Üzeyir Cəfərov: "Jurnalistin sorğusuna vaxtında reaksiya verilsə, sonradan bu cür müraciətlərə, bəzi hallarda isə xəbərdarlıqlara ehtiyac qalmaz”
Ələsgər Məmmədli: "Yanlış informasiyalar hər şeydən əvvəl cəmiyyətdə inamsızlıq yaradır”
Xanlar Xoca: "Mətbuat xidməti mətbuatla sıx əməkdaşlıq etməlidir”
Zahid Oruc: "Qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin məlumatı mediada birinci dərəcəli informasiya olsun”
(əvvəli ötən sayımızda)
Cəmiyyətin informasiyaya olan tələbatı indiki qədər aktual olmayıb. Elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. İnformasiyalar çoxaldıqca problemlər yaranır və cəmiyyətə hansı informasiyanı vermək məsələsi gündəmə gəlir.
KİV-in əsas vəzifəsi cəmiyyətə obyektiv, qərəzsiz informasiyanı çatdırmaqla yanaşı, vətəndaşları hər cür təxribat və dezinformasiya ilə bağlı xəbərdar etmək, ictimai şüuru möhkəmləndirmək, milli mənafelərə xidmət etməkdir. Yaşadığımız dövr informasiya cəmiyyətinin bərqərar olduğu, xəbərlərin insan həyatının, eləcə də, dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erası adlandırılır. Azərbaycanda ən çox tələbat olan aktual mövzulardan biri də cəbhə xəbərləridir.
Cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir. Ancaq çox təəssüflər ki, zaman-zaman ordunun fəaliyyəti və cəbhə xəttində baş verən proseslərlə bağlı dezinformasiyalar yayılır. Bu isə öz növbəsində cəmiyyətin düşüncəsinə təsir edir. Bunu nəzərə alan Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə yenidən müraciət edib.
Müdafiə Nazirliyinin saytından əldə etdiyimiz xəbərə görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslığı ilə əlaqədardır.
Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınmasını tövsiyə edir.
Jurnalistlər isə bəzi hallarda Müdafiə Nazirliyinin ləngliyindən gileylənir ki, "bizə birbaşa cavab verilmir, nazirliyin elektron ünvanına göndərilən sorğuya da çox gec cavab verirlər. Biz də məcburuq xəbəri təsdiqsiz yazaq”. Belə vəziyyətdə informasiya əldə edən jurnalist necə davranmalıdır?
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun qənaətincə, Azərbaycanda 24 saat onlayn rejimdə çalışmalı olan qurum varsa, onlardan birincisi Müdafiə Nazirliyi olmalıdır. Həm regionda, həm də dünya düzənində kifayət qədər gərgin proseslər baş verir: "Hesab edirəm ki, indiki situasiyada media nümayəndələrinə təzyiq etmək əvəzinə onların fəaliyyətindən düzgün şəkildə yararlanmaqdır. Biz Türkiyədə baş verən hadisələr fonunda mətbuatın necə güclü silah olduğunun bir daha şahidi olduq. Qardaş ölkəni hərbi çevrilişdən media xilas elədi desək, bəlkə də yanılmarıq. Əgər ölkə başçısının skayp vasitəsi ilə xalqa müraciəti olmasaydı, Türkiyədə baş alıb gedən xaosun qarşısını almaq mümkün olmazdı. Media vasitəsilə xalqa ünvanlanan bir müraciətlə vətəndaşlar küçələrə axın edərək dövlətin və dövlətçiliyin tərəfində olduqlarını qiyamçılara bəyan etdilər. Hesab edirəm ki, Azərbaycan mediası da eyni cür silahlanmalı və istənilən ekstremal vəziyyətə hazır olmalıdır. Dezinformasiya və dəqiqləşdirilməmiş məlumatlardan mümkün qədər uzaq durmalı, xalqa ancaq doğru informasiyanı ötürməlidir”.
Müdafiə Nazirliyinin feysbuk səhifəsi açdığını vurğulayan ekspert həmin səhifənin o qədər də aktiv olmadığını deyib: "Sanki vəzifəli şəxslər həmin səhifəni istifadə eləməyə ərinirlər. Onlar vaxtlarını bölüşdürərək həmin səhifəni səhərə qədər yeniləyə bilərlər. Aprel ayında cəbhə xəttində ciddi gərginlik vardı deyə müvəqqəti olaraq həmin səhifə və nazirliyin saytı daimi olaraq yenilənirdi. Amma ara sakitləşən kimi hamı öz işinin dalınca gedir. Jurnalistlərin anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatları araşdırılmadan qeyri-dəqiq formada yayması xoşagələn hal deyil. Nazirliyin də bəyan etdiyi kimi, bu cür məlumatlar düşmənin maraqlarına xidmət edir. Hər şeydən öncə jurnalist vətəndaşdır və ona görə də, ölkənin və dövlətin maraqlarını müdafiə etməlidir. Təbii ki, iş olan yerdə nöqsanlar da olur. Müharibə, güllə, tank-top olan yerdə ölüm də olmalıdır. Olur da. Media bunları nəzərə almalı və cəbhə xətti ilə bağlı yayılan informasiyalara qarşı həssas olmalıdır. Amma aidiyyəti qurumlar da mətbuata hörmətlə yanaşmalıdır. Güc strukturları jurnalistlərə müraciət edir, müəyyən tövsiyələr edirlər, ancaq nədənsə özləri jurnalistləri başa düşmək istəmir. Jurnalistin çörəyi əldə etdiyi xəbərdən, özəl məlumatdan çıxır. Hər bir jurnalist istəyir ki, əldə etdiyi informasiya öz aktuallığını və operativliyini itirmədən oxuculara təqdim etsin. Əgər Müdafiə Nazirliyinin mətbuat xidməti onlayn rejimdə öz işini düzgün tənzimləsə, arada bu cür narazılıqlar olmaz. Jurnalistin sorğusuna vaxtında reaksiya verilsə, sonradan bu cür müraciətlərə, bəzi hallarda isə xəbərdarlıqlara ehtiyac qalmaz. Bizdə jurnalistlərlə mətbuat xidmətləri arasındakı əlaqə düzgün qurulmadığı üçün bu cür problemlər ortaya çıxır”.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də deyib ki, həqiqəti əks etdirməyən xəbərlər, dezinformasiyalar yaymaq KİV-in vəzifəsi deyil: "Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununda da qeyd olunub ki, KİV birmənalı olaraq qərəzsiz, obyektiv və balanslı, dəqiq məlumat yaymalıdır. Bu baxımdan cəbhə xətti və ölkənin müdafiə sistemi ilə bağlı yayılan xəbərlərdən nazirliyin narahatçılığı varsa, yayılan dezinformasiyalardan zərər görməsi ilə bağlı müraciət yayması başadüşüləndir. Amma bu, hüquqi sənəd kimi də qəbul edilməməlidir. Ən azından qanunla bu mümkün deyil. Əgər media nümayəndələri arasında kimsə düşünürsə ki, ordu ilə bağlı dezinformasiyaların, dəqiqləşdirilməyən xəbərlərin, yaxud da açıqlanması ölkənin maraqlarına zidd olan məlumatların yayılması ordumuzun xeyrinədir, yanılır. Yanlış informasiyalar hər şeydən əvvəl cəmiyyətdə inamsızlıq yaradır. KİV-in məsuliyyətini və etibarını aşağı salır. O cümlədən də haqqında dezinformasiya yayılan quruma zərər verir. Hesab edirəm ki, nazirliyin mediada ordumuzun müdafiə qabiliyyəti ilə bağlı həqiqətə söykənməyən məlumatların yer almasından narahatçılığı və adekvat müraciəti normaldır. Qeyd etdiyim kimi, bu, hüquq müstəvisində öz həllini tapacaq məsələ deyil. İctimai münasibətlər müstəvisində mediaya ünvanlanmış açıq müraciətdir”.
Ekspert hesab edir ki, Müdafiə Nazirliyi ordu ilə bağlı sistemli şəkildə dezinformasiyaların yayılmasını istəmirsə, ilk növbədə jurnalistləri məlumatlandırmalıdır. Hər gün brifinqlər keçirilməli və cəbhədə baş verən hadisələrlə bağlı jurnalistlərə əhatəli məlumat verilməlidir. Ancaq bu yolla yanlış informasiyaların qarşısını almaq olar.
"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə hesab edir ki, istər dinc dövrdə, istərsə də müharibə şəraitində hərbi məlumatlarla bağlı xüsusilə diqqətli olmaq vacibdir: "Çox yaxşı olar ki, gün ərzində heç olmasa, 3 dəfə MN mətbuat xidməti son vəziyyətlə bağlı məlumatı qurumun rəsmi saytında yerləşdirsin. Məhz onların açıqlamaları fonunda oxucu biləcək ki, yayılan xəbərlər dezinformasiyadır, yoxsa həqiqət. Amma münasibət bildirilməsə, oxucu da belə düşünəcək ki, deməyə söz tapa bilməyiblər. Mətbuat xidməti mətbuatla sıx əməkdaşlıq etməlidir, hərbi sahədən yazan jurnalistlərə vaxtaşırı treninqlərin keçirilməsini təşkil etməlidir”.
Jurnalistlərin Müdafiə Nazirliyinə ünvanladıqları suallara vaxtında cavab ala bilməmək narazılığına gəldikdə isə baş redaktor deyib ki, bu, məlum məsələdir və jurnalistlər haqlıdır: "Məncə, belə olduqda, jurnalistlər vətəndaşlıq mövqeyindən çıxış etməlidir. İtkimiz varsa, onu dərhal yazmaqla geri qaytarmaq olmaz, amma yoxdursa, bu, orduda və cəmiyyətdə psixoloji gərginliyə səbəb ola bilər. Ona görə də media olaraq Mətbuat Şurası vasitəsilə MN rəhbərliyindən mətbuat xidmətinin işinin daha operativ işləməsinin təmin olunmasını xahiş etməkdən başqa yol görmürəm. Əks halda, özümüz də bilmədən həqiqətən erməni dəyirmanına su tökmüş olarıq”.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, cəbhə bölgəsində baş verən hadisələrin geniş ictimai kütləyə çatdırılması məqsədilə Kütləvi İnformasiya Vasitələri haqqında qanunda dəyişiklik edilməlidir. Onun sözlərinə görə, belə bir qanun olmadığından cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar ziddimizə informasiyalar yayılır: "Hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin hərbi sahəyə qeyri-məhdud çıxışı olmalıdır. Qanunda dəyişiklik edilməlidir ki, Müdafiə Nazirliyinin məlumatı mediada birinci dərəcəli informasiya olsun. Bu, dövlət qurumları üçün də vahid məsələ olmalıdır. Düşmənlə təkcə səngərdə deyil, həm də informasiya müharibəsindəyik. Qanunda dəyişiklik etməklə bu məsələlərə nəzarət etmək mümkündür”.
Davamı olacaq...
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb