu gün informasiyaları şübhə etmədən oxuduğum az sayda mətbuat orqanlarından biridir. Sizə uğurlar diləyirəm. Hər zaman qərəzsiz olun. Bütün kollektivinizi təbrik edirəm. Həqiqətən jurnalist olmağınızla öyünə bilərsiz. Çünki sağlam, peşəkar yaradıcı ruha malik kollektivə sahibsiz. Uğurlar!”

Xalq artisti Mübariz Tağıyev də "Şərq”i özünə doğma sayan sənətkarlarımızdan biri oldu: "Sizi özümə çox doğma sayıram. Çünki hər zaman mənim yaradıcılığıma diqqətlə yanaşmısız. Ən maraqlı açıqlamaların, ən maraqlı müsahibələrimdən bir çoxu məhz "Şərq”in səhifəsində oxunub. Sizin timsalınızda bütün kollektivi təbrik edirəm. "Şərq” qəzetinin rəhbərlərini təbrik edirəm. Oxuduğum, hörmət etdiyim az sayda mətbuat orqanlarından birisiz. Sizə uğurlar diləyirəm. Bu çətin peşədə sizə "uğurlarınız bol olsun” deyirəm”.

Əməkdar artist Ədalət Şükürov: "Qəzetin baş redaktoru həqiqətən mədəniyyəti, vətənə bağlılığı, xalqına dəyər verən vicdanlı media rəhbəridir. Mən "Şərq” kollektivinə uğurlar diləyirəm.

Sevərək izlədiyim mətbuat orqanıdır. Mənim mətbuatda az, amma yaxşı dostlarım var. Nə qədər maraqlı olsa da, məhz "Şərq”də iki dostum var. Akif Aşırlı və Tahirə Məmmədqızı mediada olan, inandığım dostlarımdan sayılır. Mən dostlarımı 18 illik yubiley münasibətilə təbrik edirəm. Kollektivinizə yalnız uğurlar diləyirəm. Həqiqətən milli ruha bağlı, amma demokratik fikirləri ilə seçilən, öz mövqeyi olan bir mətbuat orqanıdır. Mən "Şərq”çiləri təbrik edirəm. Uğurlar!”

Tahirə