Rəşad Süleymanov: “Azərbaycanın hələ də bir çox internet media resursları və sosial şəbəkələrdə aktiv olan insanlar ermənilərin bu planını tirajlayaraq, bəlkə də özləri də bilmədən onlara dəstək olurlar”
Media cəbhə xəbərlərinə həssas yanaşmalıdır
Aydın Quliyev: “Nazirliyin müraciətini müsbət qiymətləndirirəm”
Rəşad Süleymanov: “Azərbaycanın hələ də bir çox internet media resursları və sosial şəbəkələrdə aktiv olan insanlar ermənilərin bu planını tirajlayaraq, bəlkə də özləri də bilmədən onlara dəstək olurlar”
Rəşad Süleymanov: “Azərbaycanın hələ də bir çox internet media resursları və sosial şəbəkələrdə aktiv olan insanlar ermənilərin bu planını tirajlayaraq, bəlkə də özləri də bilmədən onlara dəstək olurlar”
Ramil Məmmədli: "Müdafiə Nazirliyinin informasiyanı operativ şəkildə yaya bilməməsinin obyektiv səbəbləri olur”
Cəmiyyətin informasiyaya olan tələbatı indiki qədər aktual olmayıb. Elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. İnformasiyalar çoxaldıqca problemlər yaranır və cəmiyyətə hansı informasiyanı vermək məsələsi gündəmə gəlir.
KİV-in əsas vəzifəsi cəmiyyətə obyektiv, qərəzsiz informasiyanı çatdırmaqla yanaşı, vətəndaşları hər cür təxribat və dezinformasiya ilə bağlı xəbərdar etmək, ictimai şüuru möhkəmləndirmək, milli mənafelərə xidmət etməkdir. Yaşadığımız dövr informasiya cəmiyyətinin bərqərar olduğu, xəbərlərin insan həyatının, eləcə də, dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erası adlandırılır. Azərbaycanda ən çox tələbat olan aktual mövzulardan biri də cəbhə xəbərləridir.
Cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir. Ancaq çox təəssüflər ki, zaman-zaman ordunun fəaliyyəti və cəbhə xəttində baş verən proseslərlə bağlı dezinformasiyalar yayılır. Bu isə öz növbəsində cəmiyyətin düşüncəsinə təsir edir. Bunu nəzərə alan Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə yenidən müraciət edib.
Müdafiə Nazirliyinin saytından əldə etdiyimiz xəbərə görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslığı ilə əlaqədardır.
Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınmasını tövsiyə edir.
Jurnalistlər isə bəzi hallarda Müdafiə Nazirliyinin ləngliyindən gileylənir ki, "bizə birbaşa cavab verilmir, nazirliyin elektron ünvanına göndərilən sorğuya da çox gec cavab verirlər. Biz də məcburuq xəbəri təsdiqsiz yazaq”. Belə vəziyyətdə informasiya əldə edən jurnalist necə davranmalıdır?
"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların araşdırılmadan qeyri-dəqiq formada yayılmasının yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, cəbhə xətti ilə bağlı yayılan məlumatlar nazirlik tərəfindən təsdiqlənməlidir: "Müdafiə Nazirliyinin belə məqamlarda reaksiya verməsi, işə müdaxilə etməsi ancaq məsələnin xeyrinə olar. Çünki bu hal jurnalistlərin öz işlərinə daha səriştəli yanaşmasına səbəb olacaq. Nazirliyin bu müraciətini müsbət qiymətləndirirəm. İnanıram ki, bundan sonra həmin qurum özü də indiyə qədər mövcud olan pis ənənəni pozacaq. Yəni, mətbuatda hərbi sirlə bağlı məlumat getdiyi zaman onun yolverilməz olduğunu dərhal bəyan edəcək. Qoy jurnalistlər də bilsinlər ki, hərbi sirr nə deməkdir”.
Baş redaktorun fikrincə, bu müraciəti işgüzar, dövlətçilik maraqları üzərində əməkdaşlığa çağırış kimi də qəbul etmək olar: "Biz özümüz də - dövlət sirləri ilə işləyənlər də son dərəcədə ehtiyatlı olmağa çalışırıq. Çünki burada söhbət təkcə Müdafiə Nazirliyinin mənafeyinə ziyan vurmaqdan getmir. Bütünlükdə, Azərbaycan dövlətçiliyinin maraqları nəzərə alınmalıdır. Ona görə də bu məsələdə Müdafiə Nazirliyi ilə medianın əməkdaşlığını yüksək qiymətləndirirəm”.
"Azeri Defence” hərbi texnoloji jurnalının baş redaktoru Rəşad Süleymanov da cəbhə ilə bağlı informasiyalara həssas yanaşılmasını vacib hesab edir: "İnformasiya müharibəsində belə bir taktika var. Rəqib ölkənin ictimaiyyətinə mənfi təsir edə biləcək informasiyaların elə həmin ölkənin KİV-lərində yayımlanması üçün ciddi qəbul edilən media qurumlarının potensialından istifadə olunur. Məsələn, Ermənistan 1992-ci ildə Xocalı faciəsini törədərkən Azərbaycanın bəzi telekanalları işgəncə verilmiş insanları, eybəcər hala salınmış meyitləri çəkib ölkədə nümayiş
etdirdilər. Halbuki müharibə şəraitində bu tip hadisələri nümayiş etdirmək orduda və ictimaiyyətdə ruh düşkünlüyü, döyüş zonasında yaşayanlarda isə qorxu yaradır. Nəticə isə sonda panikanın yaranmasına, düşmənə müqavimət göstərilmədən mövqelərin tərk edilməsinə gətirib çıxarır. Eyni taktikanı İraq və Suriyada İŞİD bu gün tətbiq edərək hökumət ordusunun müqavimətini psixoloji metodlarla qıraraq böyük şəhərləri ələ keçirdi. Düşünürəm ki, müharibə informasiyalarında bu amillər nəzərə alınmalıdır. Müşahidələr göstərdi ki, ermənilər aprel döyüşlərindən bu yana köhnə cəhdlərini dəfələrlə davam etdirmələrinə baxmayaraq istəklərinə nail ola bilmədilər. Bunun üçün yeni cəhdlər edirlər və təəssüf ki, Azərbaycanın hələ də bir çox internet media resursları və sosial şəbəkələrdə aktiv olan insanlar ermənilərin bu planını tirajlayaraq, bəlkə də özləri də bilmədən onlara dəstək olurlar. Ermənilərin son hərəkətlərindən biri döyüşlərdə şəhid olduqdan sonra onların nəzarətindəki ərazilərdə qalan Azərbaycan xüsusi təyinatlılarının meyitlərini nümayiş etdirmələri idi. Onlar mərmi partlayışından, güllə yarasından şəhid olan əsgərlərin meyitləri üzərində bəzi insanlığa yaraşmayan hərəkətlər edərək, bu yaxında görüntüləri sosial şəbəkələrdə yayımladılar. Bu görüntülərin bəzi saytlarımızda yer alması məndə təəssüf hissi doğurur. Bu yerdə bir məsələni xüsusilə vurğulamaq istərdim ki, döyüşdə insanlar evdəki kimi əl-ayaqlarını uzadıb, üzü qibləyə vəfat etmirlər. Döyüş meydanında insanlar faciəvi şəkildə həlak olurlar. Digər bir məsələ isə ermənilərin cəbhə xəttində Azərbaycanın guya təxribat hazırlaması kimi informasiyalar yaymasıdır. Onlar adətən bu tip informasiyalarla dünyanın diqqətini Azərbaycanın aqressor olmasına yönəltməyə çalışırlar. Məsələn, Azərbaycan cəbhə xəttinə döyüş texnikaları cəmləşdirir, manevrlər keçirir. Yaxud cəbhədə xüsusi təyinatlıların iştirakı ilə diversiya cəhdi edir kimi informasiyaları mütəmadi olaraq dünyaya ötürməyə çalışırlar. Müdafiə Nazirliyi də dəfələrlə bu kimi informasiyaları erməni mediasından kopyalayıb yayılmasına etiraz edərək bəyanatlar səsləndirib və KİV-ləri diqqətli olmağa çağırıb. Əvvəlki dövrlərlə müqayisədə bu kimi halların sayı mediamızda azalsa da tam aradan qalxmayıb”.
Bəzi informasiyaların KİV-də yayımlanmasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin ləngliyinin arqument olaraq qoyulmasını doğru hesab etməyən baş redaktorun subyektiv fikri belədir: "Bu sadəcə bəhanədir. Müdafiə Nazirliyinin mətbuat xidməti ilə 24 saat - canlı telefon bağlantısı, email, sayt üzərindən müraciət və "Whatsapp” mesajlaşması ilə əlaqə yaratmaq mümkündür. Bir şeyi də nəzərə almaq lazımdır ki, Müdafiə Nazirliyi İqtisadiyyat, Energetika, yaxud Mədəniyyət Nazirliyi deyil. Mətbuat xidməti də bəzi informasiyaları müvafiq strukturlarla dəqiqləşdirməli, eyni zamanda verəcəyi bəyanatı razılaşdırmalıdır. Bu, rəsmi tələbdir. Vaqif Dərgahlının yerinə onu ittiham edən şəxs belə orada olsa, bu qaydalara riayət etməyə məhkumdur. Ordu, cəbhə informasiyalarının dövlətin hərbi təhlükəsizliyinə, eləcə də insanların həyatına (hansı ki söhbət gedən ərazidə minlərlə əsgər və zabit xidmət edir, onların valideynləri hər gün cəbhənin o istiqamətində baş verən xəbərləri izləyərkən hansı hissləri keçirirlər). Bilavasitə təsir göstərirsə, o xəbərin verilməsində səbr eləmək lazımdır.
Amma bütün bunlar o demək deyil ki, Müdafiə Nazirliyinin mətbuat xidməti əlini başının altına qoyub saatlarla KİV-in sorğusunu yubatmalıdır. Onların da daha operativ şəkildə fəaliyyət göstərmələrinə ehtiyac var. Çünki operativ reaksiya ilk növbədə elə Müdafiə Nazirliyinin özü üçün vacibdir. Necə ki bir çox hallarda bunun müsbət nəticələrini hiss eləmişik”.
"Azeri Defence” hərbi-texnoloji jurnalının redaktoru, Ramil Məmmədli isə hesab edir ki, məsələyə iki istiqamətdən yanaşmaq olar: "Əlbəttə ki, jurnalistin informasiya əldə etmək, onu yaymaq hüququ var. Lakin burada bəzi istisnalar da var. Bu, milli təhlükəsizlik məsələsidir. Bir məsələni də unutmayaq ki, bəzi məqamlarda Müdafiə Nazirliyinin informasiyanı operativ şəkildə yaya bilməməsinin obyektiv səbəbləri olur. Əlbəttə, jurnalist nöqteyi-nəzərən bu qəbulolunmaz sayılsa da, dövlət siyasəti buna məcbur edir. Məsələn, hazırkı vəziyyətdə Azərbaycan jurnalisti ölkəsinin milli maraqlarını da qorumağa borcludur. Ermənistanın təcavüzünə məruz qalmış, ərazilərinin 20 faizini itirmiş azərbaycanlı olaraq bunu etməlidir. Yəni jurnalist də vətəndaş mövqeyindən çıxış etməlidir”. R.Məmədlinin sözlərinə görə, jurnalist xəbərin əldə edilməsi üçün qaydalara uyğun nə lazımdırsa onu etməlidir. Elə məsələlər var ki, Müdafiə Nazirliyinin həmin xəbəri tez bir zamanda yayması məqsədəuyğun sayılmır: "Birmənalı demək olar ki, istənilən halda və Azərbaycanın mövcud vəziyyətində xəbər nazirliklə uzlaşdırılmalıdır. Onu da etiraf edək ki, bir qədər əvvələ nəzər yetirdikdə, Müdafiə Nazirliyinin mətbuat xidməti, yəni xəbər siyasəti daha operativləşib”.
Şəymən
(Davamı olacaq)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb