Media cəbhə xəbərlərini dəqiqləşdirmədən dərc etməməlidir



Qabil Abbasoğlu: "Təəssüf ki, bəzi nazirliklər və dövlət idarələri məlumatları jurnalistlərdən gizlətməyə meyilli olurlar”


Anar Niftəliyev: "Cəbhə xəbərlərində düşmənin informasiya siyasətinin qurbanı olmamaq üçün xüsusi həssaslıq göstərməyimiz vacibdir”


Hikmət Babaoğlu:"Milli mətbuat ekstremal vəziyyətdə daha məsuliyyətli olmağı bacarmalı və informasiyaya həssas yanaşmalıdır”


Müşfiq Ələsgərli: "Bu tip məsələlərdə qanunvericilikdən daha çox mənəvi yanaşmalar üstün tutulur”


Aqil Aslan: "Cəbhədəki döyüşlər zamanı verilən hər hansı bir informasiya hərbi sirr xarakteri daşıya bilər”



Cəmiyyətin informasiyaya olan tələbatı indiki qədər aktual olmayıb. Elə bir dövrdə yaşayırıq ki, informasiya siyasəti hər bir dövlətin diqqət yetirdiyi əsas problemə çevrilib. İnformasiyalar çoxaldıqca problemlər yaranır və cəmiyyətə hansı informasiyanı vermək məsələsi gündəmə gəlir.

KİV-in əsas vəzifəsi cəmiyyətə obyektiv, qərəzsiz informasiyanı çatdırmaqla yanaşı, vətəndaşları hər cür təxribat və dezinformasiya ilə bağlı xəbərdar etmək, ictimai şüuru möhkəmləndirmək, milli mənafelərə xidmət etməkdir. Yaşadığımız dövr informasiya cəmiyyətinin bərqərar olduğu, xəbərlərin insan həyatının, eləcə də, dərinləşməkdə və genişlənməkdə olan qloballaşma prosesinin aparıcı qüvvəsi kimi çıxış etdiyi informasiya erası adlandırılır. Azərbaycanda ən çox tələbat olan aktual mövzulardan biri də cəbhə xəbərləridir.

Cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir. Ancaq çox təəssüflər ki, zaman-zaman ordunun fəaliyyəti və cəbhə xəttində baş verən proseslərlə bağlı dezinformasiyalar yayılır. Bu isə öz növbəsində cəmiyyətin düşüncəsinə təsir edir. Bunu nəzərə alan Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə yenidən müraciət edib.

Müdafiə Nazirliyinin saytından əldə etdiyimiz xəbərə görə, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslığı ilə əlaqədardır.

Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınmasını tövsiyə edir.

Jurnalistlər isə bəzi hallarda Müdafiə Nazirliyinin ləngliyindən gileylənir ki, "bizə birbaşa cavab verilmir, nazirliyin elektron ünvanına göndərilən sorğuya da çox gec cavab verirlər. Biz də məcburuq xəbəri təsdiqsiz yazaq”. Belə vəziyyətdə informasiya əldə edən jurnalist necə davranmalıdır?

"Lent.az” saytının baş direktoru Qabil Abbasoğlu informasiya siyasətinin qanunla tənzimlənməsinə tərəfdar olduğunu bildirib. Onun fikrincə, ölkəmizdə hazırda qüvvədə olan "KİV haqqında qanun” medianın fəaliyyətini optimal şəkildə tənzimləyir: "İstənilən nazirlik öz sahəsinə aid xəbərləri yayarkən media qanunvericiliyinə istinad etməlidir. Təəssüf ki, bəzi nazirliklər və dövlət idarələri məlumatları jurnalistlərdən gizlətməyə meyilli olurlar. Hesab edirəm ki, bu, doğru deyil. Onlar informasiyanı mediaya açıqlamağa tərəfdar olmalıdırlar. Təbii ki, "Dövlət sirri haqqında” qanunun yol verdiyi çərçivədə. Orduya aid məsələlərin həssas məqamlar olduğunu qəbul edirik”.

Q.Abbasoğlu bu cür informasiyalara şərhlərdə də ehtiyatla yanaşmağın vacib olduğunu vurğulayıb: "Amma dövlət strukturları informasiyanı gizlətmək üçün mövzunun və sahənin həssas olmasından sui-istifadə etməməlidirlər. Hesab edirəm ki, müraciət hər iki tərəfə şamil olunmalıdır. Necə ki, dövlət orqanları, xüsusilə Müdafiə Nazirliyi bizə müraciət edir, eyni şəkildə də biz onlara müraciət etməliyik. "Dövlət sirri haqqında” qanun olduğu kimi, "KİV haqqında qanun” da var. Bu qanuna əsasən, yayımlanması mümkün olan xəbərlər mediaya ötürülməlidir. Onları yaymaq medianın vəzifəsidir”.

"Axar.az” saytının baş redaktoru Anar Niftəliyevin fikrincə, Azərbaycan mediasının cəbhə xəbərlərinə necə yanaşması ilə bağlı artıq aydın, düşünülmüş və sistemə salınmış siyasət mövcuddur: "Xatırlayırsınızsa, iki il bundan əvvəl cəbhədə baş verən gərginlik zamanı mediamızdakı təcrübəsizlikdən dolayı ideoloqlar və informasiya texnologiyası peşəkarları tədbirlər də keçirdilər, açıqlamalar da verdilər və bu siyasətin konturlarını göstərdilər. Bir daha aydın şəkildə izah olundu ki, jurnalistlər düşmənlə üz-üzə olduqlarını heç zaman unutmasınlar. Biz müharibə şəraitindəyik və ermənilərlə hər sahədə müharibə apardığımızın fərqində olmalıyıq. Bu baxımdan erməni mediasında qəsdən, düşünülmüş surətdə ortaya atılan təxribat xarakterli informasiyaların bizdə tirajlanması əlbəttə ki, düşmənin məqsədinin reallaşmasına xidmət etməkdir. Təbii ki, həmkarlarımız bunu qəsdən etmir, yalnız xəbərçilik hissindən doğur bu yanlışlıq. Ancaq cəbhə xəbərlərində düşmənin informasiya siyasətinin qurbanı olmamaq üçün xüsusi həssaslıq göstərməyimiz vacibdir”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun qənaətincə, müasir dövrdə ön cəbhə anlayışı informasiya cəbhəsi ilə tamamlanır: "Yəni bu gün informasiya yumşaq güc kimi o qədər əhəmiyyətlidir ki, onu hərbi-siyasi gücə alternativ kimi görmək olar. Bəlkə bir qədər mübaliğəli oldu. Amma həmkarlarımızın öz məsuliyyətlərini daha dərindən dərk etmələri üçün olduqca lazımlı fikirdir”.

H.Babaoğlunun sözlərinə görə, müharibə vəziyyətində olan ölkədə informasiya xüsusi əhəmiyyət daşımalıdır: "Çünki yanlış, mənbəyi olmayan və həqiqəti özündə əks etdirməyən informasiya cəmiyyətdə fərqli əhval-ruhiyyə yarada bilər. Ona görə də hər bir ölkənin, xüsusilə də Azərbaycanın milli mətbuatı ekstremal vəziyyətdə daha məsuliyyətli olmağı bacarmalı və informasiyaya həssas yanaşmalıdır. Təəssüf ki, bəzi hallarda ayrı-ayrı mətbuat nümunələrinin timsalında bunun şahidi olmuruq. Hesab edirəm ki, klassik Azərbaycan mətbuatı bu cür hallardan kənarda durmağı bacarmalı və informasiyanı, məhz milli maraqlardan istifadə etmək üçün yazmalı, etibarlı mənbədən yararlanmağı da bacarmalıdır. Dəfələrlə xəbərdarlıqlar olsa, müraciətlər edilsə də, bəzi internet resursları eyni səhvi təkrar edirlər. Belə olduqda maraqlı bir sual yaranır. Bunu doğrudanmı biz edirik, yoxsa kimsə şüurlu şəkildə bizim informasiya məkanımıza manipulyativ informasiyalar ötürür. Məncə, hər ikisi mümkündür”.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə deyib ki, bütün dünya ölkələrində mətbuat nümayəndələrinin hərbi vəziyyətdə necə davranması ilə bağlı praktika mövcuddur. Bu məsələ ən çox qanunvericiliklə tənzimlənir. Ancaq bu tip məsələlərdə qanunvericilikdən daha çox mənəvi yanaşmalar üstün tutulur. Digər Avropa ölkələrinə nəzər yetirsək görərik ki, onların media nümayəndələri dövlətin milli maraqları kontekstindən çıxış edirlər. Hesab edirəm ki, Azərbaycan da həmin ölkələrdən nümunə götürsə, yaxşı olar. Çünki son günlər cəbhədə baş verən gərginlik zamanı ölkənin milli maraqlarından çıxış etmək xüsusi rol oynamalıdır. Digər tərəfdən 1990-cı illərdə bir neçə rayonun işğal olunmasında, yalan informasiyalarla əhalinin çaşqın düşməsində həqiqətə uyğun olmayan məlumatların yayılmasının mühüm rolu olub. Ona görə də indi də həmin acı təcrübənin yenidən yaşanmasına imkan verməməliyik. Onu da qeyd etməliyəm ki, müstəqillik qazanılan vaxtlarda Azərbaycan jurnalistləri də mərdlik nümayiş etdirib. Onlarla jurnalistlərimiz işğal olunan ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman həlak olublar. İndiki mətbuat nümayəndələri də ən azından onlardan nümunə götürməyi bacarmalıdır”.

Jurnalist Aqil Aslan da dəqiqləşdirilməyən məlumatların əsasən internet media resurslarında dərc olunduğunu deyib: "Yeni medianın üstünlükləri olduğu kimi mənfi cəhəti də var. Cəbhədəki döyüşlər zamanı verilən hər hansı bir informasiya hərbi sirr xarakteri daşıya bilər ki, bu da düşmənin bundan istifadə etməsinə səbəb ola bilər. Ona görə də hərbi xəbərləri mətbuata ötürəndə diqqətli olmaq lazımdır. Xatırladım ki, iki il öncə avqust hadisələri mətbuatın ekstremal şəraitdə işləməyə hazır olmadığını ortaya qoydu. Təbii ki, bu təkcə mətbuatın günahı deyildi. Müdafiə Nazirliyinin mətbuat xidmətinin medianı operativ məlutlandırmamasının da bu məsələdə rolu az olmadı. Nazirliyin operativsizliyi ona gətirib çıxardı ki, bəzi saytlar yalan məlumatlar yazmağa başladılar. Həqiqətən də o yazılanlar sonradan təsdiqini tapmadı. Bundan başqa, bəzi saytlarda qoşunlarımızın dislokasiyası, hərəkət marşrutu barədə məlumatlar da yayılmışdı. Bu isə o jurnalistlərin qeyri-peşəkarlığından xəbər verirdi. Hərbi sirr sayıla biləcək bu cür məlumatları yayan jurnalistlər milli maraqlardan yox, jurnalistika maraqlarından, yəni xəbərçilik maraqlarından çıxış etdilər. O zaman yadımdadır ki, bir neçə saytda cəbhədə çox sayda hərbçilərimizin şəhid olması barədə dəqiqləşdirilməmiş məlumatlar yazıldı. Mənim fikrimcə, bu cür məlumatlar ölkədə milli əhval-ruhiyyəyə də pozucu təsir göstərə bilərdi. Əlbəttə ki, burada aidiyyəti qurumun da günahı var. Əgər Müdafiə Nazirliyi ictimaiyyətə vaxtlı-vaxtında məlumat versəydi, dezinformasiyaların qarşısını almaq olardı”.

Amma aprel döyüşlərində eyni səhvlərin təkrarlanmadığına diqqət çəkən həmkarımız müəyyən qədər irəliləyiş hiss olunduğunu deyib. Nazirliyin ləngliyi ilə üzləşən jurnalistin necə davranmalı olduğuna gəldikdə isə A.Aslan hesab edir ki, jurnalistin əldə etdiyi məlumat hərbi sirr sayıla biləcək informasiya deyilsə, bu məlumatı saytda dərc etmək üçün nazirliyin mövqeyini saatlarca gözləməyə dəyməz.





Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb